525.Az

Yaradıcılıq, mənəvi mühit və... - Südabə Ağabalayeva yazır


 

Yaradıcılıq, mənəvi mühit və... - <b style="color:red"> Südabə Ağabalayeva yazır</b>

Pandemiyanın ağır və gərgin ritmi bizə təkcə "kosmik tənhalığın" xofunu yaşatmadı, həm də həyatımıza, ətrafımıza, məsləkimizə yenidən baxmaq zərurəti  gətirdi. Xüsusən də hər cür fəaliyyəti tənzimləyən sosial normalar baxımından yanaşdıqda, daha artıq əmin olduq  ki,  texnologiyalar, elmi nailiyyətlər hansı səviyyədə inkişaf edir-etsin, bütün fəaliyyət sahələrində, insan münasibətlərində mənəvi-etik yanaşmalar və peşəkarlıq dəyişməyən dəyərlər olaraq qalır.

İstənilən situasiyada, ən müxtəlif vəziyyətdə  münasibətlər hüquq normaları ilə tənzimlənə bilər, mənəviyyat isə insanın böyüyüb formalaşdığı mühitlə bağlıdır. Bu mühitin keyfiyyəti çoxcəhətli və heç də asan olmayan qarşılıqlı münasibətlərin davamlı  mənəvi kriteriyaları ilə ölçülür. İctimai, mədəni mühitin inkişafını şərtləndirən əksər etik dəyərlərə ehkam kimi baxılması doğru olmasa da, virtual məkanın mahiyyətindən və bir az da insan xarakterindən asılı olaraq, azadlığın istismarı fonunda sürətlə artan mənəvi aşınmaların passiv seyrçisinə çevrilməyə də haqq qazandırılmamalıdır. Sosial şəbəkələrin imkan verdiyi qeyri-məhdud azadlıqdan geninə-boluna barınan  çoxluq müşahidəçi və tənqidçi mövqeyindən o qədər feyziyab olub ki, ağlına gətirə bilmir ki, bu pozada daha çox təbiətindəki bütün  mənfi cəhətləri faş etmiş olur. Mədəni-mənəvi balansın pozulması sözü gerçəklikdən uzaq düşmüş, daha düzü, ayrı salınmış dəyərə çevirib.

İş o yerə çatıb ki, bu gün ictimai rəyin formalaşmasında yalanla doğrunun imkanları eyni olub, hətta doğrunun meydanı gündən-günə daralır. Şantajla, yalanla, təhqirlə, təhdid və böhtanla, ədəbsizliklə görünmək, yadda qalmaq, vəzifə, mövqe, imkan və imtiyaz əldə etmək kimi kütləviləşmiş pis nümunə carilik  gətirməklə qalmayıb, mənəvi kapitalı - dəyərləri gərəksiz, bir çox halda yaşamağa, özünütəsdiqə və özünüifadəyə mane olan  artıq yükə, nəsnəyə çevirir. Mənəvi atmosferin ekosidi nəsillərarası bağları zədələməklə qalmır, nəyin yaxşı, nəyin pis olduğunu bilməkdən başlanan tərbiyə anlayışını məsxərə, ironiya hədəfinə gətirir. 

