525.Az

Qaramuraddan Turana yayılan poetik nəfəs


 

DƏYƏRLİ ŞAİRİMİZ SAHİB CAMALIN ÖZÜ VƏ SÖZÜ HAQQINDA QEYDLƏR

Qaramuraddan Turana yayılan poetik nəfəs<b style="color:red"></b>

1977-ci ilin ilıq bir payız günü idi. Mən Gəncə Dövlət Pedaqoji Universitetinin (o zamankı H.Zərdabi adına KDPİ-nin) Filologiya fakültəsinin II kursunda oxuyurdum. İnstitutda "Pöhrə" adlı ədəbi dərnək fəaliyyət göstərirdi. Mən də həmin dərnəyin üzvü idim. Dərnəyə I kurs tələbəsi Sahib Camal da təşrif gətirmişdi. Orta boylu, xoş simalı, utancaq, təvazökar bir gənc idi. Dərnəyə təzəcə üzv olmuşdu. Bir neçə şeirini oxudu. Hamının xoşu gəldi. Oxuduğu şeirlərdən biri indi də yadımdadır. Məhəbbət mövzusunda qələmə alınmış poeziya nümunəsi belə başlayırdı:

 

Həsrətə sinəmdə yanar köz dedim,

Yazıq ürəyimə daha döz dedim,

Sənə könül açdım, sənə söz dedim,

Özüm də bilmədən batdım günaha,

Mən səni sevmirəm, sevmirəm daha.

 

Beş bənddən ibarət bu şeiri institut tələbələrinin çoxu əzbərləmişdi. Sahiblə o gün tanış olduq. İstedadlı bir gənc olduğunu gördüm. Tanışlığımız çox keçmədən dostluğa çevrildi. İndi onunla dostluğumuzun yaşı 45 ilə çatır. Doğrudur, Sahib müəllimin yaşı indi 64-ü haqlayıb. Ancaq nədənsə o, mənim nəzərimdə tələbəlik illərində gördüyüm təvazökar, utancaq gənc kimi qalıb.

Sahib müəllim zahirən sakitdir, çox danışmağı da sevmir. Ancaq əsl təlatüm onun daxili aləmindədir. Onunla yaxından tanış olduqda qaynar, təlatümlü, coşub-daşan təbiətə malik bir insan olduğunu görürsən. Bəzən bir insan, bir vətəndaş, bir istedad sahibi, türk qanlı bir şəxsiyyət kimi onun daxili çılğınlığı öz məcrasına sığmır, bu məcranı aşıb-daşan coşqun bir nəhrə çevrilir. Qarşımızda həqiqətə, vətənə, xalqa, sevgiyə, gözəlliyə, həyata, insanlığa təşnə bir şair-vətəndaş canlanır. Şeirə, bəndlərə, misralara çevrilən də elə Sahib müəllimin bu şair-vətəndaş təşnəliyidir, batini həqiqətidir. İnsan, vətəndaş və şair "mən"idir. Ona görə də onun hər bir şeiri bir qəlb çırpıntısının, həqiqət yanğısının, vətən eşqinin, həqiqi aşiqliyin, xalq sevgisinin, hürriyyət düşüncəsinin bəyanı, harayı kimi ortalığa çıxır.

S.Camal hay-küysüz, sakit, lakin mənalı bir ömür yaşayıb. O, özünü reklam etməyi, gözə soxmağı, şöhrət dalınca qaçmağı sevmir. Sadəcə öz işini görür. Onun reklamsız ömür dünyasını, həyat amalını çox dürüst şəkildə ifadə edən bir şeiri də vardır. Bu şeiri o, 50 yaşının tamamında yazıb:

 

Bir kəlmə söylədib dindirəni yox,

Alışan qəlbini söndürəni yox,

Quruca bir təbrik göndərəni yox

,Bir şair çatıbdı əlli yaşına.

 

Sahib müəllim Azərbaycanımızın gözəl bir parçası olan Gədəbəy rayonunun Qaramurad kəndində dünyaya göz açıb. Onun üçün vətən anlayışı da elə bu doğma kənddən başlayır:

 

Bu mənəm, həmin Sahibəm,

Salam, Qaramurad kəndi.

Atan olsam, olarsanmı

Balam Qaramurad kəndi?

