525.Az

Dul qadının tənhalığı - Telman Orucov yazır


 

Dul qadının tənhalığı - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə saylarımızda)

 Avropa tarixində ilk dəfə 1649-cu ildə İngiltərə kralı I Karlın boynu vurulmuş və Azad İngiltərə Respublikasının yarandığı elan edilmişdi. İnqilab çox sayda iğtişaşlarla müşayiət olunmuş, İrlandiyada görünməmiş qırğınlar törətmişdi.

1789-cu il Fransa inqilabından dörd il sonra kral XVI Lui və doqquz aylıq fasilə ilə onun arvadı Mariya-Antuanetta gilyotina edilmişdi. İnqilab təkcə taxt-tac sahibini məhv etməklə kifayətlənməyib, çox sayda qətllərə əl atmış, hətta eybəcərliyə yol verərək, yalnız sağ qalmaq üçün ölkəni tərk etmiş mühacirləri də reallığa məhəl qoymayaraq, ölmüş saymışdı.

İnqilab əgər yad hökmranlığa qarşı mübarizədən, məsələn, İngiltərənin müstəmləkəsi olan 13 Amerika koloniyasında aparılan kimi getmirsə, burada da öz müstəqilliyini elan etmiş Birləşmiş Ştatların, müstəmləkələrini qoruyub saxlamağa çalışan Böyük Brianiya ilə uzun illər ərzində müharibəsi getmişdi,  heç vaxt böhrandan çıxış yolu xidmətini göstərmir, əksinə, bu böhranın daha da dərinləşməsinə səbəb olur. Ona görə də  humanizmin xidmətində olan bütün vasitələrlə inqilabın qarşısını almaq lazımdır. Tarix əyani şəkildə göstərir ki, heç bir inqilab, onun ölkənin məhsuldar qüvvələrinə, birinci növbədə insan potensialına vurduğu ziyana dəymir.

Təkamül isə inkişafın daha rahat yolu olmaqla, qan tökülməsinə, ölkənin məhsuldar qüvvələrinə ağır zərbə vurulmasına, cəmiyyətin, dəhşət bəxş edən vətəndaş müharibəsinə cəlb olunmasına yol vermir. Təkamül elmin, incəsənətin inkişafına geniş yol açır, tərəqqi naminə hansısa təzyiqə, zorakılığa əl atmır. Bir sözlə, inqilaba xas olan xüsusiyyətlər adı altındakı vəhşiliklərə təkamül vaxtı yol verilmir. Təkamül bizi həm də geniş həzlər spektri ilə idarə edir. O, bizi sakitlik və xoşbəxtlik hissi ilə şirnikləndirir, bəzi hallarda isə bizi başgicəlləndirici sevinc və həyəcan hissi ilə həvəsləndirir. Lakin bu o demək deyildir ki, təkamül cəmiyyət üçün tam çiçəklənmə şəraiti yaradır, bu prosesdə də böhransız, çətinliklərsiz ötüşmək mümkün olmur. I Dünya müharibəsindən sonra baş verən "İspanka" qripi 50 milyon insanın ölümü ilə nəticələnmişdi, müharibənin birbaşa qurbanları isə beş dəfə az idi. 1929-cu ildə başlanan Böyük Depressiya müharibənin iqtisadiyyata vurduğu dağıntının nəticəsi olmaqla yanaşı, onun yaratdığı aclığı, işsizliyi və ehtiyacı daha da gücləndirmişdi. Az qala bir əsr sonra baş verən, 2019-cu ildən yayılmağa başlayan koronavirus iki ildən artıq bir müddətdə davam etməklə, planeti lərzəyə salmaqda, bəşər zəmisindən çoxlu qurbanlar biçməkdə davam edir.

Təkamülün, inqilab kimi daha açıq şəkildə olmasa da, özünəməxsus, çox hallarda diqqətdən yayınan qüsurları da vardır. Bu qüsurlar cəmiyyətlərin inkişafına mənfi təsir göstərir. Əhali arasında təbəqələşmə güclənir, bir ovuc varlı adamların əlində böyük var-dövlət cəmləndiyi halda, əksəriyyət ehtiyac girdabına sürüklənir, onun gələcəyə olan ümidləri reallığın təsiri ilə yoxa çıxmağa başlayır.

