525.Az

Əsl Hacı Nuru - Vahid Məhərrəmovun hekayəsi


 

Əsl Hacı Nuru - <b style="color:red"> Vahid Məhərrəmovun hekayəsi</b>

Günortaydı. Əlimdəki vacib işi təzəcə bitirmişdim ki, cib telefonuma zəng gəldi. Tələsik baxdım. Zəng vuran köhnə dostum Mahir idi. "Xeyir ola",- öz-özümə pıçıldadım. Onunla beş ildən çox bir təşkilatda işləmişdik. Mahir üç il əvvəl yaşına görə təqaüdə çıxmışdı. Arxada qalmış illər ərzində onunla bir-iki dəfə təsadüfən şəhərdə rastlaşmış, ayaqüstü də olsa, bir-birimizdən hal-əhval tutmuşduq.

Başqa iş yoldaşlarıma baxanda Mahir mehriban adam idi. Əgər içkiyə meyil salmasaydı, nəyə desən and içmək olardı ki, Mahir dünyanın ən saf, ən təmiz insanıdı. Amma nə edəsən ki, iş yoldaşımız içkiyə yaman aludə idi. Hansısa qonaqlıqda-filanda boğazımızı yüngülvari yaşlayandan sonra əlimizi araqdan çəkərdik. Qədəhləri bir az kənara qoyduğumuzu görəndə Mahir bizi ərkyana danlayıb deyirdi ki, sizinki içmək deyil ha! Siz araqla məzələnirsiniz, arağa hörmət etmirsiniz. Arağı bu cür görməmiş kimi içməsi xoşumuza gəlməzdi. Ona görə də yeri düşdükcə, Mahiri danlayıb az içməyini məsləhət görərdik. Dediklərimizi vecinə almaz, bildiyi kimi davam edərdi.

İndi köhnə dostumdan zəng gələndə fikirləşdim ki, yəqin, yenə də qonaqlıq, ya da toy var. Amma eşitdiyim xəbər məni xeyli təəccübləndirdi. Mahir salam-kəlamdan sonra tələsik dedi ki, Həcc ziyarətindən təzəcə qayıdıb, evində ehsan süfrəsi açıb, məni də əziz qonaqlarının arasında görmək istəyir. Sözün düzü, onun arağı tərgidib, haqq yoluna qayıtması məni xeyli sevindirdi. Mahirə mütləq gələcəyimi dedim.

Dəvət olunan yerə gecikmək təbiətimə yad olduğundan deyilən vaxtda onun darvazasını döydüm. Mahir həyət evində yaşayırdı. Yay vaxtı olduğuna görə süfrəni də çöldə açmışdılar. Evinə özünə ən yaxın hesab elədiyi adamları dəvət eləmişdi. Əvvəlki illərdə olduğu kimi, onunla  mehribancasına görüşdüm. Hacı adını ürəkdən təbrik etdim.  Hacı Mahir adı dilimə çox yaxşı yatdı. Hamımız onun başına yığışıb səfər təəssüratlarına qulaq asdıq. Köhnə dostum ziyarətə necə gedib gəldiyindən, yolboyu qarşılaşdığı, şahidi olduğu maraqlı hadisələrdən həvəslə danışdı. Həcc ziyarətinə getdiyinə, haqq yolunu tutduğuna görə sevinci yerə-göyə sığmırdı.

Tanıdığım vaxtdan bəri birinci dəfəydi ki, Mahirin süfrəsini içkisiz görürdüm. Bu vəziyyətdə süfrə gözümə çox yaraşıqlı görsənirdi. İçki qəbul etmədiyindən o həmişəki kimi şən deyildi, deyib-gülmürdü. Demək olar ki, əvvəlki Mahirdən əsər-əlamət qalmamışdı. Hiss olunurdu ki, Həcc ziyarəti, haqq yoluna qayıdışı onu tamam dəyişib. Ehsan məclisi başa çatanda onun Hacı adını bir daha təbrik edib sağollaşdım.

İki-üç aydan sonra Mahirlə təsadüfən bir tədbirdə rastlaşdıq. Bir az ordan-burdan danışıb, hal-əhval tutduq, söz-sözü çəkdi, ötənləri-keçənləri xatırladıq. Gördüm ki, başına fəs qoymuş dostum saqqal saxlayır, əlində də uzun, yaraşıqlı təsbehi var. Bu görkəmdə dostum əvvəlkindən yaxşı görsənirdi. Elə bil bir az da cavanlaşmışdı. Bunu onun özünə də dedim. Sonra dostumu bir tərəfə çəkib getdiyi müqəddəs yerlərə and verib soruşdum ki, Mahir, axı sən içkiyə çox meyilli idin, kişi kimi düzünü de görüm, arağın daşını necə ata bildin? Bir az duruxan dostum yaxınlıqda olanlar eşitməsin deyə, sualıma pıçıltı ilə cavab verdi. Dediklərindən yaman  məyus oldum. Mahir gözlərimin içinə baxa-baxa: "Səndən nə gizlədim, Həcc ziyarətinə gedib-gəlsəm də, içkinin daşını ata bilməmişəm. İndi hamının yanında yox, təklikdə içirəm", - dedi. "Daha bunun harası hacılıq oldu, ay Mahir? O cür müqəddəs yerlərə getmisənsə, bu yolu axıra qədər tut, içmə də! Bu hərəkətin Allaha acıq gedər", -  deyib onu məzəmmət elədim. Başını aşağı salıb, arağı yavaş-yavaş tərgidəcəyinə söz versə də, dediklərinə yenə də inanmadım.

