525.Az

Sözünüzə qüvvət


 

Sözünüzə qüvvət<b style="color:red"></b>

Amsterdam Dövlət Universitetinin tələbəsi - nəvəm Fuad Novruzlunun forma və məzmunca çox fərqli olan bədii yazıları bəlkə də sabahın şeirləridir. Heç bir vəznə, qafiyəyə sığmayan bu yeni şeirlər daha çox fikir axını, ifadə sərbəstliyi və gənc müəllifin haqq-ədalət ölçülərini itirmiş narahat dünyamızın problemlərinə orijinal bədii yanaşması  kimi maraqlıdır. Həmin şeirləri, diqqət çəkəcəyinə və fərqli təəssürat yaradacağına inam hissilə, "525"in oxucularına təqdim etmək istədim.

Əli Əmirli, Yazıçı, dramaturq

 

Fuad NOVRUZLU

 

Sözünüzə qüvvət

Yaradıcılıq həm də daxili cəhənnəmin yanacağıdır.

Həyat xəyalların növbəti duracağıdır.

Gözəllik - əfsanələrin əbədi sığınacağıdır.

Tanrı, həm də imandakı səmimi tərəddüddür,

həmçinin narahat vicdandır.

Fərqliliklər ağ-qara tək ikiqütblü deyil,

Çoxlu çaları olan rəng təkcə boz deyil.

Əsl zəka 0 və 1 arasındadır.

Qəhrəmanın xidməti borcu - şüşə qəsrin qapısındadır.

Yazarın peşəkarlığı - səmimi yazısındadır.

 

Onun son tapşırığı

 

O, valideyn qayğısından məhrum,

Günahsızlığına rəğmən cənnətini itirmiş gələcək.

Kəskin, yeni nəfəsli gələcək.

Bu həyata xilaskar mələklərini itirib gələcək.

İnternat qardaş-bacıları ilə çığırışıb qara pişikləri qovacaq.

Onun pak ürəyi əvvəl tərbiyəçisinə,

sonra komandirinə "Oldu!" deyə biləcək.

O, həyatdakı yeganə səmimi sevgisini

peşəkar qətl maşını olaraq icra edəcək.

O, cavan yaşından dünyanın ədalətinə,

zamanın qisasına

və sevginin safına bələd olacaq.

O, düşmən mövqelərinə sızıb

bədnam, çürük qəlblərini deşəcək, cıracaq, yandıracaq,

dişi-dırnağı ilə ədalət və qisas anlayışlarını

onlara isbat edəcək.

O, son tapşırığına

"Vətən sağ olsun!" reaksiyası verəcək.

O, yetim qalmış millətin mənəvi kimliyini

və milli fəxarətini özünə qaytaracaq.

O, heç vaxt ölməyəcək.

 

Ruhumun cərrahı

Atama həsr olunur

 

Xəstənin yastığı yüngül deyil,

Diaqnozunuz xarakteriniz deyil.

Hövsələm dəqiqliyimə maneə deyil.

 

Anestezioloq mələk, ümid dərman deyil.

Yardım da göründüyü qədər təcili deyil.

Ağrı və qorxularınız azalanda

oxuduğunuz dualar çox güman səmimi deyil.

 

Mərkəzi sinir sisteminin qısa qapanması,

Pandemiya, gömrük rüsumları,

yuxusuz gecələr və səmimi qorxular.

Zəhmətin ən ağırı və müdaxilənin ən dəqiqi.

 

Digərinin həyatı üçün

Əzrayılla mübarizə etmək də hər kişinin işi deyil.

Mənim nağılıma göydən düşən üç alma da,

Siz bilən almalardan deyil.

 

Qorxma

 

Qulaq as, qorxma...

Düzdür, qaranlıqdır,

Amma ümid var ki,

Kimdəsə fənər var,

Kimdəsə gələcəyə ümidlə baxmağa səbəb var,

Kimdəsə ilk son zəngin xatirəsi var,

Kiminsə qəlbində əvvəlki sakit ahəngin ilğımı var.

 

Qulaq as,

Sənin həssas qəlbin

Keçmişlə gələcəyin müharibə meydanı deyil.

Qorxma,

Sənin sabahın heç kimin dünənində başlamalı deyil.

Sənin mənəvi sərvətin

arxaik yazılmamış qanunlardan ibarət olmalı deyil.

 

Heç kimin hədə-qorxusu sənin dinin deyil.

Sənin cənnətin də, heç kimin ayağı altında deyil.

 

Qaranlıqdır, amma qorxma,

Səndə də fənər var.

Səndə də gələcəyə ümidlə baxmağa səbəb var.

Səndə də sakit ahəngin işartısı var,

Sənin də qaranlıq səmanda minlərlə parlaq ulduz var...

 

Keçən keçdi

 

İlk atəşi kimin açdığı daha vacib deyil.

Fəlakətlər də daha o qədər uzaq deyil.

 

İlk sərhəd də daha vacib deyil nəyi ayırırdı,

İlk ayrılıq da vacib deyil haralara aparırdı.

 

İlk bütlər də az-çox özümüzdən idi,

Cənnət qatında ilk günah da

tamahkar gözümüzdən idi.

 

Ən böyük sərkərdələrin də qələbələri

tarix səhifələrində qaldı,

Ana müharibə üçün öz canından qopardı.

 

İlk duamı kimə etdiyim daha vacib deyil.

İlk rəhməti də kimə oxuduğum daha vacib deyil.

Olan oldu,

Keçən keçdi.

 

"Örtülü bazar" münasibətləri

 

Dostluğu pozan

Örtülü bazarda

İntim atmosfer yetişirdi.

Cənub şəhərində

Şimal küləyi

Bahar mehinə dəyişirdi.

 

Ağsaqqallar şurası

Yüksək təzyiqini

Ağbirçəyin şəkərilə taraz

laşdırırdı.

Balçı öz işçi arılarını

Fərdi yaşayış minimumuna -

190 manata razılaşdırırdı.

Pulcuqları soyulmuş balığın

Təəccüblü gözləri

Sanki vəziyyətlə barışırdı.

 

Qərb küləyi

Örtülü bazarın

Üstünü açmağa çalışırdı.

Konservləşdirilmiş narazılığın

Son istifadə müddəti

Tərəddüdlə yaxınlaşırdı.

 

 





19.06.2022    çap et  çap et