 

Gül-çiçəkdən, bağdan elim,

Daş-qayadan, dağdan elim,

Ağban yurdum, ağban elim,

Qalam, Qaramurad kəndi.

 

Ancaq məkani anlamda çıxış nöqtəsi Qaramuraddan başlayan Vətən şair üçün getdikcə böyüyür, sərhədləri Həmədandan Dərbəndə, Göyçədən, Borçalıdan Xəzər dənizinə qədər olan bir məkana, böyük Azərbaycana çevrilir. O, bu məkanda olan hər daşa, ağaca, qayaya, çaya, bulağa, bir sözlə, hər nə varsa, ona Vətən kimi baxır. Ancaq Azərbaycan şairin birinci vətənidir. Onun ikinci vətəni də vardır. Bu, böyük Turan coğrafiyasıdır. Onun şərq hüdudları Altaylardan başlayıb qərb hüdudları Balkanlara qədər geniş bir coğrafiyanı əhatə edir. Ümumiyyətlə, sənətkarın Vətən anlayışında birinci vətənlə ikinci vətən qovuşmuş şəkildədir və biri digərini tamamlayır. Şair hər iki vətənin sevdalısı, məftunudur. Və həm də onun dünyasında vətənə mücərrəd baxış yanlış bir amal kimi dərk edilir. Quru bir adla vətəni sevmək, "vətən, vətən" - deyə quru hay-küy salmaq vətənsizlikdir. Vətən və yurd idealından məhrumluqdur. Şairə görə vətənpərvərlik qəlb yanğısı ilə müşayiət olunan ilahi bir duyğu, əməllə təsdiq olunan müqəddəs bir həqiqətdir:

 

Böyük Turanın içində,

Vətən quru bir ad deyil.

Təkcə Şınıx, ya Gədəbəy,

Nə də Qaramurad deyil.

 

Şairə görə Kərkükdə yanan bir kənd də, Təbrizdəki bir qocanın nisgili də, Dərbənddəki "ruslaşdırma" siyasəti də, yağı tapdağına çevrilmiş Göyçə də vətən harayından, yurd dərdindən xəbər verir. Müəllif vətənpərvərlik amalını bu idealla, bu məfkurə ilə oxucuya təqdim edir. Həm də bu təqdimatın arxasında, siqlətində dəruni bir təlqin, çağırış, həyəcan, üsyankarlıq vardır:

 

Odu, yanır bir kənd, odu,

Sinəmdədir bir bənd odu...

Kərkük, Təbriz, Dərbənd odu,

Mən yandığım bir od deyil!

 

Sahib müəllimin vətən sevdasında Türkiyənin də ayrıca yeri vardır. Çünki Tükiyə türk qanı daşıyan hər kəsin, bütün türk dünyasının qibləsi, ümidgahıdır. Canlı orqanizmə bənzər türk aləminin başı timsalındadır. O, hamıya, hər kəsə, hər bir türk qanı daşıyan bəşər övladına gərəkdir. Hər kəs öz yurdunun bayrağı kimi Türkiyənin bayrağını da ürəyinin başında gəzdirməlidir:

 

Yumşağımın, kövrəyimin,

Hər anımda gərəyimin,

Bayrağını ürəyimin

Sanc başına, sanc, Türkiyə!

 

Tanrının yaratdığı bir bəşər övladı, istedad verdiyi bir şair, yerini-yurdunu, taleyini Azərbaycan torpağı ilə bağladığı bir vətəndaş kimi S.Camal azadlıq təşnəsi, hürriyyət aşiqidir. Bir insan, bir şair, bir vətəndaş kimi azadlıq onun üçün hər şeydir: bəxtiyarlıqdır, gözəllikdir, insanlıqdır, ucalıqdır, tale uğurudur, şərəfdir, qüdsiyyətdir. Köləlik isə rəzalətdir, zillət və bədbəxtlikdir. Həm də azadlıq şairin həyat, ömür fəlsəfəsində yalnız fərdin, şəxsi bir insanın hürr yaşayışı kimi dərk edilmir. O, geniş məfhumdur. Miqyası da, ölçüsü də, çalarları da, fəlsəfəsi də geniş və çoxrənglidir. Bunlar fərdin azadlığından başlayıb vətənin, xalqın, toplumun azadlğına qədər uzanır. Həm cismani, həm mənəvi, həm ruhani keyfiyyətləri, həm də söz, fikir və düşüncə azadlığını əhatə edir. Şairin azadlıq yanğısı da bu çoxsaylı, çoxlaylı səbəblərdən doğur. Qəlbin, ruhun və sözün istəyinə çevrilir. Bədii ifadənin özündə, sözlərin seçimində və düzümündə də bu yanğı bir hayqırtıya, nidaya çevrilir:

 

Yan bir az, ocaqlaş, ocaqlaş!