Həyatda təkamül öz fəlsəfəsinə uyğun olaraq fərdi əzablara və ya sevinclərə məhəl qoymadan növlərin ancaq sağ qalmasını və artıb çoxalmasını nəzərdə tutur. Bəşər tarixində heyvanların evdə saxlanmasına keçilməsi də sərt qaydalara və təcrübəyə əsaslanırdı, zaman keçdikcə bu, daha artıq rəhmsiz oldu. Ot yeyən heyvanların əhilləşdirilməsi və yabanı ərzaq bitkilərinin mədəniləşdirilməsi aqrar inqilabi xarakteri daşımaqla, insanların qida təminatının əsaslı qaydada yaxşılaşmasında mühüm rol oynadı. Dövlət yarandıqda cəmiyyət siniflərə bölündü. Qoyun sürüsü çobana tam tabe olduğundan, çarlar və keşişlər özlərini çoban adlandırırdılar və xalqa qayğılarını çobanın öz sürüsünə olan münasibətinə bərabərləşdirirdilər. Ərəb dilindəki "rəiyyət" sözü də "otarılan" mənasını verir. Sosiumun belə bölgüsü də təkamülün özünəməxsus uğuru hesab olunurdu.

Tarixdə birbaşa qan tökməkdən uzaq olması ilə seçilməklə, mövcud olmuş üç inqilabdan - idrak, aqrar və elmi inqilablardan ikincisi həm də ən ziddiyyətlisi hesab olunur. Kənd təsərrüfatı ukladına keçid olduqca ağır və mürəkkəb xarakterli olmuşdu. Yaxın Şərqdə suvarma əkinçilyi tətbiq edilmişdi. Quraqlıq bir neçə il davam etdikdə imperiyanın məhvinə səbəb olmuş, Mərkəzi Amerikada mayyaların qüdrətli dövləti süqut etmişdi. Çayların daşması da quraqlıq kimi məhvedici təsir göstərirdi.

Əlbəttə, ərzaqın izafi miqdarda olması tərəqqinin yanacağı rolunu oynayırdı, həm də bunun hesabına siyasət, incəsənət və fəlsəfə meydana gəlmişdi. Bütövlükdə isə bioloji təkamül ilbizdən heç də sürətli hərəkət etmirdi. Ümumiyyətlə, təkamülü heç də oxşarlıq deyil, fərqlilik hərəkət etdirir. Hər bir adamın genetik kodu digərlərininkindən fərqlənir, hər bir uşaq da müxtəlif mühitdə böyüyür. Biologiyada hüquq anlayışı da yoxdur. Azadlığın özü də bioloji fenomen olmayıb, siyasi idealdır. İnsanda, başqa heyvanlarda olduğu kimi ayrılmaz hüquqlar yoxdur. Hakimiyyət -  ordunun, polisin, məhkəmənin, dustaqxanaların - bunlar əsas vasitələr komplektidir, köməyi ilə insanları məcbur edir ki, xəyali qaydanı qəbul etməklə, ona əməl etsin.

Başlanğıcdan məqalə Ruhiyyəni çox cəlb etdi, müəllif maraqlı fikirlər irəli sürürdü, ümumi nəticələrə gəlməyə can atmaqla yanaşı, dövrün, zamanın aktual problemlərindən yan keçməməyə də çalışırdı. Yaxşı haldır ki, elmi ideyalar kiçik naxış şəklində verilsə də, mahiyyətə xələl gətirmədən yazının vəzninin artmasına kömək edirdi. Çoxdandı ki, o, milli mətbuatda belə məzmunlu tədqiqat cəhdinə rast gəlməmişdi və bu, onun oxucu marağını daha da artırdı. Məqalənin davamı onun rəyini nəinki dəyişdirmədi, əksinə, daha da möhkəmləndirdi.

