Son illər dünya gündəmini təşkil edən mövzuların müzakirə olunduğu, mühüm beynəlxalq konfransların, qlobal forumların, idman və nüfuzlu mədəniyyət tədbirlərinin keçirildiyi məkana çevrilən paytaxt Bakı bu günlərdə yenə də diqqət mərkəzindədir.
Ölkəmizdə iyunun 16-da IX Qlobal Bakı Forumu öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda baş tutan Foruma 53 ölkədən 400-ə qədər nümayəndə, o cümlədən, Albaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin fəaliyyətdə olan rəhbərləri, çoxsaylı ölkələrin keçmiş dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, aparıcı ekspertlər, habelə Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının rəhbərləri qatılıblar. Bundan əlavə, Böyük Britaniya, İtaliya, Latviya və digər ölkələrin rəhbərlərinin Forumu ilə bağlı Azərbaycan Prezidentinə məktubları onun əhəmiyyətini bir daha vurğulayır.
Bu gün (iyunun 18-də) yekunlaşacaq Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən, dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılır.
Qlobal Bakı Forumunun fərqi
Qeyd etmək lazımdır ki, Qlobal Bakı Forumu bu gün dünyada böyük maraq kəsb edir və digər beynəlxalq forumlardan miqyasına, məzmununa görə ciddi şəkildə fərqlənir. Əgər Davos Forumu iqtisadi, Münhen Forumu isə sırf təhlükəsizlik məsələlərini əhatə edirsə, Bakı Qlobal Forumu siyasi, qlobal və universal xarakter daşıyır, beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələlərin müzakirəsinə açıq bir platformadır.
Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında bildirib ki, "Qlobal Bakı Forumunda aparılacaq müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Dövlət başçısı deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib.
"30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır"
Prezident İlham Əliyev üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinin zəruriliyini vurğulayaraq deyib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı üçtərəfli bəyanatın müddəlarının yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunudur. Dövlət başçısı əlavə edib ki, 30 illik işğal dövründə Ermənistan xalqı xoşbəxt deyildi: "Əksinə, onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınırdı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü".
Azərbaycan lideri Qarabağ münaqişəsinin həllinin regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün yeni imkan və fürsətlər yaratdığını söyləyib. Ölkəmizin münaqişədən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verən dövlət başçısı bildirib ki, bu müharibə ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpasına yönəlmişdi: "Bu, dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib. Dünyada belə hallara heç də çox rast gəlinmir. Biz niyə sülh istəyirik?! Çünki biz sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyirik".
Prezident ATƏT-in Minsk qrupunun 28 il ərzində heç bir nəticə əldə etmədiyini və buna görə Azərbaycanın Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmadığını deyib: "Hesab edirəm ki, hər kəs bunu anlayır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq - bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida deyil, yalnız əlvida demək olar. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır.
Bizim mövqeyimiz ondan ibarətdir ki, Minsk qrupu ilə bağlı Ermənistanda və ya digər ölkədə hər hansı fərziyyə Azərbaycanda ancaq qıcıq doğurur. Biz münaqişəni həll etdik, Minsk qrupu tərəfindən hazırlanmış və Madrid prinsipləri adlandırılan prinsiplər öz həllini tapıb və artıq biz Ermənistanla münasibətləri normallaşdırmaq, sülh sazişi imzalamaq üzərində çalışmalıyıq. Hesab edirəm ki, hər iki tərəf xoş məramla çalışsa, biz sülh sazişini bir il ərzində imzalaya bilərik. Daha sonra Qafqaza sülh gələcək".
"Azərbaycan böyük bir haba çevrilir"
Milli Məclisin deputatı Arzu Nağıyev "525"ə şərhində bildirib ki, Qlobal Bakı Forumun Azərbaycanda keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, paytaxt Bakının belə forumlara ev sahibliyi etməsi təqdirəlayiq bir haldır və dünya tərəfindən də olduqca müsbət qarşılanır.
"Əsas məqsəd məhz ondan ibarətdir ki, bu forumda tək regional məsələlərin həlli istiqamətində deyil, qlobal problemlərin həlli istiqamətində də müzakirələr aparılır. Əsas məqam ondan ibarətdir ki, artıq Azərbaycan böyük bir haba, platformaya çevrilir. Bakı Forumunda 50-dən artıq ölkədən nümayəndələrin iştirak etməsi bunu bir daha sübut edir. Burada tək bir deyil, hər bir dövlət özünün problemləri ilə bağlı təhlillər, müzakirələr aparır. Bu problemlərin həlli istiqamətində digər iştirakçılardan da, nümayəndələrdən də məhz müvafiq töhfələr alır. Ciddi məqam ondan ibarətdir ki, iştirakçılar əsasən böyük siyasəti, iqtisadiyyatı, təhlükəsizlik məsələlərini bilən mütəxəssislərdən ibarətdir. Bu problemlərin də həllindən çıxış yollarının məhz Azərbaycanda müzakirə edilməsi çox ciddi məsələdir", - deyə deputat vurğulayıb.
