525.Az

"Dərvişin rəqsi" - "Bir rəsmin dedikləri" rubrikası


 

"Dərvişin rəqsi" - <b style="color:red"> "Bir rəsmin dedikləri" rubrikası</b>

Ucal Haqverdiyev Azərbaycan rəssamlıq məktəbinin Avropa İntibah dövrünün ənənələrini avanqard üslublarda improvizə edərək Şərq və Qərb estetikasının dialoq halında vəhdətinə nail olmuş sənətkardır. Rəssam yaradıcılıq fəaliyyətinin müxtəlif  spektrlarinə işıq salaraq, öz yaradıcılıq fəlsəfəsinin axtarışlarını, müxtəlif  janr və üslublarda icra edib. 1970-ci ildən etibarən peşəkar rəssam kimi fəaliyyətə başlayan sənətkar müxtəlif səpgilərdə əsərlər yaradıb, bəzən kətan xaricinə çıxaraq müxtəlif  saplarla bədii tikmə, keramika heykəllər yaratmaqla öz manifestinin ideyasını  İntibah dövrünün mənbələrini, rəssamlarının əsərlərini təhlil və improvizələr edərək ənənəvi sənət və çağdaş dövr ənənələrini sintez edib.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nərgiz Əbdürrəhmanovadır. Nərgiz xanımla Ucal Haqverdiyevin "Dərvişin rəqsi" əsəri haqqında danışmışıq.

 

- Nərgiz xanım, söhbətimizə "Dərvişin rəqsi" əsərinin üslubu, bədii xüsusiyyətləri haqqında sualla başlamaq istərdim. Üslub, bədii xüsusiyyətlər mövzu ilə necə bütövləşir?

- "Dərvişin rəqsi" əsəri  kubo  futurizm  üslubunun bədii  xüsusiyyətlərini xatırladır, impasto,  monoxrom  qrizayl  texnikasında  icra olunub. Rəssam əsərinin  kulminasiyaya - kamilliyə çatmaq məqamını rəqsin dairəvi hərəkət halını bir müstəvi üzərindən şaxələndirərək parçalanmış  əl və ayaq əzaları ilə təqdim  edib. Təsəvvüf fəlsəfəsində dərviş obrazı tərki-dünya, həyatın  həzz və zövqlərini bilərək tərk edən, ilahi məqama yüksəlmək  üçün özünü dualar, zikirlər və  Səmazən rəqsləri ilə müdriklik  zirvəsini təcəssüm etdirir.

- Bəs rəng koloritində ideya özünü necə göstərir?

- Bu tabloda ilahi məqama yüksəlmək anı qızılı-oxra rənglə  ştrixlənmiş xətt, qrafika sənətinin ofort texnikası ilə səsləşir. Sanki bu, rəssamlıq sənətinin  müxtəlif janrlarının sintezi və  axtarışının nəticəsidir. Fon qara  rəngin sonsuzluq, kosmik fəzanın və heçlik halının simvolu kimi keçidsiz tünd yaxmaları ilə  təqdim edilib.

Dərvişin konus formalı papağı, uçuşan paltarının ətəyi saçılmış və bir növ parçalanmış şəkildə insanın daxili məninin eqosunun gerçəklikdən bir növ uzaqlaşmasını simvolizə edir.

İnsan şəxsiyyət daxili konfliktlərlə mübarizə apararaq kainatın kiçildilmiş modeli olduğunu, öz fitrətini dinləyərək kamilliyə doğru yüksəliş anını dərk etməyə başlayır.

Karl Yunqun mifoloji arxetiplərinə istinad etsək, dini dünya  görüşü və onun mifoloji dünya  görüşünün kökləri Ucal Haqverdiyevin sxematik şərti təsvir manerası ilə bir növ birləşərək xətdən həcmli formaya, təsəvvürdən reallığa doğru transformasiya  anını yaşayır.

- Əsərin yaranma tarixçəsi haqqında nə bilirik?

- Əsər 1998-ci ildə dikt taxta  lövhə üzərində yağlı boya texnikasında ərsəyə gəlib. Ucal Haqverdiyevin ikonalar, Bizans və Şərq, Avropa rəssamlıq ənənələrinə bələd olmasının nəticəsində "Dərvişin rəqsi" ideya və icra  manerasını birləşdirir. 

- Ucal  Haqverdiyev Şərq və Qərb estetikasının dialoq halında vəhdətinə nail olmuş sənətkardır. Yəqin ki, rəssamın bu xüsusiyyəti sözügedən əsərdə də özünü göstərir.

- Bəli, dünyəvi həyatla əbədi  həyatda ilahi məqama  çatmağa  can atan dərviş bir növ rəssamın  prototipi kimi çıxış edərək onun  dini -mifoloji dünyagörüşü ilə  yaradıcılıq axtarışlarının təzahürü kimi təsəvvür oluna bilər. Nöqtələr və dairələr kainatdakı  kəhkəşan və zərrəcikləri, müxtəlif əşyalar və insanların dünyəvi həyatdakı faniliyini əks etdirərək  heçlik məqamını özündə birləşdirir. Rəssam həyata dair baxışlarının poetik, fəlsəfi məzmunu  sanki bir təlatümlü ritm kimi detalların ekspressiv təqdimatı ilə  səsləşir. İnsan-varlıq-kainat münasibətlərinin tarazlığı, İlahi- varlıq əbədi həyat prinsiplərinin  təsviri sənət üzərində axtarışları  məna və məzmun yükü ilə tamamlanmaqdadır. Rəssamlar və  yaradıcı fəaliyyət növləri ilə  məşğul olan insanlar da dərviş   kimi axtarışlar etməkdədirlər. İlahi ədalət, ilahi məqama çatmaq  üçün vüslət anı üçün can atan  dərviş kimi öz mənini, kimliyinin  axtarışında identiklik və ekzistensial sualların cavablarını axtaran soraqlayan insanın proobrazı  kimi dərvişi dəyərləndirmək  olar.

- Sizcə, bu əsər bizə nə deyir?

- Pərdəarxası məqam ondan  ibarətdir ki, monotonlaşan həyatın ilahi yaradıcı rəngə boyanması ilə harmonik vəhdətdə ekstaz  halında bir növ ilahi nemətlərlə   özündən keçən dərviş kimi həyatın şirinliyini, varlıq fəlsəfəsinin  mahiyyətini dərk edərək hər  kəs  təkamül edə bilər. Dərvişin rəqsi əsərində bir rənglə ahənglənərək  bütün kainatı qucaqlayan dərviş  obrazı öz aktuallığını bu gün də qorumaqdadır. Müasir dövrümüzdə də təsəvvüf fəlsəfəsi  özünəməxsus şəkildə rəssamların və ədiblərin istinad mənbəyidir.

Aytac SAHƏD  

 

 





20.06.2022    çap et  çap et