525.Az

Görkəmli alim Şahlar Əsgərovun əsərlərindən ibarət sərgi təşkil edilib


 

Görkəmli alim Şahlar Əsgərovun əsərlərindən ibarət sərgi təşkil edilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli alim, əməkdar elm xadimi, professor, "Şöhrət" ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şahlar Əsgərovun 81 yaşı münasibətilə sərgi təşkil olunub.

Sərgidə alimin müəllifi olduğu "Keçid dövrünə fəlsəfi baxış" (1998), "Birliyin mayası haqq-ədalətdir" (1998), "Təhsilimiz dünən, bu gün, sabah" (2003),  "Düşüncə tərzi" (2008), "Dəyərlərin qiymətləndirilməsinin yeni meyarı" (2012), "Kamilləşən düşüncə" (2013), "Putğ k soverşenstvu" (2016), "Azərbaycanın elm və mədəniyyət xadimləri" biblioqrafiya və s. nəşrlər nümayiş etdirilir.

Xatırladaq ki, Şahlar Əsgərov 15 iyun 1941-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. 1964-1967-ci illərdə Universitetin əyani aspirantı kimi Leninqrad Sabit Cərəyan İnstitutunda görkəmli alim professor L.A.Senanın rəhbərliyi ilə fiziki elektronika sahəsində tədqiqatlar aparıb. Alimin bu istiqamətdə aldığı elmi nəticələr uzun illərdir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş şəkildə tətbiq olunur. Xüsusilə, ABŞ-ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitutu) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında alimin tədqiqatlarından istifadə edirlər. Professor 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifidir. Onun numizmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var.

 





17.06.2022    çap et  çap et