Təkamül ardı kəsilməyən dəyişikliklər dövrüdür, bəşəriyyət bütün tarixi boyu əsasən inkişaf prosesi ilə yanaşı, büdrəmələrə də məruz qalmış, meyvə və kök yığanlar, dəniz ovu edənlər kimi ibtidai insanlardan müasir sosiumun üzvlərinə  çevrilmişdir. Hisslərində indiki bəşər övladı qədim əcdadlarına bənzəsə də, həyat tərzində və düşüncəsində onlardan kəskin sürətdə fərqlənir. Axı bütün müasir xalqları təşkil edən insanlar tarixdən əvvəl mövcud olmuş öz köklərindən xeyli fərqlənirlər, bu da təkamülün onların üstünə vurduğu damğalardan biridir.

Təkamül təkcə insanlara deyil, həyatda rast gəldiyi hər şeyə öz təsirini göstərmişdir. Bəzi dəyərlər daha yüksək qiymətləndirildiyi halda, bir qədər əvvəl mahiyyətinin vacib olduğu hesab edilənlər öz əvvəlki nüfuzunu itirməyə, gözdən düşməyə başlamışdır. Müəllif vaxtilə dəbdə olan qalın kitabların istifadəyə, demək olar ki, yaramadığını göstərir. Alim adına yiyələnmək istəyənlər, pulla diplom alanlar bura daxil deyildir, onları yalnız çıxarış əldə etmək üçün oxuyurlar. Çünki onlar yeni bir söz deyə bilmirlər, belə çıxarışdan istifadə etməsələr, yazdıqları heç nəyə yaramayacaqdır. Onlar anadangəlmə yorulmuş ağıllarını bununla ört-basdır edirlər. Bədbəxtlikdən, fikir də ucuzlaşmağa başlamışdır. Nəyə rast gəlirsənsə, haradasa onu oxuduğun yada düşür. Biotexnologiya təfəkkürün orijinallığına daha çox kömək edir. İş o yerə çatmışdır ki, üfüqdə süni insanın yaradılması görünür. Görən buna Allahın reaksiyası necə olacaqdır? Bəlkə də, yenə insana COVİD-19 kimi "hədiyyələr" göndəriləcəkdir.

Müasir dövrdə Platonu, Aristoteli, Bekonu, Erazm Rotterdamlını, Kantı, Berdyayevi axtarmaq da ağılsızlıqdır. Kissincerin, Bzejinskinin peyğəmbərlikləri də yarım əsr sonra öz süqut dövrünü yaşayır. Frensis Fukuyama, tarixin başa çatması barədə öz irəligörməsi baş tutmadığından, onu düzgün anlamadıqlarını əsas gətirir. İndikilər yalnız özünün qurduğu ssenari əsasında düşünməyə üstünlük verirlər, sonra nəsə öz dediyi kimi alınmasa, başqa bir ssenarisində də belə variantı söylədiyini israr etməyə başlayırlar.

Əsas məsələ nəşr olunmaqdır. Cildlərlə kitab buraxmaq lazımdır, qoy lap başlanğıcdan o, yalnız makulatura təyinatlı olsun. Ona görə də ictimai elmlər qiymətdən düşür. Hamı "tarixi həqiqət" ovuna çıxır, bununla kiminsə gözünə girmək, bəlkə də, var-dövlət də qazanmaq olar. Böyük vəzifə sahibləri kürsünü zəbt edəndən sonra ildə cild-cild kitab nəşr etdirdiyi halda, səlahiyyətdən uzaqlaşdırıldıqdan sonra qısır buludu, susuz dəyirmanı yada salırlar. Onlar əsasən panegirikadan vəzifəni qoruyub saxlamaq üçün istifadə edirdilər, lakin bazarda izafi təklif yarandığından "zəhmətləri" bir müddət sonra fayda vermədi. Həm də özünü "elm adamı" kimi qələmə verənlərin iç üzü açıldı, mimikriya uzun müddətli valyuta rolunu oynaya bilmədi.

Vəzifə sahibləri öz kürsülərinə görə təhlil, analiz ustaları hesab olunurdu, onların analitik dünyabaxışları, kreativ qabiliyyətləri tədqiq, tərif obyektinə çevrilirdi. Onlar cılız əsərlərində guya "inkişaf strategiyaları" cızırdılar, lakin bu xidmətləri də heç nəyə yaramadı. Surroqat müəlliflərin yaratdıqları söz bolluğu vəzifə sahiblərinin yalnız özmüəllifliyi adı altında kitab buraxmaqdan uzağa getmədi, çünki çərənləməni nəsə adlandırmaq olur, lakin onu elm mənbəyi kimi qələmə vermək mümkün deyildir.