Zaman, cəmiyyət, onun təyinatı dəyişsə də, humanitar düşüncədə, yaradıcılıq subyektlərində "ənənəvi problemlər", ənənəvi mövzular dəyişmir: imkan və iddia arasındakı uyğunsuzluq, bəzi hallarda uçurum. Ədəbiyyatşünaslıq bunu faciə kimi dəyərləndirir. Nadan düşüncə isə, içində olduğu bu vəziyyəti görmür, ya görmək istəmir, uğursuzluğunda başqalarını günahkar bilir. Özfəaliyyət səviyyəsində olan imkanlarına, iddia və iştahasına mütləq  səbəb isə, aydındır: qısqanclıq, paxıllıq, gözügötürməzlik adında "Çin səddi".  Təsəvvür edin, oturmusuz, işinizlə məşğulsuz, özünü, iddialarını, iştahasını  realizə və idarə edə bilməyənin biri gəlir və deyir ki, nə vaxt gedəcəksiz, biz də bir vəzifə görək. Bu və bu tipli nadanlıqların nədən qaynaqlandığını təkrar etməyə gərək yoxdur. Gəncliyin maksimalizmi deyə haqq qazandıranlar da tapılar. Burada qəribi ağlamaq tutur, yadına düşür ki, yaxın illərəcən nəsillərarası "anlaşılmazlıqlar"  gündəmdə gərdiş edirkən, birdən-birə vəziyyət dəyişdi. Gənclərə meydan verilməməsi şikayətləri yaradıcılıqla məşğul olanlara təqaüdlərin verilməsi məsələsi ortaya çıxan kimi, 40-50 yaşlı "gənclər"in bir çoxu dərhal valı dəyişdilər və xatırladılar ki, nə gənclik, onlar yaşlı-başlı "qocalarla" bir sıradadırlar. Səbəb - gənclərə bir il ərzində verilən təqaüdün məbləği 200 manatdı; yaşlılarsa, 300 manat alırdılar. Əlbəttə, məsələnin sosial təminat yönündən baxanda kimisə qınamağa dəyməz, reallıq  budur ki, yaradıcı insanın maddi vəziyyəti bu gün də acınacaqlıdır, dövlətin bu vəziyyətə stimul kimi nəzərdə tutduğu bu imkandan hər yazıçının istifadə etmək haqqı var; ən azı, bir kitabını çap etdirər, bir layihəyə qoşula bilər, ailəsinin ehtiyacına sərf edər... Xoş məramdır, onu da başa düşmək gərəkdir ki, hamını razı salmaq çətindir, razılaşmaq lazımdır ki, seçim və sıralamada mümkün qədər ədalətli və həssas davranış  gözləmək də hamının haqqıdır. Bu baxımdan Yazıçılar Birliyinin ədəbi orqanlarında, az da olsa, qonorar verilməsi yaradıcı fəaliyyətə həvəsləndirmək, yaradıcı əməyin qiymətləndirilməsi kimi, kül altında közərən od misalı ümid, əlyeridir. 27 il əvvəl, ölkə iqtisadiyyatının ən ağır vaxtlarında Yazıçılar Birliyinin ədəbi orqanlarına müəyyən maliyyə vəsaitinin yönləndirilməsi ilə bağlı verilmiş sərəncamı yazıçılar bu gün də ürəkdolusu razılıqla xatırlayırlar. Amma bu gün istehlak səbəti, bazar reallıqları yaradıcı əməyin qiymətləndirilməsinə, qonorar sisteminə yenidən baxmağı qaçılmaz edir. Hələ ki, olanımızı vicdanla, ədalətlə və mümkün olduğu qədər səxavət və ən başlıcası, açıq ürəklə bölüşməkdə təsəlli tapırıq, Bəynmədiyimiz Sovet sisteminin qonorar siyasətinə qibtə edə-edə, azad Azərbaycanın yazıçısının "bir romana bir maşın ala biləcəyi" qonorar məmnunluğunu yaşayacağı ümidimizi, hələ ki, "varını verən utanmaz" məsəli ilə ovundururuq. Qonorarı alıb,  azına-çoxuna ağız büzməklə "feysbuk azadlığında" öz səviyyəsini, sosial statusunu "zooloji mənsubluq səviyyəsində" nümayiş etdirənlər də olur. Nə edəsən, kimin nəyi var, onu da qoyur ortaya... Amma təkcə qonorar xatirinə yazmaq, nəyin bahasına olur-olsun, çap olunmaq iddiası, "tələbi" redaksiya - müəllif münasibətlərinin elə arzuolunmaz mənzərəsini üzə çıxarır ki...  Bax, bu mənzərəni kimsəyə arzu etmək istəmirsən. Cəmiyyətin mədəni-mənəvi səviyyəsinin göstəricisini müəyyən etməli olan yazıçının düşüncə və davranışında  keçid dövrü xaosunun travmalarının fəsadlarının xroniki klinikasını müşahidə və hiss etmək təkcə ağrılı deyil, həm də  qorxuludur. Kim nə istəyir, elə yazır - bu, fərdin azadlıq nümunəsidir, arxasında statistik determinizmin durduğu bu nümunələrin milli azadlığa, milli özünüdərkə xidmət etdiyini iddia etməyə, gözləməyə dəyməz (Halbuki milli özünüdərk - artıq keçilmiş mərhələdir). Yazdığını redaksiyaya təqdim etmək, dərcini arzulamaq haqqını kimsə müəllifə qadağan edə bilməz. Amma müəllif unudur ki, seçim etmək də redaksiyanın hüququdur, bu hüququ "AYB üzvüyəm, mən ildə bir dəfə çap olunmalıyam" təhdidləri, vəzifə səlahiyyətləri... ondan ala bilməz. Yeri gəlmişkən, jurnal yalnız AYB üzvü olan müəllifləri dərc etmir, əsas olan mətndir, istedadın işartısdır. AYB üzvlüyü nə istedadın göstəricisidir, nə də çap olunmaq üstünlüyü verir. Üstəlik, redaksiya dərc etdiyi yazıya görə müəllifə qonorar verirsə, iddiası yerə-göyə sığmayan ədaların "bazar qanunlarından" baxanda da seçim etmək redaksiyanın haqqına işləyir. Nəyə pul vermək hər bir alıcının öz işidir, sən öz zay məhsulunu almağı ondan tələb edə bilməzsən, təkid və israr, "xod tapmaq, "tapşırmaq", ərkyana xahişlər işə yaramayanda, jurnal əməkdaşlarının peşəkarlığını, səriştə və zövqünü lənətləmək, bəsit və ucuz zövqünlə qiymətləndirmək, "sən dərdli, mən yaralı" züytutanlarınla birlikdə "qara piar", "səlib yürüşü"... aynanı vurub sındırmaq kimi gülünc və primitiv yoldur. "Belə olmaz, mən neçə illərdir yazı gətirirəm, məni çap eləmirsiz, sabah mənim bioqrafiyamda niyə yazılmasın ki, "Azərbaycan" jurnalında çap olunub?!" Aha! Bir yandan bəyənmir, sosial şəbəkədə hikkəsindən yazır ki, redaksiya ilan yuvasıdır, az qala nifrin edir, şikayətlə "qorxutmaq"dan qalmır, bir yandan da bioqrafiyasının qrafasında jurnalın yeri və çəkisi haqqında düşünür. Əgər pis yazıramsa, filankəs məndən niyə yazıb, filankəs oxuyub bəyənib, deyib, get, jurnal çap etsin. Adam filankəslərdən yazını, təbriki, məqaləni, resenziyanı, rəyi necə qopartdığını özü çox yaxşı bilir, düşünür ki, o xahiş-minnət, yalvar-yapışlar tetatet olub, kimsə görməyib, amma yazını hamı oxuyacaq, yazı bioqrafiyasının şanlı səhifəsində zəmanət, vizit kartı kimi qalacaq, amma onu bilmir ki, bu "sabun operası" ilə obıvatelin gözünə kül üfürə bilərsən, sənəti, şəxsiyyət, peşəkarlıq və ləyaqəti qiymətləndirən çoxluq, "hamam suyu ilə dost tutmaq" şakərilə "elektorat toplamaq" fəndgirliyinə güldüyü kimi, belə hay-küyün altında nə gizləndiyinı yaxşı bilir. Və istəyirsən, çox istəyirsən ki, yazıçı tanıyıram ki, bütün günü başqalarının yazılarını metr ədası ilə təftiş edir, az qala özündən başqa kimsənin yazdıqlarını bəyənmir, amma istedadsız "tanışının" xahişini edəndə, niyəsə "prinsipiallığını" unudur, "mən ölüm"ün biri bir qəpikdən havada uçuşur, bütün - bacarıq və səylərini səfərbər edib, həmin o istedadsızın yazısının jurnalda çapına nail olmağa çalışır, sonra yenə qabağa düşüb, mükafat siyahısına saldırır adını, sonra da səfərlər, ezamiyyətlər siyahısında bu həmin adlar dövr eləyir... O hörmətli filankəslər bircə dəfə də vicdanlarını papaq əvəzi qoysunlar qabaqlarına, "qapılarını, telefonlarını, kabinetlərini yağır edənlərin" sırtıqlığından can qurtarmaq haqqında düşünməsinlər, abrına qısılan istedadın xahişini etsinlər, yazının dəyərinə baxsınlar, gülümsəyən təbəssümlərin neon işıqlarına, miskin xahişlərin vədedici ərkinə yox. Belədə düşünürsən ki, bəlkə bu və bu qəbildən olan eybəcər vəziyyətlərin artmasının günahı onların qabağına düşənlərdədir?!. Tərəzinin gözü bir dəfə əyilirsə...

