525.Az

Səni unutmayacağıq, Böyük kapitan! - İbrahim Cəfərov yazır


 

XATİRƏSİ DAİM YAŞAYACAQ ELNUR ƏŞRƏFOĞLUNUN 48 YAŞINA

Səni unutmayacağıq, Böyük kapitan! - <b style="color:red"> İbrahim Cəfərov yazır</b>

14 sentyabr, 2021-ci il

- Salam, abi, necəsən?

16 sentyabr, 2022-ci il

- Salam, İbo, aparatdayam.

- İrəliləyiş var? Allah kömək olsun, abi, tez sağal.

- Hələ yox. Sistem də vurulur.

- İnşallah yaxşı olacaq, sən güclüsən. Sən nələrə qalib gəlmisən. Bu koronaya da qalib gələcəksən. Yormayım səni, özündən muğayat ol. Tez sağal, öpürəm.

 

"ÖLÜMÜ" DƏ ÖMRÜNÜ UZATMADI...

 

Yuxarıdakı bu qısa dialoq Elnur Əşrəfoğlu ilə messencerdəki (həm də bu dünyadakı) son yazışmamızdı. Həmin vaxt koronaya yoluxan Elnur müalicə aldığı klinikada süni tənəffüs aparatına yenicə qoşulmuşdu. Vəziyyəti kritik həddə çatmadığı üçün telefondan istifadə edirdi. Aparata qoşulsa da, ağlıma gəlməzdi ki, bir daha onunla ünsiyyət qurmaq imkanım olmayacaq. Müasir dünyamızda ölüm hər nə qədər ucuzlaşsa da, insan sevdiyi, dəyər verdiyi şəxslərin bu dünyadan gedişini heç vaxt təsəvvürünə gətirə bilmir...

Günlər keçdikcə Elnurun vəziyyəti hamımızın gözlədiyinin əksinə olaraq daha da pisləşirdi. Buna görə sentyabrın sonlarında anası Zöhrə xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etdi. Buna qədər yüzlərlə, minlərlə insanın şəfa tapmasına yardımçı olan ölkənin Birinci xanımı Elnur Əşrəfoğlunun da durumuna biganə qalmadı. Mehriban xanımın məsələni nəzarətə götürməsi hamımızın Elnurun sağalacağına olan ümidini daha da artırdı. Bəhram Bağırzadə kimi, uşaqlığımızın digər qəhrəmanı olan Elnur Əşrəfoğlunun da tezliklə ayağa qalxacağına əmin idik...

Gəl ki, amansız əcəl arzularımızın üzərindən xətt çəkdi. Oktyabın 11-də onun ölüm xəbəri yayıldı. Bu xəbər qısa zamanda sosial şəbəkələri matəmə bürüdü. Əksər hallarda hər şeyə tələsən millətimiz bu dəfə də "ənənəsinə sadiq qaldı". Elnurun ölümü ilə bağlı təəssüfünü bildirənlərin, şəklini paylaşanların sayı-hesabı yox idi... Lakin az sonra məlum oldu ki, Elnur sağdır, korona ilə ölüm-qalım savaşı davam edir. "Xəbəri yayan Elnurun ömrünü daha da uzatdı" deyərək sevinirdik də. Amma sevincimiz cəmi bir neçə gün çəkdi. Oktyabrın 19-da Elnur gözlərini əbədi yumdu. Xəbəri eşidəndə nələr keçirdiyimi bir Allah bilir. Təxminən 15 dəqiqə eyni yerdən tərpənə bilmədim. Əlimdə isə siqaretin biri o birini əvəz edirdi. Yağış da yağırdı. Bu, təkcə göylərin ağlaması deyildi, həm də axan göz yaşlarını gizlətmək bəhanəsi idi...

Aylar keçsə də, hələ də sənin ölümünlə barışa bilmirəm, Elnur. Bəlkə də, məndən incimisən. O dünyadan baxıb, "mənim haqqımda səndən başqa hamı yazdı" deyirsən. Bağışla, abi, amma yaza bilmirəm. Sən dünyanı dəyişəndə də, ölümünün 40 günü tamam olanda da, haqqında kitab nəşr olunanda da yazmağa çalışdım. Amma gözlərim önündə o qədər xatirə canlanır ki... Bilmirəm hardan başlayıb, harda bitirim. Kim bilir, bəlkə heç bu yazını da digərləri kimi sona çatdıra bilmədim, yarıda sildim...

UŞAQLIĞIMIZIN QƏHRƏMANI...

 

Ötən əsrin 80-ci illərinin sonu dünyaya gələn, futbol və jurnalistika ilə maraqlanan hər kəs üçün sən uşaqlıq qəhrəmanı idin. Biz səni aparıcısı olduğun "Sport daycest" verilişindən tanıdıq. Gələcəkdə şərhçi, jurnalist olmağı arzulayanlar özünü sənə və Altay Əliyevə bənzətməyə çalışırdı.

