|
|
|
|
Ucal Haqverdiyev Azərbaycan rəssamlıq məktəbinin Avropa İntibah dövrünün ənənələrini avanqard üslublarda improvizə edərək Şərq və Qərb estetikasının dialoq halında vəhdətinə nail olmuş sənətkardır. Rəssam yaradıcılıq fəaliyyətinin müxtəlif spektrlarinə işıq salaraq, öz yaradıcılıq fəlsəfəsinin axtarışlarını, müxtəlif janr və üslublarda icra edib. 1970-ci ildən etibarən peşəkar rəssam kimi fəaliyyətə başlayan sənətkar müxtəlif səpgilərdə əsərlər yaradıb, bəzən kətan xaricinə çıxaraq müxtəlif saplarla bədii tikmə, keramika heykəllər yaratmaqla öz manifestinin ideyasını İntibah dövrünün mənbələrini, rəssamlarının əsərlərini təhlil və improvizələr edərək ənənəvi sənət və çağdaş dövr ənənələrini sintez edib.
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nərgiz Əbdürrəhmanovadır. Nərgiz xanımla Ucal Haqverdiyevin "Dərvişin rəqsi" əsəri haqqında danışmışıq.
- Nərgiz xanım, söhbətimizə "Dərvişin rəqsi" əsərinin üslubu, bədii xüsusiyyətləri haqqında sualla başlamaq istərdim. Üslub, bədii xüsusiyyətlər mövzu ilə necə bütövləşir?
- "Dərvişin rəqsi" əsəri kubo futurizm üslubunun bədii xüsusiyyətlərini xatırladır, impasto, monoxrom qrizayl texnikasında icra olunub. Rəssam əsərinin kulminasiyaya - kamilliyə çatmaq məqamını rəqsin dairəvi hərəkət halını bir müstəvi üzərindən şaxələndirərək parçalanmış əl və ayaq əzaları ilə təqdim edib. Təsəvvüf fəlsəfəsində dərviş obrazı tərki-dünya, həyatın həzz və zövqlərini bilərək tərk edən, ilahi məqama yüksəlmək üçün özünü dualar, zikirlər və Səmazən rəqsləri ilə müdriklik zirvəsini təcəssüm etdirir.
- Bəs rəng koloritində ideya özünü necə göstərir?
- Bu tabloda ilahi məqama yüksəlmək anı qızılı-oxra rənglə ştrixlənmiş xətt, qrafika sənətinin ofort texnikası ilə səsləşir. Sanki bu, rəssamlıq sənətinin müxtəlif janrlarının sintezi və axtarışının nəticəsidir. Fon qara rəngin sonsuzluq, kosmik fəzanın və heçlik halının simvolu kimi keçidsiz tünd yaxmaları ilə təqdim edilib.
Dərvişin konus formalı papağı, uçuşan paltarının ətəyi saçılmış və bir növ parçalanmış şəkildə insanın daxili məninin eqosunun gerçəklikdən bir növ uzaqlaşmasını simvolizə edir.
İnsan şəxsiyyət daxili konfliktlərlə mübarizə apararaq kainatın kiçildilmiş modeli olduğunu, öz fitrətini dinləyərək kamilliyə doğru yüksəliş anını dərk etməyə başlayır.
Karl Yunqun mifoloji arxetiplərinə istinad etsək, dini dünya görüşü və onun mifoloji dünya görüşünün kökləri Ucal Haqverdiyevin sxematik şərti təsvir manerası ilə bir növ birləşərək xətdən həcmli formaya, təsəvvürdən reallığa doğru transformasiya anını yaşayır.
- Əsərin yaranma tarixçəsi haqqında nə bilirik?
- Əsər 1998-ci ildə dikt taxta lövhə üzərində yağlı boya texnikasında ərsəyə gəlib. Ucal Haqverdiyevin ikonalar, Bizans və Şərq, Avropa rəssamlıq ənənələrinə bələd olmasının nəticəsində "Dərvişin rəqsi" ideya və icra manerasını birləşdirir.
- Ucal Haqverdiyev Şərq və Qərb estetikasının dialoq halında vəhdətinə nail olmuş sənətkardır. Yəqin ki, rəssamın bu xüsusiyyəti sözügedən əsərdə də özünü göstərir.
- Bəli, dünyəvi həyatla əbədi həyatda ilahi məqama çatmağa can atan dərviş bir növ rəssamın prototipi kimi çıxış edərək onun dini -mifoloji dünyagörüşü ilə yaradıcılıq axtarışlarının təzahürü kimi təsəvvür oluna bilər. Nöqtələr və dairələr kainatdakı kəhkəşan və zərrəcikləri, müxtəlif əşyalar və insanların dünyəvi həyatdakı faniliyini əks etdirərək heçlik məqamını özündə birləşdirir. Rəssam həyata dair baxışlarının poetik, fəlsəfi məzmunu sanki bir təlatümlü ritm kimi detalların ekspressiv təqdimatı ilə səsləşir. İnsan-varlıq-kainat münasibətlərinin tarazlığı, İlahi- varlıq əbədi həyat prinsiplərinin təsviri sənət üzərində axtarışları məna və məzmun yükü ilə tamamlanmaqdadır. Rəssamlar və yaradıcı fəaliyyət növləri ilə məşğul olan insanlar da dərviş kimi axtarışlar etməkdədirlər. İlahi ədalət, ilahi məqama çatmaq üçün vüslət anı üçün can atan dərviş kimi öz mənini, kimliyinin axtarışında identiklik və ekzistensial sualların cavablarını axtaran soraqlayan insanın proobrazı kimi dərvişi dəyərləndirmək olar.
- Sizcə, bu əsər bizə nə deyir?
- Pərdəarxası məqam ondan ibarətdir ki, monotonlaşan həyatın ilahi yaradıcı rəngə boyanması ilə harmonik vəhdətdə ekstaz halında bir növ ilahi nemətlərlə özündən keçən dərviş kimi həyatın şirinliyini, varlıq fəlsəfəsinin mahiyyətini dərk edərək hər kəs təkamül edə bilər. Dərvişin rəqsi əsərində bir rənglə ahənglənərək bütün kainatı qucaqlayan dərviş obrazı öz aktuallığını bu gün də qorumaqdadır. Müasir dövrümüzdə də təsəvvüf fəlsəfəsi özünəməxsus şəkildə rəssamların və ədiblərin istinad mənbəyidir.
Aytac SAHƏD