Bir yazının dərci məsləhət bilinmirsə, bu,  müəllifə "ölüm hökmü" oxumaq deyil, buna görə keçmiş şöhrət və yaradıcılığın tutalqa edilməsinə gərək yoxdur, neçə kitabın çıxıb, neçə dilə tərcümə olunmusan, əsərin hansı ölkənin hansısa dərnəyində səhnələşdirilib, hansı araçılıqlarla neçə müsabiqənin mükafatını alıb qoymusan evə, kitabına kim ön söz, son söz, ara söz yazıb, bunlara ehtiyac yoxdur, onsuz da əksər müsabiqələrin, münsiflərin iş prinsipi bir ovuc içi qədər kiçik olan ölkənin cameəsində hamıya bəllidir!.. Yazısına, istedadına arxayın olan müəllif nə redaksiya qapısını yağır edir, nə nigaran olur, sadəcə, növbəsini gözləyir, amma heç vaxt soruşmur ki, yazım hansı nömrədə gedib? (əzərdə tutulurmu yox ha, gedib!) Yazısının kimin redaktə etdiyini də soruşmaz, heç vaxt da deməz ki, filankəs kimdir ki, onun yazdığı nədir ki, mənim yazımı oxuyub, rəy bildirsin, bəyənməsin? Çünki həm də yüksək mədəniyyət sahibidir, yazıçıdır, sözə dəyər verir, yaradıcı əməyə hörmət bəsləyir, subordinasiya gözləyən mədəniyyət sahibidir. Yazısı geciksə də, dərc olunmasa da, heç vaxt "guya verdiyiniz yazılar nədir, görürük də kimləri çap edirsiz" - deyib, xislətinin naqisliyi ilə ətrafı zəhərləməz. Jurnalın mətn seçimi siyasəti "Əlyazmalara rəy verilmir və müəllifə qaytarılmır" qeydində ifadə olunub, bunu birdəfəlik başa düşmək və qəbul etmək bu qədərmi çətindir?!