Bu görüşümüzdən sonra bir daha Mahirlə rastlaşmadıq. Bilmədim ki, dostum içkinin daşını birdəfəlik ata bildi, yoxsa yox. Ötən illər ərzində köhnə dostumu görə bilməsəm də onun kimi hacılarla bağlı başıma bəzi xoşagəlməz işlər gəldi. Hamı bilir ki, təsadüfi qəzalardan qaçmaq mümkün deyil. Xoşagəlməz hadisələr harada olsa gəlib adamın yaxasından yapışır.

İsti yay günlərinin birində işıqforda dayandığım zaman başıma iş gəldi. Arxadan sürətlə gələn avtomobilin sürücüsü əyləci vaxtında basa bilmədiyindən maşınımı vurub əzdi. Başıma gələn hadisədən qanım it qanına döndü. Maşınından düşəndə gördüm ki, sürücü cavan bir oğlandır. O, ağzımı açmağa imkan verməyərək şirin dilini işə salıb dedi ki, dayıcan, narahat olma, həkiməm, özü də hacıyam, maşınınızı necə lazımdırsa düzəltdirəcəm. Bu sözdən sonra üstünə acıqlanıb bir söz demədim. Beş-on dəqiqə keçər-keçməz yol polisləri gəldi. Sürücülük vəsiqələrimizi və avtomobillərimizin texniki sənədlərini alandan sonra bizi şöbəyə apardı. Ətraflı izahat yazıb hadisənin necə baş verdiyini polislərə bildirdik. Hacı olan sürücü dedi ki, dayıcan, bu gün gecdir, sabah maşınınızı ustaya aparıb düzəltdirəcəm.

Danışdığımız kimi səhər ertədən Hacı ilə görüşüb ustanın yanına getdik. Usta maşının altına-üstünə xeyli baxandan sonra dedi ki, işləri qaydasına qoymaq üçün 350 manat pul lazımdır. Hacı ustaya 50 manat pul verib dedi ki, sən işə başla, qalanını da sabah çatdıracam. Sonra üzünü mənə tutub dedi ki, dayıcan, mən hacıyam, müqəddəs yerlərdə ziyarətdə olmuşam, özümün də böyük bir diş klinikam var. Pul sarıdan heç bir problemim yoxdu, nömrəmi də bilirsən. İnşallah, sabah ustanın haqqını artıqlaması ilə ödəyəcəm. İndi gedək polis şöbəsinə, ərizə yaz ki, mənimlə bağlı şikayətin yoxdu. Polisdən sənədlərimizi götürək, təcili iş çıxıb, sabah rayona getməliyəm. Mən də onun hacılığına, müqəddəs yerlərə getdiyinə inanıb dediklərini elədim. Fikirləşdim ki, Hacı adı daşıyanın, diş klinikası olanın birisi 300 manatın arxasından qaçmaz.

Sabahısı ustadan pulun çatıb-çatmadığını soruşanda ondan "yox" cavabı eşitdim. Ertəsi gün də elə oldu. Sonra Hacının nömrəsini yığdım. Telefonu açıb səsimi eşidən kimi dedi ki, dayıcan, yoldayam, rayondan qayıdıram. Narahat olma, getdiyim ziyarətgaha and olsun ki, inşallah, sabah ustanın pulunu verəcəm. Bu sözün qarşısında susub heç nə demədim. İki-üç gün arxada qalsa da, Hacıdan bir xəbər çıxmadı. Ustanın əl haqqını istəmək üçün yenə ona zəng vurdum. Deyəsən, Hacının telefonu bağlı idi. Bundan çox narahat oldum. Fikirləşdim ki, yəqin Hacı məni aldadır. Gün ərzində bir neçə dəfə cəhd etsəm də, ona zəng çatmadı. Onda başa düşdüm ki, bu Hacı da köhnə iş yoldaşım Mahir kimi yalançı imiş. Diş klinikası işlədən, Həcc ziyarətinə gedən və 300 manatın arxasında gizlənən birisinin arxasınca çox gəzmədim. Bu hadisələrdən sonra hacılar əməlli-başlı gözümdən düşdü.