Yığcam yazı naşı müəlliflər ordusunu çoxalması ilə sıradan çıxdı, axı buna Dikkens, Qoqol, Çexov, Cəlil Məmmədquluzadə istedadı lazımdır. Primitiv kitabları oxuyan sıravi oxucu həqiqətən də özünün kitab müəllifindən savadlı olduğu qənaətinə gəlir. Onda görən belə kitablar nəyə lazımdır, onların nəşri vəzifə sahibinə xidmətdən başqa hansı bir məqsədi güdür? Həmin vəzifə sahibi həm də özünü kreativ şəxs hesab edir, qoy başqaları da onun özü barədəki rəyi ilə razılaşsın, axı o, uzun illərdir ki, yüksək vəzifəni zəbt etmişdir, həm də sağlam suyu olan çayın axınını dayandıran beton bəndə çevrilmişdir.

Ümumiyyətlə, yazı ucuzlaşmışdır. Əvvəllər onu yazan buna vaxt sərf edirdi, öz intellektini işə salırdı. İndi isə müəlliflərin çoxunun sərəncamında muzdlu qələm sahibləri vardır. Əgər Rusiya yürüşündə Napoleon ordusunun yarısı başqa xalqlardan olanlar idisə, müəllifin nəzarətində və xidmətində olan "qələm sahibləri sürüsündəkilər" bircinsli olmaları ilə, əslində özlərinin qul xislətləri ilə seçilirlər.

Yəqin hamı müşahidə edir ki, kitablar həddən artıq çoxdur; bir potensial oxucuya bəlkə də heç vaxt oxunmayacaq min kitab düşür. Axı əsl qələm sahibləri sözə obraz kimi, sözün tamaşası kimi baxırdılar. İndi isə həm kompüterdə yazının asan başa gəlməsi, həm də səviyyəsi o qədər də yüksək olmayan surroqat müəlliflərin məzmunsuz kitablarının çoxluğu, bütövlükdə mütaliəni də hörmətdən salmışdır. Tək yazı deyil, bərkdən tələffüz edilən söz də ucuzlaşmışdır. Bəziləri susmaq əvəzinə, danışmaqla öz biabırçı səviyyəsini nümayiş etdirir. Sözü saxlaya bilməmək xəstəliyi çox artdığından, epidemiya xarakteri daşıyır. Əxlaqında qüsur olanlar mənəviyyat dərsi verir, savadsızlığını ört-basdır etmək lazım olduğu halda, çirkli qalstuk paltarı korladığı kimi, səviyyəsiz çıxış da özünü nişan vermək vasitəsi sayılır. Belələrinin gözündə məqsəd vasitələrə haqq qazandırır.

Əvvəllər yazandan qabaq fikirləşmək lazım gəlirdi, axı düzəliş edib, yazının üzünü köçürmək artıq əziyyət hesab olunurdu. İndi yazı vasitəsi dəyişmişdir. Əvvəllər xoşagəlməyən yazı cırılırdısa, indi onu haradasa dərc etdirmək imkanı tükənməzdir. Yazıya münasibət də dəyişmişdir. Axı lələk qələmindən avtoqələmə keçilmişdir, bu da yazıya daha çox dərəcədə qeyri-ciddi yanaşmanın yaranmasına gətirib çıxardı.

Siyasət özü də çoxlarının çörək qazanmaq tarlasına çevrilmişdir, öz sözləri, bəyanatları üçün məsuliyyət daşımayan icmalçılar, politoloqlar meydana gəlmişdir. Onların reallıqdan uzaq olan çağırışları çox vaxt dövlətin apardığı tarazlaşdırılmış siyasətə nəinki kömək edir, hətta çox hallarda ona ziyan vurur. Yaxşı ki, dövlət siyasəti çılğınlıqdan uzaqdır, xalqın mənafeyinə xidmət göstərməsini davam etdirir, öz sınaqdan çıxmış məhvərindən kənara çıxmır, ziyan vuran daşqın əmələ gətirmir.

 (Ardı var) 

 





19.06.2022    çap et  çap et