525.Az

"QALA"nın yaranması tarixi zərurət kimi meydana gəldi"


 

RƏŞİD MƏMMƏDOV: "YUNANLAR AZƏRBAYCAN MUSİQİSİNİ VƏ MƏTBƏXİNİ ÇOX BƏYƏNİRLƏR "

"QALA"nın yaranması tarixi zərurət kimi meydana gəldi"<b style="color:red"></b>

Bu gün dünyanın müxtəlif  ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycanın təbliği, dövlətimizin daha yaxşı tanıdılması istiqamətində böyük işlər görürlər. 44 günlük Vətən müharibəsi günlərində Azərbaycan diasporu həmrəy olaraq çox aktiv iş apardı. Fiziki, mənəvi təzyiqlərə baxmayaraq onlar ölkəmizin haqq səsini dünyaya çatdırdılar. Bununla da qazanılan qələbəyə öz töhfələrini verdilər. Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərdən sonra bu il 22-23 apreldə ilk dəfə olaraq Azərbaycanın və Türk dünyasının Mədəniyyət paytaxtı olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Dünyanın dörd bir tərəfindən soydaşlarımız zəfər qurultayında bir araya gələrək gələcək üçün yeni hədəfləri və planları müəyyən etdilər. Azərbaycanı xarici ölkələrdə uğurla təmsil edən diaspor təşkilatlarından biri də "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətidir.  Yunanıstanda soydaşlarımızı bir araya gətirən, ölkəmizin təbliği istiqamətində mühüm işlər görən cəmiyyətin sədri Rəşid Məmmədov "525-ci qəzet"ə müsahibəsində qurumun fəaliyyəti, hədəfləri barədə danışıb.

 

- Rəşid müəllim, Yunanıstanda Azərbaycan diasporundan danışanda ilk olaraq göz önünə siz gəlirsiniz. Əvvəlcə istərdim bu sahədəki fəaliyyətiniz barədə məlumat verəsiniz...

- Sizi Yunanıstanda yaşayan azərbaycanlı icması adından salamlayıram. Cəmiyyətimizin yaranması təsadüfi hadisə olmayıb. Yunanıstanda uzun illərdir ki, azərbaycanlı ailələr məskunlaşıb. Xüsusilə də Saloniki şəhərində bu ailələrin sayı yüzlərlədir. Təəssüf ki, "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti yaranana qədər bu ölkədə azərbaycanlıları eyni çətir altına yığan bir məkan, bir qurum yox idi. Ona görə də "QALA" Cəmiyyətinin yaranması tarixi zərurət kimi meydana gəldi.

- Qeyd etiyiniz kimi, hazırda "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinə rəhbərlik edirsiniz. Cəmiyyətin yaxın hədəfləri nədən ibarətdir?

- Bu il Yunanıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini təntənə ilə qeyd etdik və qarşıda bu çərçivədə daha bir neçə mədəni tədbirin keçirilməsi nəzərdə tutulub. Bildiyiniz kimi, bu il cənab Prezident İlham Əliyev tərəfindən "Şuşa İli" elan edildiyinə görə bu yaxınlarda Şuşanın azad olunması münasibətilə böyük bir tədbir etmək niyyətindəyik. Artıq hazırlıqlara başlanılıb. Ümid edirik ki, tədbir yüksək səviyyədə keçəcək. "QALA" Cəmiyyətinin məqsədi Azərbaycan həqiqətlərini, mədəniyyətini və tarixini yunan cəmiyyətinə və bütün Avropaya düzgün şəkildə çatdırmaqdır.

- Yunanıstanda yaşayan azərbaycanlıların sayı nə qədərdir? Onlar diaspora fəaliyyətində nə dərəcədə yaxından iştirak edirlər?

- Qeyri-rəsmi rəqəmlərə görə Yunanıstanda 500-ə yaxın Azərbaycan mənşəli ailə yaşayır. Təəssüf hissi ilə bildirməliyəm ki, uzun illər azərbaycanlıların təşkilatçılığı nəzarətsiz qaldığına görə əksər ailələrin dəqiq ünvanları və iş fəaliyyəti qeydə alınmayıb. Yunanıstan böyük ölkədir. Yüzlərlə kəndi, minlərlə adası var. Ölkədə fəaliyyət göstərən yeganə diaspor təşkilatı kimi üzərimizə böyük məsuliyyət düşür. "QALA" Cəmiyyəti 2017-ci ildə dövlət qeydiyyatına alınıb və artıq 5 ildir ki, cəmiyyətin üzvləri azərbaycançılıq ideyalarının Yunanıstanda düzgün formada təbliğatı üçün fəal mövqe nümayiş etdirir.

- Yunanıstan güclü erməni lobbisinin olduğu ölkələrdən biridir. Bu mənada fəaliyyətinizə hansısa maneələr yaradılır?

- Erməni lobbisi bütün dünyada çox təşkilatlanmış haldadır. Bunun da izahı odur ki, bu xalqın heç zaman öz vətəni, öz torpağı olmayıb. Ona görə də dünyanın hər qütbünə səpələnib öz icmalarını yaradıblar. Yunanıstan da bu baxımdan istisna deyil. Bizim işimizə müdaxiləyə gəlincə, bilirsiniz, bizdə belə bir misal var: "it hürər, karvan keçər". Təzyiqlər var, həmişə olacaq, amma bu, bizi öz mövqeyimizdən və yolumuzdan döndərəcək qədər güclü deyil.

- Yeri gəlmişkən lobbiçiliklə bağlı fəaliyyətiniz nə yerdədir?