Peşəkar təcrübə birmənalı qəbul edib ki, bir yazı bir redaksiyaya təqdim olunar, redaksiya qonorar verdiyi mətnin çap hüququnu da alır, redaksiya həmin mətni dərc etdikdən sonra müəllif onu təkrar nəşr üçün başqa yerə təqdim edə bilər. Bizdə isə bu sahədə bir mənzili bir neçə adama eyni vaxtda satmaq təcrübəsi hökm sürür. Yazını redaksiyaya təqdim edir, hələ yazı sifariş olunubsa, bu yazının oxunub dərcə hazırlanması üçün redaksiya əməkdaşları zəhmət çəkib, material çapa göndərilib, bir də görürsən bu du ha, həmin yazı, saytda, qəzetdə, sosial şəbəkələrdə dövr eləyir. Eyni vaxtda yaxın profilli nəşrlərdə görünmək şöhrət deyil, görünmək acgözlüyüdür. (Görünmək, gündəmdə olmaq, gözü yağır etmək peşəkarlıq deyil, ucuz şou effekti priyomudur, "toy tutmağa hesablanmış" bir  vasitədir. Bədii yaradıcılıq, ədəbiyyat şou maraqlarına yönəldilirsə, bu, sənətin və peşəkarlığın süqutudur). Bu sırada istinad mədəniyyəti bizim nəşrlərin hələ də çata bilmədiyi səviyyə olaraq qalır və bunun oğurluq olduğunu bilə-bilə bu adı özünə rəva bilənlər də nə qədər desən... Plagiat ifadəsini bilərəkdən yazmadım və bu oğurluğun altında qısqanclıq, şəxsi-qərəzlik kimi xəbis bir eybəcərliyi sezmək də çətin deyil. 

