Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir. Ölkəmiz müstəqillik qazandıqdan və Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra təməlini qoyduğu dövlət-din münasibətləri bu gün də uğurla davam etdirilir.
Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq qalıb, tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği dövlətin əsas siyasi prioritetlərindən birinə çevrilib. Əminliklə demək olar ki, Azərbaycan dini tolerantlığın ən uğurlu modelini yaradıb, ərazisində fərqli mədəniyyət və sivilizasiyaların harmoniyasına nail olub. Bunun nəticəsidir ki, ölkəmiz dünyada müxtəlif dinlərin mədəni irsinin qorunub saxlanıldığı məkanlardan biri kimi tanınır.
Müstəqillikdən sonra xalqımızın mənəvi sərvətləri olan dini ibadətgahların, məscidlərin, kilsələrin və digər dini ayinlərin icra olunduğu məkanların təmirinə və bərpasına xüsusi diqqət ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva dinlə bağlı məsələlərə xüsusi qayğı göstərirlər. Azərbaycanın böyük zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlanarkən Prezident İlham Əliyev ilk olaraq ermənilər tərəfindən tamamilə dağıdılmış tarixi və dini abidələrin bərpasını qarşıya mühüm vəzifə kimi qoydu. Prezident və birinci xanım işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı görülmüş işlərlə yerindəcə tanış olurlar. Dövlət başçısı və birinci xanım Ağdam və Şuşa məscidlərini ziyarət etdilər, ora Quran hədiyyə etdilər. Bu gün Ağdamda, Şuşada, Hadrutda, Zəngilanda bilavasitə Prezidentin və Mehriban Əliyevanın diqqət və qayğısı ilə yeni məscidlər, dini ibadət ocaqları qurulur, inşa olunur.
Bu ərazilərdə Heydər Əliyev Fondunun gördüyü işlərin miqyası da olduqca böyükdür. Heydər Əliyev Fondunun xətti ilə Zəngilan məscidi təmir və bərpa olunur. Bu işlər Şuşada və digər ərazilərdə də gedir.
İşğaldan azad edilmiş torpaqlarımızla yanaşı, digər bölgələrdə də dini abidələrin bərpası hər zaman ölkə rəhbərliyinin diqqətində olub. Ötən dövr ərzində Bibiheybət, Təzəpir, Şamaxı Cümə məscidi və digərlərinin yüksək səviyyədə bərpa olunması görülən işlər sırasındandır.
Din sahəsində atılmış mühüm addımlardan biri də ölkəmizdə İlahiyyat İnstitutunun yaradılması, onun yeni bina ilə təminidir. Aprelin 11-də Prezidentin iştirakı ilə İlahiyyat İnstitutunun yeni binasının açılışı olub. Hazırda bu İnstitut bölgənin aparıcı təhsil müəssisələrindən birinə çevrilib, Azərbaycan öz milli kadrlarını hazırlayır və bu istiqamətdə mühüm addımlar atır.
Mövzu ilə bağlı danışan deputat Azər Badamov "525"ə deyib ki, 70 il sovetlər dövründə dinə və inaclara qarşı siyasət yürüdülsə də, İslam dəyərlərimizə bağlılığımız xalqımızı ruhundan heç vaxt ayıra bilməyib: "Düzdür, məscidlər bağlanmışdı, açıq şəkildə ibadətlər qadağan olunmuşdu. Amma insanların ürəyində Allaha bağlılıq həmişə yaşayıb. İslam dəyərlərinə bağlılığımız dövlət səviyyəsində qorunub saxlanılır. Müstəqilliyimizə qovuşanda dövlət rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyev də İslam dininə bağlılığımızı və hörmətlə yanaşdığını açıq şəkildə ifadə etdi. Ulu öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Məkkəyə Həcc ziyarətinə gedərək dövlətimiz, xalqımız üçün öz dualarını etdi".
A.Badamov deyib ki, dinimizə bağlılq və məscidlərə xüsusi diqqətlə yanaşılması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yüksək hörmət və ehtiramla hər zaman ifadə olunub: "Bu gün ölkəmizdə 2 minə yaxın məscid fəaliyyət göstərir ki, bu məscidlərin yenidən qurulması üçün ölkə rəhbəri sərəncamlar imzalayıb, dövlət büdcəsindən vəsaitlər ayrılıb. Yeni tikilən məscidlərin açılışlarında Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva iştirak edirlər. Məscidlərin yenidən qurulmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir".
Deputat xatırladıb ki, işğaldan azad etdiyimiz ərazilərdə 67 məscid erməni vandalları tərəfindən dağıdılıb, təhqir olunub: "Amma cənab Prezident və Mehriban xanım o dağılmış məscidlərə daxil olanda İslam dininin qaydalarına yüksək riayət edir və yenidən qurulması, bərpası üçün tapşırıqlarını verirlər. Mehriban xanım tərəfindən işğaldan azad olunmuş ərazilərdəki məscidlərə müqəddəs Quran kitabı hədiyyə edilib. Bu gün Şuşa şəhərindəki üç məscid məhz Heydər Əliyev Fondu tərəfindən bərpa edilir".
A.Badamov dini kadrların hazırlanması üçün İlahiyyat İnstitutunun fəaliyyətini də yüksək qiymətləndirib: "Bu institutda dini biliklərə yiyələnmiş mütəxəsislər hazırlanır ki, bu da ümumən ölkədə İslam əxlaqının formalaşmasına xidmət edəcəkdir.Təbii ki, dövlət başçısının dinimizə və Allaha bağlılığı digər dinlərə də hörmətlə yanaşmasında özünü göstərir. Ölkəmiz dini müxtəlifliyi ilə zəngindir. Məhz bütün dinlərə hörmətlə yanaşmağımızın göstəricisidir ki, Azərbaycanda kilsələr və sinaqoqlar da dövlət vəsaiti ilə bərpa olunaraq möminlərin istifadəsinə verilib. Həm də bütün dinlərin və konfensiyaların fəaliyyəti üçün Prezidentin Ehtiyat Fondundan mütəmadi maliyyə vəsaitləri ayrılır".
Milli Məclisin deputatı Cavid Osmanov isə bildirib ki, Prezident İlham Əliyev hər zaman dini məbədlərin təmirinə, bərpasına və qurulmasına böyük diqqət və qayğı göstərib. Din sahəsi dövlətin ən prioritet məsələlərindən biridir. O qeyd edib ki, istər islam dininə aid məscidlərin yenidən qurulması, tikilməsi, istərsə də digər dinə aid olan ibadətgahların bərpası və yenilərinin tikilməsinə ayrılıqda böyük diqqət və qayğı göstərilir: "Bu, dünya üçün bir nümunədir. Prezident İlham Əliyev tərəfindən də bu sahədə məqsədyönlü işlər görülməkdədir. Ölkə başçısı işğaldan azad olunmuş ərazilərdə məhv edilmiş dini abidələrin, məbədlərin bərpasına xüsusi diqqət göstərir. Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyeva ilə Ağdamda, Şuşada və işğaldan azad edilmiş digər bölgələrdə bərpa olunan məscidlərə ziyarətinin dəfələrlə şahidi olmuşuq. Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Xüsusən də işğaldan azad olunmuş ərazilərdə tarixi mədəni abidələrin bərpası işlərində mühüm addımlar atılıb. Təzəpir, Şamaxı məscidlərinin bərpa işlərinə böyük diqqət ayrılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan multikultural, tolerantlığın inkişaf etdiyi bir ölkədir. Abidələr, dini ziyarətgahların qorunması həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən sistemli şəkildə həyata keçirilir".
PƏRVANƏ
çap et