525.Az

"Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və Roma Papası" - Bir rəsmin dedikləri


 

"Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və Roma Papası" - <b style="color:red"> Bir rəsmin dedikləri</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Elarizdir. Onunla Xalq rəssamı Ağəli İbrahimovun "Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və Roma Papası" əsəri haqqında danışmışıq.

Ağəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1960-1966-cı ildən Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.1969-1974-cü illərdə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsilini davam etdirib.  Rəssam 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Bu gün təhlil edəcəyimiz əsərin "Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Roma Papası" adlı tablosudur.

 

 

- Elariz bəy, Ağəli İbrahimovun "Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Roma Papası" əsərin yaranma tarixçəsi haqqında nə bilirik?

- Tablo  Azərbaycanın yeni dövr rəngkarlığında öz rəsmləri və portretləri ilə  sözünü demiş Ağəli İbrahimov tərəfindən 2009-cu ildə yaradılıb. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin bədii obrazı müasir təsviri sənətimizin çox maraqlı və aktual, eyni zamanda, rəngarəng olan mövzusudur. Azərbaycanın və dünyanın bir çox rəssamları Ulu öndərin bədii-estetik baxımdan mükəmməl portretlərini yaradıblar. Lakin Ağəli İbrahimovu bu rəssamlardan fərqləndirən özəl cəhəti onun burada Heydər Əliyevin xüsusi siyasi bacarığını, dünyanın digər dövlət başçıları ilə siyasi diplomatik istiqamətdə görüşlərini təsvir etməsidir.

Ulu öndərin çoxcəhətli məqsədyönlü fəaliyyəti və düşünülmüş siyasəti dövr sənət adamlarının xüsusən də rəssamların və portret ustaların diqqətindən yayınmırdı. Onlar Ulu öndərə ithafən əsərlər yaradırdılar. Ağəli İbrahimovun "Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Roma Papası" tablosunu yaratmaq istəyi buradan qaynaqlanır. Onun zamansızlığa və məkansızlığa qovuşan əsərlər birmənalı olaraq muzeyləri və şəxsi qalereyaları bəzəməkdədir. Görkəmli sənətkar əsrarəngiz əsərlərinın və haqqında danışdığımız Ulu öndərin tablosunun yüksək qiymətləndirilməsi nəticəsində  2002-ci ildə Əməkdar incəsənət xadimi,  2006-cı  ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb.

- Əsər hazırda harda saxlanılır?

- 2009- cu ildə yaradılan əsər hazırda Vatikan muzeyində saxlanılır və bütün dünya turistləri və nümayəndələri üçün Azərbaycan təsviri sənətinin mükəmməl nümunəsi kimi nümayiş etdirilir.

- Tablonun  rəng koloriti haqqında nə deyə bilərsiniz?

- Əsərdə isti və soyuq rənglərin çuğlaşmasını görürük. Burada mavi və ağ tonlar qırmızı tonlarla vəhdət halında birləşərək gözəl bir kolorit yaratmışdı. Təbii ki, rəngkarlıq sahəsində Ağəli İbrahimov isti və soyuq rənglərin cilalanmasını çox mükəmməl şəkildə verə bilib.

- Əsərin kompozisiyası barədə nə düşünürsünüz?

- Əsərin kompozisiyası dəqiq və məntiqli qurulub. Buna görə də tablo ilk baxışdan maraq doğurur. Kompozisiyanın maraqlı və cəlbedici qurulması rəssamın böyük məntiqi və unikal fırça ustası olmasını bir daha sübut edir. Ulu öndər Heydər Əliyev mövzusunda bir çox Azərbaycan və dünya rəssamlarının əsərlərindən nümunələr görsək də, bu əsərin kompozisiya fərqi ön planda əsas obraz kimi Heydər Əliyev və onunla əl sıxan Roma Papasının  təsvir olunması idi.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Əsərə ilk baxanda orada səmimilik, bir yaxınlıq duyulur. Tabloda Ulu öndərin Roma Papası ilə görüşü təsvir edilib. Daha dəqiq desək, həmin dövrdə Azərbaycan xalqı üçün acınacaqlı keşməkeşli bir dövr idi. Məhz Azərbaycan xalqının xilaskarı Heydər Əliyevın uzaqgörən siyasəti nəticəsində Azərbaycan Avropa dövlətləri ilə ictimai, siyasi-iqtisadi əlaqələr qururdu. Rəssam da burada onu göstərmək istəyib ki, dövlətin nə qədər taleyüklü problemləri olsa da, Ulu öndər sayəsində Azərbaycan xalqı, mədəniyyəti, məişəti dünyada təmsil olunur, dövlətçiliyimiz formalaşırdı.

Sonda onu da qeyd etmək istərdim ki, Ağəli İbrahimov pedaqoji fəaliyyətlə də məşğul olur, hazırda Bakı Xoreoqrafiya Akademiyasında pedaqoq kimi mənə rəngkarlığın bədii sirrlərini tədris edir.

Aytac SAHƏD

 

 





22.06.2022    çap et  çap et