Özünə Hacı ləqəbi götürən bir dostum da var. Onun həcc ziyarətinə gedib-getmədiyindən xəbərsizəm. Ziyarətdə olduğuna bir az şübhəm var. Çünki ziyarətə gedənlər adətən Hacı sözünü adlarının əvvəlində yazırlar. Mənim bu dostumsa həmin sözü adından sonraya keçirib. Buna görə də onun həcc ziyarətində olduğunu dəqiq bilmirəm. Amma bu müqəddəs yerlərə gedib-getməsindən asılı olmayaraq, o da yalançıdı. Yalançılığını ondan bilirəm ki, iki dəfə söz versə də, kitablarım haqqında heç nə yazmadı. İki dəfə də buna görə ona babat qonaqlıq vermişəm. Dediyi vaxtdan beş altı il keçib, hələ də özünə Hacı ləqəbi götürən dostum verdiyi sözə əməl eləməyib. Heç inanmıram ki, indən sonra nəsə bir iş görsün. Çünki bir atalar sözündə deyildiyi kimi: "Ət yeyən quş dimdiyindən tanınar". İstəyi olsaydı, indiyə qədər nəsə bir şey yazıb ortalığa çıxarardı. Kim bilir, bəlkə də verdiyi vədi də unudub. Belə xoşagəlməz işlər başıma gələndən sonra özümə söz verdim ki, bir daha hacıların nə özlərinə, nə də sözlərinə inanmayacam, onlardan uzaq gəzib dolaşmağa çalışacam.

Amma neyləyəsən ki, bəzən işlər elə tərs gətirir, verdiyin sözü yerinə yetirə bilmirsən. Çünki indi hara addım atırsan, hacılarla rastlaşırsan. İllər bir-birini əvəz etdikcə onların sayı da yavaş-yavaş çoxalır.

O günləri yaxın qohumlardan biri zəng vurub sevinə-sevinə dedi ki, təzə ev tikib. Bu münasibətlə yenicə yığışdığı həyət evində qonaqlıq verəcək. Əziz adamı kimi məni də məclisə dəvət edirdi.

Dediyi vaxtda qohumumgilə getdim. Sağlığına qismət olsun, qohumum şəhərdən bir az kənarda aldığı torpaq sahəsində özünə qəşəng həyət evi tikmişdi. Qonaqları da az deyildi, süfrə arxasında xeyli dost-tanış oturmuşdu. Bir saatdan sonra uzaqdan gələn qohum-əqrəba sağollaşıb getdi. Süfrə açılan otaqda bir az adamlar seyrəldi. Qohumumun həyat yoldaşı həmişəki kimi dadlı yeməklər bişirmişdi. Yeyib-içdikcə kefimiz durulurdu. Adamın kefi durulanda da, müvəqqəti də olsa dərd-sərini unudur.

Məclisin axırına yaxın qonşular gəldi. Gördüm ki, hamı bir nəfərə daha çox diqqət göstərərək: "Hacı, buradan otur, Hacı, oradan otur! Hacı, bu yeməkdən ye, o yeməkdən ye!", - deyir. "Hacı" kəlməsini eşidən kimi kefim bir az pozuldu. Hacılarla bağlı söz-söhbətlər yaddaşımda tərpəndi. Qonşuların "Hacı" deyib çağırdıqları cavan bir oğlan idi. Elə də imkanlı birisinə oxşamırdı. Qohumumdan onun nə vaxt ziyarətdə olduğunu soruşanda eşitdiklərimə inanmadım. O, dedi ki, qonşumuz Həcc ziyarətində olmayıb. Sadəcə çox xeyirxah olduğuna görə hamı ona "Hacı" deyir. Qapısına gələnlərə həmişə kömək edir. Gücü və imkanı çatdığı qədər qonşulara da əl tutur. Heç vaxt kimsəni darda qoymur, köməksiz buraxmır. Bəzən kiminsə qapısında saatlarla təmənnasız iş görür. Belə xeyirxahlığına görə də qonşular ona "Hacı" deyir. Vallah heç Həcc ziyarətinə gedənlər onun qədər mərd, açıqürəkli, xeyirxah deyil.

Qohumumun sözlərindən sonra bu cavan oğlanın üzünə diqqətlə baxdım. Onun sifətindən nur yağırdı, gözlərindən sevinc parlayırdı. Gülümsər çöhrəsindən Tanrıya razılıq süzülürdü. Qonşuların "Hacı" çağırdığı oğlan yaxşı insana oxşayırdı. Onun sevinclə parlayan gözlərinə baxanda qeyri-adi nur, qəribə işıq gördüm. Görünür, əsl hacılıq nuru elə bu imiş.

 

 





21.06.2022    çap et  çap et