A.Nağıyev hesab edir ki, qlobal Foruma Bakının ev sahibliyi etməsi həm də Azərbaycana olan böyük maraqdan irəli gəlir: "Yəni postmüharibə dövründə Azərbaycan bir dövlət olaraq inkişaf prosesinin güclü şəkildə aparmaq, işğaldan azad olunmuş ərazilərin yenidən bərpası və qurulması beynəlxalq aləmdə böyük maraq kəsb edir. Başqa bir məsələ də odur ki, iştirakçıların təhlükəsizliyinə tam şəkildə zəmanət verilir. Dünyaca məşhur şəxslərin məhz bu Forumda iştirakı da mühüm əhəmiyyətə malikdir".
Deputat Prezidentin çıxışında təhlükəsizlik məsələsinin də çox önəmli olmasını vurğuladığını söyləyib.
"30 ilə yaxın müddətində ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini, eyni zamanda həmin qrupun sadəcə olaraq deklorativ bəyanatlarla yadda qaldığı da dövlət başçısı tərəfindən diqqətə çatdırıldı. Yəni bu gün artıq Azərbaycan özü Qarabağ münaqişəsini həll edib və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini hərbi yolla yerinə yetirib. Ona görə də ATƏT-in Minsk qrupuna ehtiyac duyulmur", - deyən millət vəkili Bakı Forumunun ciddi bir hab, ciddi platforma olmasına diqqət çəkib.
"Burda bütün dövlətlər özlərinin maraqlarına uyğun olaraq çıxış edirlər, eyni zamanda öz problemlərinin həllinin müzakirəsini qabardırlar. Müqayisə aparsaq, deyərdim ki, Davos Forumu əgər sırf iqtisadi məsələlərin həllində bir platformadırsa, Münhen Təhülkəsizlik konfransında təhlükəsizlikdən danışılırsa, burda ümumu problemlərin müzakirəsi, həll yollarının tapılmasından söhbət gedir. Doğrudan da Bakı Forumu ciddi bir platformaya çevrilib".
Milli Məclisin deputatı Vüqar İskəndərov isə bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarix zəfərlə yeni reallıqlar yaradıb: "İndi bizim əsas hədəfimiz o reallıqlara uyğun olaraq regionun inkişafına, həmçinin, Ermənistanın 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanatın tələblərinə əməl etməsinə nail olmaqdır. Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir. Prezident İlham Əliyevin IX Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da bununla bağlı məqamlar öz əksini tapmışdı. Cənab Prezidentin çıxışında üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinin zəruriliyi bir daha vurğulandı. O cümlədən, Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbin yerinə yetirilməsinin sülh və sabitliyin təmin olunmasının təməl sütunu olduğu, bu tələblərin icra olunmadığı təqdirdə digər məsələlərin öz həllini tapmayacağı bir daha bəyan edildi. Çıxışda Azərbaycanın sabit, dayanıqlı və inkişaf etmiş region yaratmaq istəyi, Qarabağ münaqişəsinin həllinin buna unikal imkan yaratması haqqında məqamlara toxunulması, o cümlədən, ATƏT-in Minsk Qrupu haqqında qəti fikirlər də IX Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq aləmin diqqət mərkəzində oldu".
Deputat qeyd edib ki, bu cür beynəlxalq tədbirlər Azərbaycanın öz mövqeyini dünyaya çatdırması üçün uğurlu bir platforma rolunu oynayır. O, Forumda iştirakçılığın ona beynəlxalq aləmdə göstərilən maraqdan xəbər verdiyini söyləyib: "Başqa bir tərəfdən, Forumda hazırda dünyada mövcud olan ən aktual məsələlərin fəal müzakirə olunması, problemlərdən çıxış yollarının axtarılması, Albaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin fəaliyyətdə olan rəhbərlərinin, sabiq dövlət və hökumət başçılarının, ekspertlər iştirakı tədbirə beynəlxalq aləmin xüsusi diqqətlə yanaşdığının bariz nümunəsidir. Qlobal Bakı Forumu adından da göründüyü kimi, bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olur".
PƏRVANƏ
çap et