Yazılı söz təfəkkürün məhdudluğunu və bəsitliyini amansızca faş edir. Bu, xüsusilə son dövrlərdə dövriyyəyə məqsədli şəkildə salınan çap mediasına qarşı çox uğursuz çağırışların fonunda daha qabarıq görünür. səbəbləri təkcə elektron medianın sürət və operativlik baxımından üstünlüyü, əlçatanlığı və digər məziyyətləridir. Amma bunların özünəməxsusluqları ilə yanaşı, ümumi, ortaq xüsusiyyətləri də inkar oluna bilməz.

Hər bir məsələnin cəmiyyətin müzakirəsinə çıxarılması özlüyündə yaxşı işdir. Amma bu  tipli müzakirələrdə naşılıq, közü öz qabağına eşmək, qeyri-peşəkarın savadsızlığı, ən əsası, polemika mədəniyyətinin yoxluğu ictimai rəyi yanıltmaq məqsədinə rəvac verir. İnternet resursları ilə yazılı medianın qarşılaşdırılması zamanı nəşrlərin  profilinin, dövriliyinin nəzərə alınmaması qeyri-peşəkarlq nümunələrinin sayını artırır, bu qədər. İkincisi, ittiham ladında köklənmiş bir müzakirədə tərəflərin bərabər qaydada təmsilçiliyini təmin etməyi "unudan" Dəyirmi masa moderatorlarının qəzetlə jurnalın, saytla qəzetin prinsip özünəməxsusluqlarını ağlına belə gətirmədən "separat danışıqlar" formatında yönləndirdiyi söhbətdən çıxarılan nəticəni qısaca ifadə etmək istəyəndə, niyəsə, yadıma Sokratla bağlı bir pritça düşür. Oxuculardan üzr istəyərək, həmin pritçanı bu yazıya əlavə edirəm: deməli, bir gün Sokrat şəhər meydanına gələrkən bir uzunqulaq yolunun üstündə ağnayıb Sokratın üst-başını toza bulayır. Sokrat heç nə olmamış kimi, halını-tövrünü pozmadan yoluna davam edir. Meydandakılar arasında Sokratı sevməyənlər fürsət bilib ona lağ edirlər: "Yerdən bir çubuq götürüb uzunqulağı vurub qova bilməzdin?" "Sokrat tövrünü pozmadan sakitcə deyir: "Yox, çünki uzunqulaq yanından ötənin Sokrat olduğunu bilmir, amma mən onun uzunqulaq olduğunu bilirəm!"

Bir müddət əvvəl qəzetlərin birində ədəbiyyat profilli media orqanlarının fəaliyyətinə həsr olunmuş "müzakirə" keçirilmişdi, iştirakçıların az bir qismi peşəkar zövqü şübhə doğurmayan insanlardı və elə məhz onların xatirinə yazıya göz gəzdirmək olar deyib, mətni gözdən keçirəndə, təəccübləndim; mövzuya metodoloji yanaşma yanlış olmaqla yanaşı, məsələnin qoyuluşu qeyri-peşəkarın diletant yanaşmasından başqa bir şey deyildi, başdan-ayağa bir niyyətə köklənmişdi ki, varsa da bizik, yoxsa da bizik, ədəbi proses deyilən hər nədirsə, onu hər üzünə biz idarə edirik, bizdən başqası yalandır... Ətrafını kiçiltməklə, aşağılamaqla özünü yüksəkdə hiss etmək - məhz aşağıda olanın yaşadığı natamamlıq kompleksidir, başqa heç nə.

