525.Az

Samuray mənəvi ruhu yaşayır - Telman Orucov yazır


 

Samuray mənəvi ruhu yaşayır - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

Bütün bunlar militarist Yaponiyasının işğal siyasətinin insanlığa qarşı olan cinayətlərini aydın göstərir. Bu cinayətlər və böyük ərazilərin işğalı xalqlara və onun özünə görünməmiş bədbəxtlik gətirdi, buna görə də militarizm ilə birdəfəlik vidalaşmaq zərurəti yarandı.

  Yapon hərbi rəhbərliyi müharibənin son iki ilində ABŞ donanmasına qarşı gücsüzlüyünü bütünlüklə hiss edirdi. Ona görə də onun gəmilərini partlatmaq üçün kamikadze adlanan gənc pilotlardan1944-cü ildən başlayaraq kütləvi qaydada istifadə etməyə başladı. Onların idarə etdikləri hərbi təyyarələrin bakı yalnız bir istiqamətə, gəmilərə qədər uçuş üçün yanacaqla doldurulurdu. Pilotlar bomba yüklü təyyarəni gəmilərə çırpıb, onu partlatmağa cəhd edirdilər, ən azı ona hiss edilən xətər yetirirdilər. Kamikadze "ilahi külək" demək idi və XIII əsrdə tufana, tayfuna çevrilən bu külək Çin gəmilərində üzən monqol ordusunun Yaponiyanı işğal etməsi planının reallaşmasına imkan verməmiş, donanmanı və canlı qüvvəni darmadağın etmişdi. Kamikadze pilotların meydana çıxması bir əsrə yaxın müddətdən sonra samuray ruhunun intibahı, reinkarsasiyası demək idi. Yaponiya samurayların özünü qurban vermək kimi fədakarlığından istifadə etmək yolunu yenidən tutmağa məcbur olunmuşdu. Ağır, şiddətli hücuma məruz qalan hərbi xadimlər üfüqdə məğlubiyyətin alatoranlığı görünəndə samurayların təcrübəsindən faydalanmaq istəmişdi. Bu, müəyyən fayda versə də, Yaponiyanı qapını döyən məğlubiyyətdən xilas edə bilməzdi və ölkənin şəhərləri, sənaye mərkəzləri amerikan bombardmanlarından viran qalırdı.

Amerikanlar 1945-ci ilin avqustunun birinci ongünlüyündə iki şəhərə atom bombası atdılar. Hirosima və Naqasakini viran qoyan və mülki əhalinin kütləvi qırğınına səbəb olan bu yeni silah növünün tətbiqi olduqca dəhşətli bir tədbir idi. ABŞ prezidenti Harri Trumen bunu bir milyon amerikan əsgərinin qarşıdakı döyüşlərdə ehtimal olunan itkisinə yol verməmək məqsədini güddüyü ilə izah etmişdi. Trumenin bu mülahizəsi heç də əsassız deyildi.  Mərhum prezident Franklin D.Ruzvelt hələ Tehran konfransında (noyabr-dekabr 1943-cü il) ürək ağrısı ilə demişdi ki, bir yapon əsgərinin məhvi on dəfə artıq amerikan əsgərinin həlak olmasına səbəb olur. Bu, amerikanlara olduqca ağır gəlirdi, onlar insan həyatının itkisini böyük kədərlə qarşılayır, onu böyük faciə hesab edirdilər. SSRİ-də isə döyüşlərdə ağır itkiyə yol verilməsi adi hal hesab edilirdi. Bunun nəticəsində II Dünya müharibəsində ümumi həlak olanların sayında Sovet adamları onların yarıdan çoxunu təşkil edirdi.

