525.Az

NATO-nun Madrid sammiti nə vəd edir? - Xaqani Cəfərli yazır


 

NATO-nun Madrid sammiti nə vəd edir? - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

İyunun 28-də İspaniyanın paytaxtı Madriddə Şimali Atlantika Alyansının üç gün davam edəcək sammiti işə başlayacaq.

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Madrid sammiti təhlükəsizlik üçün həlledici anda dönüş nöqtəsi olacaq: "Biz daha təhlükəli bir dünyada çəkindirmə və müdafiə siyasətimizi daha da gücləndirmək üçün mühüm qərarlar qəbul edəcəyik". Bu qərarların konkret nələrdən ibarət olacağı hələ məlum olmasa da, müəyyən qənaətlər mövcuddur. Sammitdə NATO-nun modernləşdirilməsi ilə bağlı qərarların qəbul ediləcəyi gözlənilir. Belə təklifin mövcudluğunu Baş katib Yens Stoltenberqin açıqlamasından da görmək olar. Qərb mətbuatında yer alan məlumatlardan belə qənaət yaranır ki, NATO-da qərarlarının qəbul edilməsi qaydası dəyişə bilər. Şərhçilər bildirirlər ki, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə veto qoymasından sonra Alyansda qərarların qəbulu qaydasının dəyişdirilməsi Brüssel üçün daha çox əhəmiyyət kəsb etməyə başlayıb. ABŞ-ın aparıcı mətbuat orqanlarının mövzu ilə bağlı ardıcıl yazılarının təhlili göstərir ki, Vaşinqton da Alyansda qərarların qəbulu qaydasının dəyişməsində maraqlıdır. Təklif olunan variant isə NATO-da qərarların yekdilliklə qəbul edilməsinin sadə səs çoxluğu ilə dəyişdirilməsindən ibarətdir. Vaşinqton və Brüsseldə belə hesab edirlər ki, qərarların sadə səs çoxluğu ilə qəbulu Alyansın daha çevik mexanizmə çevrilməsinə imkan yaradacaq.

Baş katib Yens Stoltenberq Madrid sammitində Alyansın müdafiə xərclərinin artırılması ilə bağlı qərar qəbul ediləcəyini də açıqlayıb. Bu açıqlama isə sürpriz deyil. Çünki NATO Şərqi Avropa ölkələrində qoşunlarının sayını artırmaq və onların müdafiə sxemlərini dəyişmək niyyətindədir. "Soyuq müharibə"nin bitməsindən və Sovet İttifaqının dağılmasından sonra ilk dəfədir ki, NATO Şərq cinahında əlavə qüvvə və texnika yerləşdirəcək. Bu addımla Alyans üzv ölkələrin və ayrı-ayrı müttəfiqlərinin müdafiəsini gücləndirmək niyyətindədir. NATO-nun hərbi komandanlığı hesab edir ki, bununla Alyans təhlükəyə qarşı daha sürətli və güclü reaksiya vermək imkanı qazanacaq. Ehtimal edilir ki, NATO Şərqi Avropa ölkələrinin hər birində öz qoşunlarının sayını batalyondan briqada səviyyəsinə qədər artırmağı planlaşdırır. NATO-nun standartlarına görə, bir batalyonda, adətən, 300 nəfərdən 1000 nəfərə qədər hərbçi olur. Briqadalarda isə hərbçilərin sayı üç min nəfərdən az olmur. Bütün bunlar isə müdafiə xərclərinin artırılmasını tələb edir.

NATO-nun Madrid sammitində Alyansın genişlənməsi ilə bağlı qərarların da alınması gözlənilir. Baş katib Yens Stoltenberq bildirib ki, Alyans üzvləri İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün tarixi müraciətini müzakirə etmək və qərar qəbul etmək niyyətindədir. Türkiyənin bu iki ölkənin üzvlüyünə qarşı çıxdığı bir zamanda onların üzvlüyə necə alınacağı tam aydın deyil. Əgər qərarların qəbul qaydasını sammitin ilk günü dəyişdirmək mümkün olsa, sonrakı günlərdə İsveç və Finlandiyanın Alyansa üzvlüyü məsələsi Türkiyənin etirazlarına baxmayaraq reallaşacaq.

Madrid sammitinin önəmli məsələlərindən biri də heç şübhəsiz ki, Ukraynaya silah dəstəyinin verilməsinin yeni mərhələyə keçirilməsi olacaq. Baş katib Yens Stoltenberq bildirib ki, rəhbərlik etdiyi Alyans Ukraynanı silahla təmin etməyə davam edəcək. Şərhçilər hesab edirlər ki, Madrid sammitində Ukraynanın Qərbin müasir silahları ilə təmin edilməsi haqqında qərar verilə bilər. Stoltenberq də bildirib ki, yeni hərbi dəstək paketi Ukrayna ordusuna Sovet dövründən qalma artilleriyadan daha müasir silahlara keçməyə kömək edəcək. Bu, eyni zamanda Ukrayna ordusunun modernləşmə, NATO standartlarına keçidini də təmin edəcək. Baş katib Yens Stoltenberq Ukrayna prezidenti Volodimir Zelenskini Madrid sammitində iştiraka dəvət edib. Ukrayna prezidenti ilə yanaşı, Alyansa üzv olmayan bir neçə ölkənin dövlət və hökumət başçısının da sammitdə qonaq qismində iştirak edəcəyi gözlənir. Məsələn, Cənubi Koreya prezidenti Yun Sok Yeolun NATO-nun Madrid sammitində iştirak edəcəyi artıq dəqiqləşib. Ötən ay Cənubi Koreyanın prezidenti seçilmiş Yun Sok Yeol sammitdə iştirakını NATO üzvləri ilə əməkdaşlığı gücləndirmək üçün bir fürsət hesab edir. Çox maraqlıdır ki, bu, Yun Sok Yeolun prezident seçildikdən sonra ilk xarici səfəri olacaq. Əgər NATO-nun transformasiyası gerçəkləşsə, Cənubi Koreyanın Alyansa üzvlüyü də gündəmə gələ bilər. Bu, İsrailin də Alyansa üzvlüyünün yolunu açar.

NATO-nun Madrid sammitinin ən əsas qərarı Rusiya ilə bağlı ola bilər. Ukraynaya hərbi dəstək üzrə qrupun Brüsseldə ilk, ümumilikdə isə üçüncü toplantısından yayılan məlumatlarda da bəzi ölkələrin Rusiyada sabitliyin pozulacağından qorxduqları qeyd edilirdi. Bu məsələ ilə bağlı suallara da NATO-nun Madrid sammitində aydınlıq gətiriləcəyi gözlənilir. Heç şübhəsiz ki, Rusiyanın gələcəyi ilə bağlı qərarların alınacağı ən önəmli platforma Şimali Atlantika Alyansıdır.

Bütün bunlar Madrid sammitinin NATO-nun tarixində dönüş mərhələsi olacağını ehtimal etməyə əsas verir. Ötən ilin dekabrında NATO-ya qarşı tələb irəli sürərək Alyansın hərbi infrastrukturunu 1997-ci il sərhədlərinə çəkməsini tələb edən Rusiya tamamilə əks nəticə ilə üzləşib. NATO Rusiyanın sərhədlərinə doğru genişlənməkdə və qüvvələrini artırmaqda davam edəcək.

 

 





19.06.2022    çap et  çap et