525.Az

Pera Muzeyi, "Tısbağa tərbiyəçisi" və bir cinayətin sonu... - Türkan Turan yazır


 

Pera Muzeyi, "Tısbağa tərbiyəçisi" və bir cinayətin sonu... - <b style="color:red"> Türkan Turan yazır </b>

Pera Muzeyinin üçüncü mərtəbəsinə qalxanda onlarla tablonun arasından keçərək onun qarşısında xeyli dayandım. Açığı, maddi dəyərinin üç milyon dollardan artıq olduğunu bilmirdim. Müəllifinin kimliyi, hekayəsinin nə olduğu haqqında heç bir məlumatım yox idi. Məni maqnit kimi qarşısında dayanmağa vadar edən əzəməti, baxdıqca ağla gətirdiyi min məna idi!

Məncə, başdan başlayaq.

Təqvimlər 1959-cu ili göstərərkən Şişlidəki bir köşkün qapıları polislər tərəfindən möhürlənir. Evin o dönəmin məşhur milyonçularından olan Saim Birkökə aid olduğu məlum olur. Birkök heç vaxt evlənməmişdi. Əsgərlik dostunun onun adını qoyduğu oğlunu övladlığa götürmüşdü. Milyonçu balaca Saimi mükəmməl şəkildə yetişdirməyə çalışırdı. Hətta təhsil almağı üçün İsveçrəyə göndərmişdi. Bütün sərvətini onun adına keçirməyi düşünürdü. Ancaq oğlan arzuladığı kimi olmur. Hətta başı bəladan qurtulmayan bir qumarbaza çevrilir. Bir gün aralarında mübahisə baş verir, Birkök 45 yaşlı mənəvi oğlu Saim Gökoğlunu öldürür. Bu hadisə zamanı Saim Birkök 76 yaşında olur.

1960-cı ilin ilk aylarında professor Mustafa Cezar bir araşdırma əsnasında Şişlidəki möhürlü bir evdə sənət dəyəri ilə bərabər, tarixi dəyərinin də yüksək olduğu 40 tablo olduğunu öyrənir. Köşkün sahibinin isə rəsm aşiqi, sənət dostu, milyonçu Saim Birkök olduğu müəyyənləşir. Ancaq törətdiyi cinayətə görə Sultanəhməd həbsxanasında yatır. Professor tabloların şəklini çəkmək üçün köşkün sahibindən icazə almaq məcburiyyətində qalır. Birkökü həbsxanada ziyarətə gedir və icazə alır. Möhürlər hakim müşayiəti ilə açılır. İşıqlar yandırılanda toz-torpağın arasında möhtəşəm xəzinə görünür. Başda "Tısbağa tərbiyəçisi" olmaqla, ümumilikdə 40 tablo gün üzünə çıxarılır. Tabloların fotoları çəkilir, qapı yenidən möhürlənir. Professor çəkdiyi fotoları kitabında çap etdirir. Beləliklə, "Tısbağa tərbiyəçisi" ilk dəfə bütün əsrarəngizliyi ilə gözlər önünə sərilir.

1961-ci ildə həbsxanada olan Saim Birkökə xərçəng diaqnozu qoyulduğu üçün azad edilir. Üstündən bir il keçdikdən sonra vəfat edir. Ardınca böyük bir miras qovğası başlayır. Tablolar, ailə arasındakı qarmaqarışıqlıq səbəbindən Rəsm Heykəl Muzeyinə təhvil verilir. "Tısbağa tərbiyəçisi" 20 il sonra İqtisad Bankının sahibi Erol Aksoy tərəfindən satın alınır. 2004-cü ildə iflas edən Aksoyun bütün mal varlığına əl qoyulur. Tablo yenidən açıq satışa çıxarılır. İstanbul Modern Muzeyi ilə Pera Muzeyi arasındakı qızğın rəqabətdən sonra əsər 2004-cü ildə Türk rəsm sənəti tarixində ən yüksək qiymətə, 3,5 milyon dollara satılır. Suna və İnan Kıraç Vakfı Pera Muzeyində sərgilənməsi üçün alır. Bu hadisələrdən sonra "Tısbağa tərbiyəçisi" müəllifindən daha məşhur bir əsər olaraq tarixə keçir.

Müəllifi Osman Hamdi bəydir. Osmanlı dövləti adından xaricdə təhsil alan ilk dörd tələbədən biri olub. Əsl ixtisası hüquqşünas olmağına baxmayaraq, fikri həmişə incəsənətdə idi. Parisdən döndükdən sonra II Əbdülhəmid Osman Hamdi bəyi Sənayeyi-Nəfisə Məktəbinə rəhbər təyin edir və ilk Osmanlı Təsviri Sənət Məktəbi açılır.