Bəzi məşhur Sovet sərkərdələri kütləvi əsgər itkisinə anlaşılmaz bir laqeydliklə yanaşırdılar, onu məqsədsiz atılan pulemyot gülləsinin gilizindən fərqləndirmirdilər. Təkcə Rjev döyüşlərində canlı qüvvənin bir milyondan artıq itkisinə yol verilmişdi. Epir çarı Pirr Romaya qarşı İtaliyadaki iki döyüşdə (b.e.ə. 280-279-cu illər) ağır itki verməklə qələbə çaldıqdan sonra demişdi ki, növbəti belə bir qələbə mənim ordumu yoxa çıxaracaqdır, buradan da "Pirrin qələbəsi" məfhumu əmələ gəlmişdir. Sovet ordusunun və xalqının qələbəsi isə olduqca mühüm tarixi hadisə  olmaqla, tam fərqli xarakter daşıyırdı, buna böyük itkilər vermədən də nail olmaq çətin məsələ idi.

Alman orduları üzərindəki qələbə dünyanı faşizm ağalığı təhlükəsindən azad etdi. Bu zəfəri başa gətirənlərin xatirəsi unudulmayacaq, daim əziz olaraq qalacaqdır.

Özlüyündə tarixdə ilk dəfə amerikanlar tərəfindən atom bombasından istifadə edilməsi isə əslində insanlığa qarşı zidd bir hərəkət idi. Bəzi yapon tarixçiləri bunu "sarı irqə" qarşı rasizm kimi qiymətləndirir və deyirdilər ki, hətta Hitler məğlub olmayıb, vuruşunu davam etdirsəydi, yalnız "ağ irqə" mənsubluğuna görə ona qarşı bu silahdan heç də istifadə edilməzdi. "Sarı irqə" aid olduğuna görə guya məhz Yaponiyaya qarşı belə kütləvi qırğın silahı işlənmişdi. Yüz minlərlə dinc insanın itkisinə səbəb olan atom silahının tətbiqinin dəhşəti, ciddi bir əsası olmayan istənilən iddialara da haqq qazandıra bilər.

 Yaponiyaya vurulan belə ağır zərbədən sonra, 14 avqustda imperator Hirohito radio ilə çıxış edib, xalqa müraciət etdi. Bu vaxtadək onun səsi eşidilməmişdi, axı o, yerdəki allah hesab olunurdu. İmperator xalqı və ölkəsini qoruyub saxlamaq naminə təslim olmaq tələbi ilə razılaşmaq lüzumunu qeyd etdi. 15 avqustda isə yaponlar müqaviməti dayandırdığından müharibə başa çatdı. 2 sentyabr 1945-ci ildə ölkənin xarici işlər naziri Yaponiyanın qeyd-şərtsiz təslim olması aktını amerikalıların "Missuri" gəmisində imzaladı.

Yaponiya şəhərləri viran qalmışdı. ABŞ silahlı münaqişədə əzdiyi öz dünənki düşməninə siyasi, iqtisadi, sosial yardım göstərdi, həm də dövlət onun himayəsi ilə yaradılan yeni konstitusiya ilə demokratik quruluş relsinə salındı. Ölkə öz yarasını sürətlə sağaldırdı və az müddətdən sonra xarici maddi kömək göstərilməsindən imtina etdi.

Müharibədən sonrakı iqtisadi sağalma Yaponiyanın həm də iqtisadi yüksəlişinə yol açdı. Geniş mənada öz mahiyyətinə görə, yapon iqtisadi möcüzəsi adlanan  hadisə II Dünya müharibəsinin başa çatmasından Soyuq müharibənin sonuna qədər davam etdi.

Yapon iqtisadiyyatının müharibədən sonrakı durğunluqdan çıxması və inkişafı dörd mərhələyə bölünür. Bunlar 1946-1954-cü illəri əhatə edən sağalma, 1955-1972-ci illərdəki yüksək artım, 1972- 1992-ci illərdəki sabit artım və 1992-2017-ci illərdəki aşağı artım dövrləridir.

İqtisadi sağalma prosesinə Koreya yarımadasında gedən müharibə (1950-1953-cü illər) də köməklik göstərdi. ABŞ hərbçiləri müharibədə iştirak etdiyinə görə onların paltar və digər məişət malları ilə təchiz edilməsi Yaponiya sənayesinin üzərinə düşmüşdü. Həm də Yaponiya Koreyada vuruşan amerikan silahlı qüvvələri üçün logistika sahəsində də yaxından iştirak edirdi. Çünki ABŞ-dan gəmi ilə həmin malların daşınması hərbi problemlərə səbəb ola bilərdi. Bu növ tələbatların mövcudluğu yapon iqtisadiyyatının sürətlə sağalmasında mühüm rol oynadı.

