525.Az

Gürcüstanda yeni mərhələ


 

Gürcüstanda yeni mərhələ<b style="color:red"></b>

İyunun 20-də paytaxt Tbilisi də daxil olmaqla Gürcüstanın bir neçə şəhərində - Zuqdidi, Batumi, Kutaisi və digər şəhərlərdə aksiyalar keçirilib. "Evimizə - Avropaya" devizi ilə keçirilən aksiyalarla həmrəy olaraq gürcü miqrantlar London, Praqa, Hannover, Paris, Budapeşt, Berlin, Hamburq, Ştutqart, Reykyavik, Afina və Brüsseldə də aksiyalar keçiriblər.

Aksiyaların keçirilməsində məqsəd Avropa seçiminin Gürcüstanın strateji seçimi olduğunu tərəfdaşlarına nümayiş etdirməkdir. İşğal əleyhinə "Utanc" vətəndaş hərəkatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aksiyalar Gürcüstanda son 30 ilin ən kütləvi aksiyası hesab olunur.

Avropa Komissiyası Moldova və Ukraynadan fərqli olaraq Gürcüstana Birlik üzvlüyünə namizəd ölkə statusunu verilməsini müdafiə etmədi. Gürcüstanın namizəd ölkə statusu alması üçün Brüsselin 12 tələbinin olduğu ortaya çıxdı. Bu tələblərin ən önəmlisi isə oliqarxsızlaşdırmadır. Bu tələb Rusiya-Çin tərəfdarı kimi xarakterizə olunan "Gürcü arzusu" iqtidarının "boz kardinal"ı və ən zəngin gürcü sayılan milyarder Bidzina İvanişviliyə qarşı yönəlib. Gürcüstanda və dünyada hər kəs anlayır ki, Bidzina İvanişvilinin dəstəyi olmadan "Gürcü arzusu" iqtidarda qala bilməz. "Gürcü arzusu" partiyasının monolitliyini təmin edən amil də məhz Bidzina İvanişvilidir.

"Evimizə - Avropaya" devizi ilə keçirilən aksiyanın sonunda təşkilatçılar yeni aksiyanın keçiriləcəyi günü elan ediblər. Məlum olub ki, növbəti aksiya iyunun 24-də keçiriləcək. Eyni zamanda, təşkilatçılar ölkənin Avropaya, inteqrasiyasına nail olmaq üçün yeni ictimai-siyasi hərəkatın yarandığını da elan ediblər.

Vətəndaş fəalları, jurnalistlər, siyasətçilər, tələbələr və həmkarlar ittifaqları fəallarının daxil olacağı yeni hərəkatın rəhbər orqanı olan Milli Şura yaradılacaq. Hərəkat öz tələblərini konsensus əsasında müəyyənləşdirərək hakimiyyətə təqdim edəcək. Tələblərə əməl edilməyəcəyi halda hərəkat üzvləri kütləvi itaətsizlik aksiyalarına başlayacaqlarını vəd ediblər. "Gürcüstanın bütün bölgələri və şəhərləri ayağa qalxacaq ki, qeyri-zorakı müqavimət dalğası ölkəmizin Avropaya inteqrasiyasına mane olanların hamısını yerlə-yeksan etsin". Bu tələbin isə Avropa Birliyinin 12 maddəlik tələbi ilə üst-üstə düşəcəyi və hakim "Gürcü arzusu" partiyasına qarşı yönələcəyi heç kimdə şübhə doğurmur.

Aydın görünür ki, Gürcüstanda yeni bir mərhələ başlayıb və bu, hakim "Gürcü arzusu" iqtidarına qarşı yönəlib. Yeni mərhələnin əvvəlki dövrlərdən fərqi iqtidara qarşı daxili və xarici təzyiqin görünməmiş səviyyəyə çatmasıdır. Məlum olduğu kimi, "Gürcü arzusu" partiyasının qurucusu milyarder Bidzina İvanişviliyə qarşı sanksiyanın tətbiqi təklifi Avropa Parlamentinin qətnaməsində yer alıb. Bunun ardınca "Gürcü arzusu" partiyasında yer alan digər gürcü zənginlərə qarşı da sanksiya tətbiq edilə bilər. Bundan başqa, avropalı siyasətçilərin də gürcü xalqına ünvanladıqları müraciətlərdə açıq-aydın Gürcüstan hakimiyyəti hədəf alınır. Gürcüstanda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi "Gürcü arzusu" iqtidarının "Evimizə - Avropaya" devizi ilə keçirilən aksiyalarının və yeni yaranan hərəkatın tələblərinə verəcəyi reaksiyadan asılı olacaq. 

 

 

 





22.06.2022    çap et  çap et