525.Az

Ukraynanın mücadiləsinin məntiqi nəticəsi olaraq Aİ-yə üzvlüyünə dəstək verilir


 

Ukraynanın mücadiləsinin məntiqi nəticəsi olaraq Aİ-yə üzvlüyünə dəstək verilir<b style="color:red"></b>

İtaliya, Fransa, Almaniya və Rumıniya liderlərinin Ukraynaya səfərini müxtəlif rakurslardan görmək olar. Birincisi, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı hücumundan sonra Rusiya prezidenti Vladimir Putinlə ən çox telefon danışığı aparan Avropa liderləri İtaliya, Fransa və Almaniya liderləri olub. Yəni bu üç ölkə Rusiya ilə Avropa arasında dialoqun qurulmasında və sülhün əldə olunmasında aparıcı mövqedə idi.

Bundan başqa, təxminən 4 aya yaxındır ki, Almaniya Ukraynaya nəinki ağır silahlar vermədi, hətta digər Avropa Birliyi (AB) ölkələrindən gələn hərbi yardımlara mane olaraq, Ukrayna ictimaiyyətinin inamını tamamilə itirdi. Federal hökumət İspaniyadan “Leopard2A4” zirehli maşınlarının və Yunanıstandan BMP-1A1 zirehli döyüş maşınlarının tədarükünü əngəlləməklə Ukrayna prezidenti Volodimir Zelenski başda olmaqla bütün siyasi dairələrin tənqidinə məruz qaldı. 

Öz növbəsində İtaliya və Fransa sülhməramlı ritorikaya baxmayaraq, Ukraynanı təkcə sözdə deyil, həm də əməldə dəstəkləyiblər. İtaliya Ukraynaya "FH-70" haubitsaları, Fransa isə "Sezar" özüyeriyən silahlarını göndərir. Hətta Ukraynaya səfəri başa çatdıqdan sonra da Emmanuel Makron "Sezar" özüyeriyən silahlarının yeni partiyasının göndəriləcəyini elan edib. 

Əslində, bu üç ölkə Ukraynanın çoxdankı beynəlxalq tərəfdaşlarıdır və onların Kiyevdə qəbulu, ilk növbədə, Ukraynanın reputasiyası üçün vacib idi. 

Öz növbəsində isə Moskva yaxşı başa düşür ki, şəxsi müstəvidə yaxınlaşma ölkə liderlərinə konkret problemlərin həllinə daha tez nail olmağa imkan verəcək. Putinin pozulan planlanlarından biri də Avropa ilə Ukraynanın münasibətlərini korlamaq idi. Lakin kollektiv səfərin formatının özü də hazırda müxtəlif hərəkət vektorlarına malik olsalar da, bu ölkələrin Almaniya timsalında olduğu kimi ümumi məxrəcə gələ biləcəyini göstərdi. 
Həm də Moskva yaxşı anlayır ki, Rumıniya liderinin bu görüşdə iştirakı təkcə şou xarakterli deyildi. Rumıniya hazırda Ukraynaya silah, sursat, maşın və avadanlıqların tədarükü üçün Polşadan sonra ikinci tranzit qovşağıdır. Ona görə də görüş zamanı maddi-texniki bazanın yaxşılaşdırılması və təchizatın artırılması barədə də danışılıb ki, bu da Moskvanı əsəbiləşdirməyə bilməz.

Bunlarla yanaşı bu gün Ukraynanın lehinə digər maraqlı addımlar da olub:

-  Avropa Komissiyası Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edib. Yekun qərar isə 23-24 iyun tarixlərində keçiriləcək sammitdə veriləcək.

- Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün bu gün Kiyevə gəlib. Hamıya məlumdur ki, cənab Conson Kiyevə heç vaxt  “əliboş” gəlmir. Xatırladaq ki, bu, Consonun tammiqyaslı müharibə başlayandan bəri Ukraynaya ikinci səfəridir.  O, apreldə Kiyevə səfər edən G7 ölkəsinin ilk lideri oldu.

- Britaniya Silahlı Qüvvələrinin rəhbəri admiral Toni Radakin bildirib ki, Rusiya Ukraynadakı müharibəni artıq “strateji uduzub”. Böyük Britaniya hərbi zabitinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Rusiyanın quru qoşunlarının dörddə birini itirib. Prezident Putin ordusunun gücünün təxminən 25%-ni kiçik bir ərazini fəth etmək üçün istifadə etdi və 50 min adam öldü və ya yaralandı.  Rusiya uğursuzluğa düçar olur. 


Bütün bu addımlar onu deməyə əsas verir ki, Avropa artıq Ukraynanı Rusiya ilə sülh sazişi bağlamağa məcbur etməkdən imtina edib. Ukraynanın Avropa dəyərləri üçün mücadiləsinin məntiqi nəticəsi olaraq da onun Aİ-yə üzvlüyünə dəstək verilir.

Ceyhun Məmmədov, 
Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi 

 





17.06.2022    çap et  çap et