525.Az

"XXI əsrin Qarabağnaməsi" - tarixin yeni səhifəsi - Adilə Nəzərova yazır


 

"XXI əsrin Qarabağnaməsi" - tarixin yeni səhifəsi - <b style="color:red"> Adilə Nəzərova yazır</b>

"Qarabağnamə"lər bütün dövrlərdə Azərbaycan tarixini öyrənmək üçün əsas mənbələrdən biri olub. Bu mənbələrin sırasına yeni bir kitab da əlavə olundu. Bu Əlövsət Poladın və Ələkbər Zahidovun tərtibatı ilə hazırlanan "XXI əsrin Qarabağnaməsi"dir. 12 hissədən ibarət olan kitab olduqca zəngindir. 

Kitab Qarabağ münaqişəsinin (sonradan müharibəsinin) fonunda müasir Azərbaycanın siyasi-iqtisadi tarixini şərh edir, uzun sürən münaqişənin danışıqlar prosesindən tutmuş zaman-zaman qızışan atəşkəs razılaşmasını, Aprel döyüşlərini, Tovuz hadisələrini və nəhayət II Qarabağ savaşının xronologiyasını, o cümlədən, "Dəmir Yumruq" əməliyyatını - Ali Baş Komandanın müsahibələrini, Prezidentin xalqa müraciətlərini əhatə edir. Əlavə olaraq, müharibə dövründə Azərbaycana mənəvi-siyasi dəstək verən, Ermənistanı müdafiə edən ölkələr haqqında qısa məlumatların verilməsi də kitabın gələcək nəsillər üçün siyasi-tarixi mənbə olacağını təmin edir.

Kitabın məzmunu qeyd olunanlarla bərabər, əsasən, Neftçala şəhidləri haqqında məlumatları əks etdirir. Belə ki, 8-ci hissə Neftçalanın 1941-1945-ci illərin Böyük Vətən müharibəsində iştirak edən Sovet İttifaqı Qəhrəmanlarının, Birinci Qarabağ müharibəsində həlak olan Milli Qəhrəmanların xatirəsinə həsr olunub. Kitabı ərsəyə gətirən tərtibatçıların öz yazıları ilə bərabər qəhrəman şəhidlər haqqında şəhidlərin döyüş yoldaşlarının xatirələri də verilib. Şəhidlərimizi bizə tanıtdıran əsasən, həmin xatirələrdir ki, xalq öz şəhidlərini onların igidliklərinə şahid olanlardan öyrənir, tanıyır. Mən də bu xatirələri həm qürurlanaraq, həm də kövrələrək oxudum. 

Eləcə də, kitabda Qarabağ savaşında şəhidliyi ilə tarixləşən qəhrəmanlar - Mübariz İbrahimov, Fərid Əhmədov, Polad Həşimov haqqında xatirə yazılarına da yer verilib. 

Kitabın 11-ci hissəsinin əvvəlində müharibə dövründə Neftçalada çıxan "Gündoğar" qəzetinin fəaliyyəti, qəzetin baş redaktoru Habil Əsədovun əməyi dəyərləndirilib. Çünki qəzetin materiallarında ardıcıl olaraq müharibənin gedişatı, xalq-dövlət-ordu birliyi, arxa cəbhədə Neftçala xalqı olmaqla, müharibədə iştirak edən Neftçala oğulları, yaralanıb qazi olaraq qayıdan əsgərlər və Neftçala şəhidləri haqqında ətraflı məlumatlar dərc olunub. O məlumatlarda da qeyd edildiyi kimi bu müharibə əsl xalq müharibəsi idi.

44 günlük Vətən müharibəsində Neftçala 43 şəhid verib. Kitabın 11-ci hissəsi elə belə də adlandırılıb: "44 günün 43 şəhidi". Ardıcıl olaraq 43 şəhid haqqında məlumat, döyüş yoldaşlarının onların barəsində yazdığı xatirə yazıları, şəhidlərin ailələrinin övladları ilə bağlı söylədikləri, verdikləri müsahibələr və sair maraqlı və təsirli yazılar bu hissədə toplanıb.

Azərbaycan xalqının müasir tarixinə şərəf səhifəsi kimi yazılan 44 günlük (əslində 43 gün 19 saat ) Vətən müharibəsində 43 şəhid verən Neftçalanın bu müqəddəs Zəfərdə öz payı var. Məlumdur ki, numerologiyada konkret rəqəmlər var ki, onlar xüsusi təyinatlı məqsədlər daşıyır. Mən ilk dəfə Neftçala şəhidlərinin ümumi sayını biləndə ağlımdan məhz bu ifadə keçmişdi və bunu kitabın müəlliflərinə bildirmişdim. Sağ olsunlar, onlar da bu ifadəni hissə başlığı kimi veriblər. Bəlkə də bu, zamana və məkana görə dəyişən İlahi kodlaşdırmadır. Kim bilir...