Osman Hamdi Bəy ilk türk arxeoloqudur. Həmçinin, Sidon sarkofaqını tapıb İstanbula gətirən şəxsdir. İstanbul arxeoloji muzeyinin qurucusu və ilk muzey rəhbəri olub. Bundan əlavə, Gözəl Sənətlər Akademiyasının qurucusudur. Bütün bunları sənətə qiymət verilməyən, əksinə, qarşısında maneələr yaradılan, cəhalətin daha kəskin olduğu bir zamanda edib. Həmişə gördüyü işlər bürokratlar tərəfindən əngələnib və cəmiyyətdən heç bir dəstək görməyib. Tablonun da bu maneələr, xalqdan gördüyü laqeydlik nəticəsində ortaya çıxdığı düşünülür.

Digər iddiaya görə, Osman Hamdi bəy özünü dərviş və işlədiyi insanları tısbağa kimi görür. Həmişə onlara öyrətməyə çalışır, lakin həmin şəxslərin ləngliyi onları tısbağaya çevirir. Hətta onun həmkarlarını tənqid etdiyi də irəli sürülən fikirlər arasındadır.

Başqa bir versiyaya görə, dərviş rəssamın özüdür, tısbağa rolundakılar isə xalqdır. Xalqa sənəti öyrətməyə çalışan dərviş və bu tərəqqiyə müqavimət göstərən insanlar "Tısbağa tərbiyəçisi"ndə təsvir edilir. Cəmiyyəti incəsənət və mədəniyyət ilə maarifləndirmək Osman Hamdi bəyin çox istədiyi və bunun üçün dəridən-qabıqdan çıxdığı məsələ idi, ancaq buna nail ola bilmirdi. Cəhalət imkan vermirdi.

Bir qrup sənət həvəskarının fikrinə görə, Osman Hamdi bəyin hazırladığı bu rəsm orijinal deyil. Guya əsər ərsəyə gəlmədən 37 il əvvəl Osman Hamdi Bəy Bağdadda olan zaman babasına yazdığı məktubda təsadüfən əlinə keçən "Le Tour de Monde" jurnalının bir nüsxəsini maraqla oxuduğunu söyləyir. Jurnalda isveçrəli diplomat Aime Humbert Yaponiya təəssüratlarından və əslən koreyalı olan tısbağa tərbiyəçisindən söz açır. Məqalədə tərbiyəçinin tısbağaları musiqi çalmaqla sıraya düzməsi və bir yerə toplaması təsvir olunur. Yazıya bu mənzərəni əks etdirən qravüra da əlavə olunur. Ehtimal olunur ki, həmin məqalə və şəkil Osman bəyi bu fövqəladə əsəri yaratmağa ilhamlandırıb.

Əsərdə yerdə kahı yeyən tısbağaları seyr edən şəxs təsvir olunub. Həmin yerin Bursadakı Yaşıl Məscidin üst qatında yerləşən otaqlardan biri olduğu deyilir. Bu, pəncərə üzərindəki naxışlardan və yazıdan məlum olur. Bir çox əsərində olduğu kimi, müəllif burada da fiqur olaraq özünü çəkib. Rəsmdəki şəxsin kürəyində kiçik nağara və onu döyəcləyən xüsusi alət görsənir. Musiqi alətlərindən istifadə edərək tısbağaları tərbiyə etmək istəyi, həddən artıq yorulduğu diqqət çəkir. Neyi tutmaq tərzindən isə bəlli olur ki, dərviş, artıq bu fikrə dair dərin ümidsizlik içindədir, hətta tısbağaların tərbiyə olunacağından əlini üzüb.

Osman Hamdi bəy eyni tablodan iki dənə çəkib. Rəsmin ikinci versiyasında gözə çarpacaq fərqlər olsa da, mahiyyət etibari ilə eyni məna daşıyırlar. Fərqlər tısbağaların sayında, pəncərə önündə duran vazada, eləcə də divarda asılmış Allah və Məhəmməd yazılı tabloda özünü göstərir.

"Tısbağa tərbiyəçisi" Şərq toplumuna ayna tutan, hər dövrdə bənzər halların müşahidə edildiyi, ümidlə ümidsizlik arasındakı o uc nöqtədir. Bu əsər bir daha sübut edir ki, "dərvişlər" gəlir, gedir, "tısbağalar" isə əbədidir: nə dəyişirlər, nə də sürətlənirlər.

 

 

 

 





19.06.2022    çap et  çap et