Bəxtim gətirdi ki, idman jurnalisti oldum. Çünki bu sahə mənim üçün təkcə sevdiyim işlə məşğul olmaq demək deyil, həm də səni daha yaxından tanımaq imkanım oldu, dostlaşdıq. Elə bir gün gəlib çatdı ki, AzTV-də canlı yayımda üz-üzə oturmuşduq. Sonra birlikdə xarici səfərlər, mütəmadi müzakirələr, bəzən futbolla bağlı mübahisələr...

Son illər isə bizi jurnalistlərin futbol çempionatı birləşdirdi. İllər öncə növbəti "Media kuboku"na sayılı günlər qalmış Elnurdan zəng gəldi və mənim yaradıcısı olduğum jurnalistlərdən ibarət "Bakı" komandasında çıxış etmək istədiyini dedi. Hətta yarızarafat, yarıciddi dedi ki, "əslində, özüm komanda yaratmaq istəyirdim, amma 3 nəfərə zəng vurdum, üçü də dedi ki, İbonun komandasında oynayıram. Ona görə fikirləşdim ki, elə mən də "Bakı"da çıxış eləyim". Yaxından tanıyanlar bilir ki, Elnur futbolda təkcə şərhi yox, həm də oynamağı əla bacarır(dı). Uzun illər ərzində AzTV-nin "Telefortuna" komandası ilə birgə təkcə ölkə daxilində deyil, ölkə xaricində də çempion və bombardir olmadığı yarış qalmamışdı.

Elnur o qədər sadə, təvazökar insan idi ki, komandamıza qoşulanda kapitan sarğısını ona təklif etsəm də, razılaşmadı, "Bakı" sənin komandandır, kapitan da sən olmalısan" demişdi. Elnur Əşrəfoğlu kimi idman jurnalistikamızın əfsanəsi adlandıra biləcəyim şəxslə bir komandada oynamaq bir yana, onun oynadığı komandanın kapitanı olmaq həqiqətən də qürurverici idi. O mənə "kapitan", mən isə ona "Böyük kapitan" deyə müraciət edirdim. Çünki kapitanlıq sarğısı məndə olsa da, istər meydanda, istər meydandan kənarda komandamızın lideri də, kapitanı da, döyünən ürəyi də məhz Elnur idi. "Bakı"da elə bir atmosfer yaratmışdı ki... Media turnirlərindən öncə həftədə iki dəfə futbol, ardınca qonaqlıqlar. Qələbələrimizi qeyd etmək üçün Elnurun digər sahədən olan dostları da tez-tez bizə qoşulardılar. Tanınmış aktyorlardan İlham Namiq Kamal, Çingiz Əhmədov, futbol azarkeşi Tariyel, İsfəndiyar, Yaşar dayı...

Bəzən dostlarımız deyirdilər ki, futbol bir yana, sizin məclislər nəyə desən dəyər. Bu məclislərin səbəbkarı da, təşkilatçısı da, bəzəyi də məhz Elnur idi. İstənilən şəxs telefonuna zəng etmədən belə, həftənin ikinci və beşinci günləri Elmlər Akademiyasının yaxınlığındakı qapalı stadionda Elnuru tapa bilərdi. Amma bir şərtlə ki, nə sözün varsa, yalnız futboldan sonra de. Çünki Elnur nəinki hansısa turnirə, adi oyuna belə çox ciddi yanaşardı. Uduzmağı qətiyyən sevməzdi. Futbolla nəfəs alardı. Hər oyundan öncə istənilən problemi həll etməyə hazır idi, yetər ki, oyun ərzində futboldan başqa heç nə düşünməyəsən və bütün gücünü meydanda qoyasan...

 

"525-Cİ QƏZET"DƏ BÖYÜK BİR MƏKTƏB KEÇDİM"

 

Elnurla bizi birləşdirən başqa bir cəhət isə "525-ci qəzet"di. O, 1992-ci ildə, məndən 12 il əvvəl "525-ci qəzet"də jurnalist kimi əmək fəaliyyətinə başlayıb. Müsahiblərinin birində Elnur Əşrəfoğlu jurnalistikaya - "525"ə gəlişi barədə belə demişdi: "Jurnalistikaya marağım çox idi. Səbuhi (jurnalist Səbuhi Məmmədli) mənə "525-ci qəzet"də işləməyi təklif edəndə, düşünmədən qəbul etdim. Redaksiya "Azərbaycan" nəşriyyatı ilə üzbəüz binanın 1-ci mərtəbəsində - "Müxalifət" qəzetinin redaksiyasında yerləşirdi. İki balaca otaq idi, qəzeti hazırlamaq üçün lazımi avadanlıqlar yox dərəcəsindəydi. Buna baxmayaraq, ilk gündən o balaca otaqlardakı atmosfer mənə xoş gəlmişdi. "525-ci qəzet" elə ilk sayından öz sözünü deməyi bacarmışdı. Qəzet nəyə görə populyar idi? Çünki kollektiv gənclərdən təşkil olunmuşdu, sərbəstlik var idi, qəzetin yaradıcısı Rəşad Məcid heç kimin işinə qarışmırdı. Bu, gənclərə rahat işləməyə, öz ideyalarını həyata keçirməyə imkan verirdi. Burada böyük bir məktəb keçdim. "525"də 1993-cü ilin payızına kimi işlədim. Qısa müddət "7 gün" və "Azərbaycan" qəzetləri ilə əməkdaşlıq etdikdən sonra 1993-cü ilin sonlarında Azərbaycan Televiziyasına işə düzəldim. 1994-cü ildə sonradan xeyli populyarlıq qazanan "Sport daycest" müəllif verilişimi hazırlamağa başladım. Burada "525"də öyrəndiklərim karıma gəldi".