Hünər və rəşadətləri ilə Vətəni bütövləşdirən, itirilmiş torpaqlarımızı müqəddəs qanları ilə yenidən vətənə birləşdirən 43 şəhidin hər biri ölümləri ilə ölümsüzlüyə qovuşdular. Onlar bütün Azərbaycanın övladları sayılırlar, amma bunu da dərk edirik ki, onların hərəsi bir yurdun işığı, bir nəslin davamçısı, bir ailənin övladı idi. Canlarından can ayrılan şəhid ata-analarının ürək ağrısını duymaq üçün təkcə Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anası Filara xanımın kitab üçün yazdığı "Mənə sənin haqqında sənsiz xatirələrimi yazmağı tapşırıblar. Bu mənim üçün olduqca ağır, çətin, amma çox da vacibdir. ...Sən mənimçün xatirə ola bilməzsən, Camal, sən mənim dünənim ola bilməzsən, canımın içi..." - deyə başladığı 10 səhifəlik xatirə yazısını oxumaq bəs edər.

Kitabın 12-ci - sonuncu hissəsində Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının "Millətəm" şeiri, mənim "Vətən sizdən başlanır" (Neftçala şəhidləri) adlı xatirə yazım və Neftçala şəhidlərinə və qazilərimizə həsr olunan şeirlər, Fərhad Əzizbəylinin "Vətən sevdalıları" və "Tabuta sığmayan şəhid" poemalarından parçalar və Elnur Uğur Abdıyevin "Hadrut fatehi" poemasından "Laçın dəhlizində şəhadət" parçası verilib.

Bu gün Azərbaycan xalqı şəhid qanı ilə müqəddəsləşən torpaqlarımızı ziyarət etdikcə qəhrəman övladlarının hünərilə öyünür, şəhidləri, qaziləri yetirən ata-analar qarşısında borcunu daha çox anlayır. Onların bu anlayışını, qədirbilənliyini biz qələm adamları - şairlər, yazıçılar öz əsərlərimizdə qələmə alırıq. "XXI əsrin Qarabağnaməsi"nin tərtibçilərinə təşəkkür edirəm ki, bizlərin də yazdıqlarına kitabda yer veriblər. Kitaba salınan şeirlərdən biri, qeyd etdiyim kimi, qazilərimizə həsr olunub.  "Qaziləri salamlayıram" adlanan bu şeirin ən layiqli yeri məncə bu kitabdır. Çünki qazilər şəhid yarısıdır. Onlar müqəddəs şəhidlərimizin şəhidliyinin şahidləridir. Özləri də təsadüfən sağ qalan şəhidlərdir. Təsadüf dediyimiz o məqam isə Allahın mütləq hökmüdür.

Haşiyə. Ağa Məhəmməd şah Qacar Şuşanı almaq istəyəndə günlərlə İbrahimxəlil xanın qoşunu ilə döyüşür, sonra qoşunu ilə şəhərin yaxınlığında məskən salır, 33 gün gah xoş dillə, gah hədə-qorxu gələrək çalışır ki, xanı itaətə gətirib Şuşa şəhərini ələ keçirsin. Bir gün şirazlı Seyid Məhəmməd Ürfinin qəsidəsindən bir beyt yazaraq çaparla İbrahimxəlil xana göndərir:

 

Zi məncəniqi-fələk səngi-fitnə mibarəd,

To əblahanə girifti miyani şişə qərar.

(Fələyin mancanağından fitnə daşı yağır,

Sən axmaqcasına şüşə içinə sığınmısan)

 

Xan da Molla Pənah Vaqifin yazdığı beytlə ona cavab göndərir:

 

Gər nigəhdari-mən anəst ki, mən midanəm,

Şişera dər bəğəli-səng nigəh midarəd.

(Əgər məni qoruyan mənim bildiyimdirsə,

O, şüşəni daşın qoltuğunda mühafizə edər.)

Ağa Məhəmməd şah Qacar bu cavabdan qeyzlənib hücuma keçir və məğlubiyyətə uğrayır, qoşununu yığıb Qarabağdan uzaqlaşır.

Bu misalı ona görə xatırladım ki, türklər, o cümlədən, Azərbaycan türkləri həmişə öz inancları ilə yaşayıblar. İlahidən gələn bütün informasiyaları elə poetik dillə də gələcək nəsillərə çatdırıblar.

Vətən müharibəsində od-alovun içindən salamat olmasa da sağ çıxan qazilərimizi  qoruyan bizim bildiyimiz "şüşəni daşın qoltuğunda mühafizə edən" Tanrıdır. Onlar şəhid yoldaşı, Tanrı əmanətidir.

Hesab edirəm ki, "XXI əsrin Qarabağnaməsi" Şəhidlərin ruhuna göstərilən ehtiram, şəhid ailələrinə və qazilərə isə Vətən müharibəsindən hüzünlü olduğu qədər də qürurverici xatirə ərməğanıdır. Kitabın ictimaiyyət tərəfindən təqdir və təşəkkürlə qarşılanacağına əminəm.

 

 

 

 

 





21.06.2022    çap et  çap et