525.Az

Sərdar Amin yeni kitabını təqdim etdi


 

Sərdar Amin yeni kitabını təqdim etdi<b style="color:red"></b>

İyunun 18-də yazıçı-publisist Sərdar Aminin "İfşa" adlı kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda tanınmış qələm adamları, oxucular iştirak ediblər.

Təqdimatı açıq elan edən gənc nasir və şair Nadir Yalçın Sərdar Aminin çağdaş Azərbaycan ədəbiyyatındakı yeri və rolu barədə söhbət açıb. O qeyd edib ki, bu kitaba qədər müəllifin iki romanı, bir şeirlər kitabı və Azərbaycanın tarixindəki bəzi məqamlara aid kitabı çap olunub. Müəllifin sayca beşinci kitabı olan "İfşa"da son iki ilin publisistik yazıları cəmləşib. Nadir Yalçın bildirib ki, kitabdakı yazılar həm mövzu, həm də üslub baxımından olduqca təqdirəlayiqdir.

Kitabın redaktoru, yazıçı Şərif Ağayar Sərdar Aminin şəxsiyyəti və yaradıcılığı arasındakı mütənasibliyi vurğulayıb. O, müəllifin bir fikir adamı kimi qiymətli qələm sahibi olduğunu bildirib və qeyd edib ki, kitabda toplanan yazıların hər biri müəllifin aydın təfəkkürünün, ayıq düşüncəsinin nəticəsidir.

Professor, ədəbi tənqidçi Cavanşir Yusifli öz çıxışında Sərdar Aminin yazı metodu barədə söhbət açıb. O qeyd edib ki, müəllif ədəbiyyatda yaratdığı sanballı və qərəzsiz obraza sadiq qalıb. Professor bildirib ki, Sərdar Amin istər bədii əsərlərində, istərsə də publisistik yazılarında üslub-forma tələblərinə lazımi şəkildə riayət edir.

Rəşad Məcid, Seyfəddin Hüseynli, Əlisəmid Kür, Xədicə İsmayıl, Samirə Əşrəf, Rəvan Cavid və başqaları da çıxış edərək Sərdar Aminin yaradıcılığı barədə söhbət açıblar və müəllifə xoş arzularını çatdırıblar.

Sonda Sərdar Amin bütün qonaqlara minnətdarlığını bildirib və yeni təsis etdiyi "partizan.az" incəsənət portalı barədə tədbir iştirakçılarına məlumat verib.

Müəllif kitabları imzalayıb və xatirə fotoları çəkilib.

ÜMİD

 





20.06.2022    çap et  çap et