525.Az

Ukrayna və Moldovanın Avropa Birliyinə yolu açıldı


 

Ukrayna və Moldovanın  Avropa Birliyinə yolu açıldı<b style="color:red"></b>

Fransa, Almaniya, İtaliya və Rumıniya Ukraynaya Avropa Birliyinə namizəd statusunun verilməsini dəstəkləyəcəklər. İyunun 16-da Ukraynaya səfər edən Fransa prezidenti Emmanuel Makron, Rumıniya prezidenti Klaus İohannis, Almaniya federal kansleri Olaf Şolz və İtaliyanın Baş naziri Mario Draqi Kiyevdə prezident Volodimir Zelenski ilə danışıqlar aparıblar.

Avropa Birliyini təmsil edən dörd ölkənin dövlət və hökumət başçıları birgə mətbuat konfransında bəyan ediblər ki, "Biz dördümüz də Ukraynaya dərhal namizəd statusunun verilməsini dəstəkləyirik". Eyni zamanda namizədlik statusu "yol xəritəsi" ilə müşayiət olunacaq qonşu ölkələrdəki, xüsusən də Moldovadakı vəziyyət də nəzərə alınacaq.

Ukraynaya namizəd statusunun verilməsinin əsas əleyhdarı kimi tanınan Almaniya da mövqeyini kəskin dəyişib. Almaniya kansleri Olaf Şolts bildirib ki, onun başçılıq etdiyi hökumət Ukrayna və Moldovaya namizəd ölkə statusunun verilməsinin tərəfdarıdır. Avropa İqtisadi və Sosial Komitəsi də Ukraynaya AB üzvlüyünə namizəd ölkə statusunun verilməsini dəstəkləyən qətnamə qəbul edib.

Rusiyanın Ukraynaya müdaxiləsindən öncə Avropa Birliyinə üzvlük üçün namizədlik statusunun Kiyevə yaxın 10 ildə verilməsi təsəvvür edilmirdi. Ancaq Ukraynanın Avroatlantik məkana inteqrasiyasının qarşısını almaq üçün Rusiyanın başlatdığı müharibə tamamilə əks nəticə verib. Müharibədən sonra Ukraynanın bərpası da Avropa Birliyinin himayəsi altında həyata keçiriləcək və bu, inteqrasiya prosesinə təkan verəcək.

Ukraynanın Rusiya işğalına qarşı qətiyyətli mübarizəsi Qərb dünyasının rəğbətini qazanıb. Artıq Avropa və ABŞ-da siyasətçilərin reytinqlərini müəyyən edən faktorlardan biri də Ukraynaya münasibətdir. Məsələn, Almaniyada xarici işlər naziri Annalena Berbokun reytinqi hazırda bütün liderlərdən yuxarıdır. Bunun əsas səbəbi xanım Berbokun Rusiyaya qarşı sərt mövqedə olması və Ukraynanı birmənalı dəstəkləməsidir. Kansler Olaf Şolts son zamanlar sürətlə reytinqini itirirdi. Bunun əsas səbəbi Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinlə münasibətlər saxlaması, Ukraynaya yetərli dəstək verməməsi idi. Elə vəziyyət yaranmışdı ki, Olaf Şoltsun başçılıq etdiyi koalisiyanın dağılacağı, hökumətin istefaya gedəcəyi və hətta vaxtından əvvəl parlament seçkilərinin keçirilməsinin gündəmə gələcəyi müzakirə olurdu. Əgər Ukrayna ilə münasibətlərdə irəliləyiş olmasaydı, Almaniyada hökumət böhranı qaçılmaz olacaqdı.

Ukrayna eyni zamanda Moldovanın da yolunu açıb. Fransa, Almaniya, İtaliya və Rumıniya Ukrayna ilə yanaşı, Moldovaya da Avropa Birliyinə namizəd statusunun verilməsinə tərəfdardırlar. Çox maraqlıdır ki, Gürcüstanın adı siyahıda yoxdur. Avropa Parlamenti bir neçə gün öncə qəbul etdiyi qətnamədə də Ukrayna ilə Moldovaya namizədlik statusunun verilməsinə çağırış edən qətnamə qəbul etmişdi. Gürcüstanın adı qətnaməyə daxil edilmədiyi kimi, Tbilisiyə qarşı bir sıra iradlar da qətnamədə yer almışdı. Ən ciddi məqam isə Gürcüstan hökumətinin "boz kardinal"ı kimi tanınan milyader Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq olunması təklifi də Avropa Parlamentinin qətnaməsində öz əksini tapmışdı. Bütün bunlar isə Gürcüstanda hökumətə qarşı çıxışları gücləndirib və sərtləşdirib. Artıq elə bir vəziyyət yaranıb ki, prezident Salome Zurabişvili ilə Baş nazir İrakli Qaribaşvili arasında ciddi fikir ayrılığı aydın görünür. Bir neçə il öncə Avroatlantik məkana inteqrasiya məsələsində Ukrayna və Moldovadan öndə olan Gürcüstana indi namizədlik statusunun verilməməsi gürcü cəmiyyətində hökumətə qarşı narazılığı gücləndirib. "Gürcü arzusu" hökuməti sürətlə siyasi və mənəvi legitimliyini itirir. Ukrayna və Moldovanın namizədlik statusu rəsmiləşəndən sonra Gürcüstanda ciddi siyasi hadisələr baş verəcək.

 

 

 





18.06.2022    çap et  çap et