 

ƏŞRƏFOĞLUNUN YADİGARI - MƏTİN ELNUROĞLU

 

Elnurdan yadigar iki övladı qalıb - bir qız, bir oğul. Yaşca kiçik olan Mətin də atası kimi futbol həvəskarıdır. Qəribədir ki, Elnur və yadigarı Mətinin azarkeşlik etdiyi İngiltərənin "Liverpul" klubu uzun müddət çempion ola bilmirdi. Bəzən Elnur zarafatca "bircə "Liverpul"un növbəti çempionluğunu görə bilsəydim..." deyirdi. Qismətdən 2020-ci ilin mayında, "Liverpul" 30 illik fasilədən sonra yenidən İngiltərə çempionu oldu. Və bu arzusu reallaşandan təxminən ilyarım sonra Elnur bizi birdəfəlik tərk etdi...

Mətin hazırda futbolla peşəkar səviyyədə məşğul olur. Kim bilir, bəlkə də gələcəkdə atasının həvəskar səviyyədə məşğul olduğu bu idman növündə böyük uğurlar qazandı. Erkən yaşda ata itirməyi Allah heç bir övlada qismət eləməsin. Çünki hər bir ata övladlarını yerbəyer etdikdən sonra gözünü birdəfəlik yummağı arzulayır. Elə Elnur da tez-tez Mətinin gələcəyi ilə bağlı düşünürdü. Amansız əcəl onun narahatçılığının əbəs olmadığını göstərdi. Amma atası bu dünyadan tez köçsə də, Mətin Elnurun dostları, əzizləri üçün bir əmanət, bir yadigardır. Mətin də bilir ki, atasının ruhu daim onu izləyir. Eynən bu fotoda Mətinin köynəyində yazıldığı kimi - "Ata hər zaman yanımdadır".

 

ALTAY ƏLİYEVİN DOST, HƏMKAR VƏFASI

 

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, ötən əsrin son, hazırkı əsrin isə ilk 10 illiyində Azərbaycanda futbol şərhçiliyi deyəndə göz önünə ilk növbədə Elnur Əşrəfoğlu və Altay Əliyev gəlirdi. Digər dostlar kimi, Altay Əliyevə də Elnurun vaxtsız ölümü çox pis təsir etdi. Etibarlı dost, həmkar olaraq o da dostunun, həmkarının, sabiq iş yoldaşının xatirəsini daim əziz tutur. Təsadüfi deyil ki, İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı ilə jurnalistlər arasında keçirilən minifutbol üzrə "Zəfər kuboku"nun baş sponsoru məhz Altay Əliyevin rəhbəri olduğu ETOPAZ şirkəti idi. Sözügedən turnirin final oyunu bu günə - iyunun 19-na təyin olunmuşdu ki, bu da səbəbsiz deyildi. Çünki bu gün Elnur Əşrəfoğlunun 48 yaşı tamam olurdu. İAM-ın sədri Elşən Məmmədov bizimlə söhbətində bildirdi ki, "Zəfər kuboku"nun final görüşünün 19 iyunda - Elnur Əşrəfoğlunun ad günündə keçirilməsi məhz Altay Əliyevin ideyası idi.

Bu gün final oyunundan öncə jurnalistlər, idman ictimaiyyətinin nümayəndələri səhər saatlarında E.Əşrəfoğlunun məzarını ziyarət etdilər, məzarına gül dəstələri qoydular. Yarışın final görüşü başlamazdan əvvəl isə Elnur Əşrəfoğlunun oğlu Mətin Şükürova ETOPAZ-ın rəhbəri Altay Əliyevin adından mükafat təqdim olundu.

Elnur, o dünyada rahat yat, dostların, səni sevənlər bu dünyadakı yadigarın olan Mətinə hər zaman dəstək olacaqlar. Sənin xatirən isə bir ömür boyu qəlbimizdə yaşayacaq. Səni heç vaxt unutmayacağıq, Böyük kapitan!

İbrahim CƏFƏROV

 

 

 

 

 





19.06.2022    çap et  çap et