Müzakirələr, masaətrafı toplaşmalar ictimai əhəmiyyətli məsələlərlə bağlı problemlərin həlli yollarını aramaq, ümumi işin xeyrinə təkliflər vermək, faydalı nəticələrə gəlmək üçündür, kimlərisə "yıxıb-sürümək", kin, qərəz qusmaq, yoluna maneə bildiklərinə badalaq vurmaq vasitəsi deyil. 

Aşkar-gizli, fərq etməz, hər cür xidmətin, fəaliyyətin mahiyyətində müəyyən  təkidlər və təkliflər var. Onlar cəmiyyətin mənəvi durumuna, cəmiyyət üzvlərinin bədii-estetik, intellektual inkişafına bu və ya digər dərəcədə təsir edir, bəzən seçimə vaxt və imkan da vermir.

Kütləvi mədəniyyət, kütlə psixologiyası yaradıcı, ağıllı münasibəti yox, nəfsin və emosiyanın idarə etdiyi səviyyənin azadlığını təbliğ edir, yəni asana qaçır. Bazar münasibətlərinin idarə etdiyi mühit qazancın mənəvi kapital adına xərclənən əxlaqi sərvətlərini talan edir. Bütövlükdə psixoloji aşınmalara məruz qoyulmuş insanı, sosial şizofreniya yaşamağa məhkum qalmış cəmiyyəti gözləyən təhlükələrin kütləviləşməsi həm də onların "zamanda davamlılığını" şərtləndirir.     

İki ilə yaxındır ki, üz-üzə qaldığımız naməlum düşmən - pandemiya bizdən ailədə, cəmiyyətdə, iş yerində, kollektivdə davranış və ünsiyyətimizi mənəvi  normalarla bağlı təlimlərlə tənzimləməyi  diktə edir. Odur ki, hər bir fərd, xüsusən yaradıcı insan, mənəvi məsuliyyət hissini ziyansız təqdimatın gözlənilməsinə səfərbər etməyi unutmamalıdır. Bu, yalnız subyektiv qənaət və müşahidələrin nəticəsi kimi düşünülməməlidir, Postulat bioetika elminə əsaslanır. Elmin müxtəlif sahələrini əhatə edən bioetikanı həyat etikası da adlandırırlar. Mənəvi münasibətlərin kriteriyaları haqqında elm olan bioetika  bioloji və insani keyfiyyətlərin birləşməsidir. Ötən əsrin 69-cu ilində bu termini ilk dəfə işlətmiş amerikalı bioloq V.Potterin bu qənaəti insan hüququna və insan ləyaqətinə hörmət hissini sağlamlığın bərpası, əldə olunması və qorunmasında əsas amil kimi görür. Bir-birinə sözlə, məsləhətlə, tədbirlə kömək etmək borcunun vacibliyini insanlara xatırladan deontologiya da münasibətlərdə etik məqamların gözlənilməsini vacib, zəruri, mühüm sayır. Demək olar ki, bütün peşə, sənət, ixtisaslar üzrə etik prinsiplər tövsiyə olunur.

Bioetikanın da, deontologiyanın da elm kimi təqdim və müdafiə etdiyi bu yanaşmalar ədəbiyyatın, bədii sözün bətnində böyüyüb. Demək olar ki, bütün fəlsəfi təlimlər, hər cür yaradıcılıq konsepsiyaları şəxsiyyət-cəmiyyət münasibətlərində ahəng axtarıb, onu qorumağın yollarını təklif edib. Bu gün də bu axtarışlar davam edir. Əgər nəticələri ümumiləşdirsək, belə demək mümkündür: cəmiyyətin və insanların problemi, əsasən,  ünsiyyət və münasibətlərdə intonasiyanın düzgün qoyulmamasından, münasibətlərin sərhədlərini və adını düzgün qoya bilməməkdən yaranır. Bu da hökmən təqdimat mədəniyyətinin arzuolunmaz səviyyəsini formalaşdırır. İnsan özü haqqında nə düşünürssə, hansı fikirdədirsə, o deyil, nəyin haqqında, necə düşünürsə, odur.

 

 





22.06.2022    çap et  çap et