Çıx dibdən, bucaqlaş, bucaqlaş!

Dur, mənlə qucaqlaş, qucaqlaş!

Azadlıq! Azadlıq! Azadlıq!

İçində, çölündə ölümüm!

Dirində, ölündə ölümüm,

Gəzirsən əlində ölümüm,

Azadlıq! Azadlıq! Azadlıq!

 

Sahib dərd, kədər şairidir. Onun qəmi dünyanın, yaşadığımız həyatın özünün təbiətindən, əzab yükündən, xeyirlə müxalifətindən, şərə rəvac verən siqlətindən doğan, nəhs gedişindən doğan qəmdir. Bu qəmin ölçüsü, miqyası da böyükdür. S.Camal da bir şair və bir insan kimi bir ömürdür ki, dərd yükü daşıyır, kədər yolçuluğu edir. O, suyu, çörəyi, havası, bir sözlə, mayası əzabdan, ağrıdan, nisgildən yoğrulmuş dünyanın dərd müsafiri kimi dünyayla ömürlük müxalifətdədir. Ancaq şair bir dərd şairi olmaqdan da bezmir, usanmır. Əksinə, dərdini sevir, ona maildir, onunla həmdərddir. Dərdinə, qəminə bağlı şairdir. Sahibin dərdə münasibətdə həyat fəlsəfəsi belədir: Əgər dünyanın dərdinə şairlər də sahib çıxmasa, bu dərdi kim daşıyacaq, onun cəfakeşi kim olacaq? Onun dərdini sevməsi də bu səbəblərlə bağlıdır. Həm dərd, həm də onun sevgi yükü Sahib özünü dərk etməyə başlayandan ömrünün sonuna qədər onunla aşinalıq missiyasındadır:

 

Yaralarım görünməyən bir əllə

Sarınandan mən dərdimi sevirəm.

Ayaqüstü sevinc gəlib dərdimə,

Yaranandan mən dərdimi sevirəm.

 

Sahib məhsuldar bir yaradıcılıq ömrü yaşayıb. Onun indiyə qədər ona yaxın şeir kitabı işıq üzü görüb. Yalnız 2021-ci ildə onun üç sanballı şeir kitabı işıq üzü görüb. Həmin kitablar bunlardır: "Mən dərdimi sevirəm", "Qaldır kirpiyini, gözünü görüm", "Qaçaq Şamil". Əvvəlki iki kitaba müəllifin son illərdə yazdığı lirik şeirləri toplanıb. "Qaçaq Şamil" isə iri həcmli poemadır. Epik planda qələmə alınmış bu əsəri mənzum roman da adlandırmaq mümkündür. Burada igid, qorxmaz bir Azərbaycan övladı olan qaçaq Şamilin ömür yolundan, qaçaqçılıq həyatından danışılır. Onun tale yolu cəngavər, mərd bir Azərbaycan övladının ömür salnaməsi kimi təqdir edilir.

S.Camalın yaradıcılığında diqqəti cəlb edən bir cəhət də onun xalq şeirinə bağlılığıdır. Bu məziyyət onun poeziyasının həm janr çeşidində, həm ruhunda, həm də dil-üslub xüsusiyyətlərində özünü aydın şəkildə büruzə verir. Onun şeir dili duru, saf, şirin və axarlıdır. Aşağıdakı nümunədə olduğu kimi:

 

Çöl qabanı, dağ keçisi dirildi,

Cüyürlərin göy küçəsi dirildi,

Gör səsinə, gör neçəsi dirildi,

Olan oldu, ölən öldü səsinə.

 

Sahib müəllimə yeni-yeni yaradıcılıq uğurları arzu edirəm. Qədirbilən Azərbaycan oxucusu isə S.Camaldan yeni-yeni şeirlər gözləyir.

 





19.06.2022    çap et  çap et