- Bildiyiniz kimi, "QALA" Cəmiyyəti Yunanıstan Respublikasında fəaliyyət göstərən ilk və yeganə Azərbaycan lobbi təşkilatıdır. Cəmiyyətimiz Yunanıstanda yaşayan azərbaycanlıların hüquqlarının qorunması, Yunanıstanda yaşayan azərbaycanlı cəmiyyətin davamlı yaşayışı və inkişafı üçün dəstək göstərilməsi, Azərbaycan dilinin təbliği, etnik və intellektual dəyərlərin irəliləməsi üçün ön şərtlərin formalaşdırılması, Yunanıstanda Azərbaycan tarixi və Azərbaycanda Yunanıstan tarixi kimi etnik və mədəni dəyərlərin sərgilənməsi və mübadiləsi, Yunanıstanda və Azərbaycanda, Azərbaycan diasporunu təmsil edən oxşar beynəlxalq təşkilatlarla əlaqələr yaradılması və genişləndirilməsi, Yunanıstan ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi, turizm sahəsində Yunanıstan-Azərbaycan əlaqələrinin ön şərtlərinin irəli sürülməsi və iki ölkə arasındakı iqtisadi, ticarət və iş əlaqələrinin inkişaf etdirilməsinə yönəlmiş fəaliyyətlər həyata keçirir.

- Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra dünya azərbaycanlılarının növbəti qurultayı məhz Şuşada keçirildi. Bu, həm də Zəfər qurultayı adlanır. Həmin qurultaydan irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində nə kimi addımlar atılıb?

- Dünya azərbaycanlılarının V qurultayı 22 aprel 2022-ci ildə Şuşa şəhərində keçirildi. Bundan əvvəl keçirilən qurultaylardan fərqli olaraq, builki tədbir Zəfər Qurultayı kimi tarixə düşdü. Qurultayın yekun sənədləri olaraq, qurultayın qətnaməsi, iştirakçıların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin dünya azərbaycanlılarına müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) müraciəti və Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın Ermənistanın işğalından azad olunmuş ərazilərində yaratdığı mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciəti qəbul edildi. Tədbirdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olundu. Qurultay barədə Yunanıstan mətbuatında geniş məqalə dərc etdik. Əlbəttə ki, qurultaydan irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində fəaliyyətimiz davam edir.

- Yunanlar Azərbaycanla bağlı daha çox nələri sevirlər?

- Yunanlar bizim musiqini və mətbəxi çox bəyənirlər. Bunun, beynəlxalq qida festivallarında və mədəni tədbirlərdə dəfələrlə şahidi olmuşuq. Ümumiyyətlə, yunanlar mədəniyyət və incəsənət aşiqləridir, bu, onların genetik fonunda özünü açıq şəkildə büruzə verir. Bildiyimiz kimi bu il "Avroviziya" musiqi yarışmasında Yunanıstan Azərbaycana maksimal - 12 bal verdi. Çoxları bu hadisəni siyasiləşdirməyə çalışsa da, mən öz adımdan əminliklə deyə bilərəm ki, yunanlar Azərbaycan musiqisini həqiqətən də sevir və dinləyirlər.

- Yunanıstanda Türkiyə diasporunun fəaliyyəti necədir? Birgə əməkdaşlığınız mövcuddur?

- Qardaş Türkiyə hər zaman, hər yerdə olduğu kimi Yunanıstanda da bizimlə həmrəylik sərgiləyir. Ümumilikdə türk icmaları çox olmasa da Yunanıstanda Türkiyə ilə sərhəd şəhərlərdə kompakt halında xeyli türk yaşayır. Cəmiyyətimizin gənc fəalları arasında türkiyəli tələbələr də var.

- Vaxtilə Azərbaycanda yaşamış yunanlar olub. Sonradan onlardan Yunanıstana köçənlər varmı və əgər varsa münasibətlər necədir?

- Bildiyimiz kimi, Azərbaycanda ilk yunanlar Qarabağ ərazisində məskunlaşmışlar. Bəzi mənbələrdə 1937-ci ilə qədər Azərbaycanda yaşayan xarici vətəndaşlardan 95 faizinin yunanlar olduğu bildirilir. 90-cı illərin əvvəlində ermənilərin başladığı Qarabağ müharibəsi zamanı yunanların yaşadığı Mehmana kəndi boşaldıldı. Sovet hökuməti dağıldıqdan sonra Azərbaycan və digər postsovet ölkələrindən Yunanıstana pont yunanlarının kütləvi axını başladı. Bunların arasında Azərbaycanda yaşayan və Gürcüstanın azərbaycanlılar məskunlaşan Marneuli və yaxın bölgələrində azərbaycanlılarla eyni icmalarda məskunlaşmış pontlular da çox idi. Almaz filmində Fatmanisə rolundan tanınmış Azərbaycan aktrisası Panfiliya Tanailidi pont yunanəsilli idi.

Salonikidə yaşayan yunan tarixçi alim Sokrat Sotiridis Azərbaycan dilini və tarixini çox gözəl bilir və Cəmiyyətimizin fəal üzvü kimi yunan cəmiyyətinə Azərbaycan həqiqətlərinin düzgün formada təbliğində fəal mövqe nümayiş etdirir. Eyni zamanda keçmiş Sovet İttifaqı ölkələrindən olan yunan icmalarının ümumyunan federasiyası ilə sıx əməkdaşlığımız mövcuddur.

PƏRVANƏ

 





21.06.2022    çap et  çap et