Digər tərəfdən Birləşmiş Ştatlardan kömək alması və daxili iqtisadi islahata nail olması Yaponiyanı 1950-ci illərdən 1970-ci illərə qədər olan dövrdə, obrazlı deyilsə, yüsəkdə uçmağa qadir etdi və o, Şərqi Asiyanın inkişaf etmiş ölkələrindən birincisi oldu.

1955-1972-ci illərdəki yüksək artım tempi iqtisadi möcüzənin baş verməsinə səbəb oldu. Bu qəfləti uğur illəri ərzində Yaponiya dünyanın ikinci böyük iqtisadiyyata malik olan ölkəsinə sürətlə çevrildi. Ona görə də bu dövr həm də Qızıl Altmışıncı illər adlanır. 1960-1964-cü illərdə Baş nazir olmuş Nayato İkeda, o, bundan əvvəl isə Beynəlxalq Ticarət və Sənaye naziri olmuşdu, ambisiyalı "Gəlirin ikiqat artırılması planı"nın müəllifi sayılır. Həmin plana görə, Yaponiyanın ümumi daxili məhsulu (ÜDM) on il ərzində iki dəfə artmalı idi. Bu, sadəcə şüar deyildi, real vəzifə olmaqla, onu həll etmə vasitələri də hazırlanmışdı. Bu dövr həqiqətən də rekord artım illəri kimi tanınır. İqtisadi möcüzənin başlanğıcı isə 1965-ci ilə təsadüf edir.

İkeda hökuməti "Gəlirin ikiqat artırılması planı"nı həyata keçirmək üçün investisiyanın hədəf seçilməsinə görə vergiləri azaltdı, sosial təhlükəsizlik şəbəkəsini genişləndirdi, ixracı intensiv olaraq artırdı və sənaye inkişafını həyata keçirdi. Kredit faizi xeyli azaldıldı, infrastruktura hökumət investisiyası böyüdü, ticarət liberallaşdırıldı. İkeda yapon iqtisadi möcüzəsinin mühüm fərdi arxitektoru olmaqla, həm də ağır sənayenin inkişaf etdirilməsi siyasətini aparırdı.

Yuxarıda qeyd olunan plana görə, on il ərzində Yaponiya iqtisadiyyatının həcminin iki dəfə artması nəzərdə tutulmuşdu, bu da ildə ÜDM-nin 7,2 faiz armasına nail olmaq demək idi, lakin artım tempi  planda nəzərdə tutulduğundan daha yüksək olmaqla, ildə 10 faizdən yuxarı oldu və 7 ilə iqtisadiyyatın həcmi iki dəfə böyüdü. 1980-ci ildə 1965-ci ilə nisbətən, yəni 15 il sonra ÜDM 11 dəfə artaraq, 1 trilyon ABŞ dollarını təşkil etdi. 1980-ci ildə Yaponiya həm də digər ölkələrə beynəlxalq iqtisadi kömək göstərməkdə ABŞ-ı ötüb keçərək, dünyada başlıca donor dövlətə çevrildi. Sürətli inkişafa dair başqa bir misal da çəkmək olar. 1958-ci və 1987-ci illər arasında baş verən tarixdə görünməmiş ən yüksək inkişafın bir sıçrayışını qeyd etmək olar. Bu dövrdə əhalinin orta real gəliri beş dəfə artmışdı.

Lakin 1992-ci ildən başlayaraq ÜDM istehsalı aşağı templə artmağa başladı. 2010-cu ildə onun ABŞ-dan sonra ikinci qüdrətli iqtisadi dövlət olması yerini daha sürətlə inkişaf edən Çin Xalq Respublikası tutdu. 

 

Militarizmin bəlaları və ehtirasla çalışma nümunəsi

 

Yapon xalqı olduqca işgüzar xalqdır, əsrlər boyu bu xüsusiyyət onların şüuruna, düşüncələrinə hopmuşdur və özünəməxsus mühüm keyfiyyətləri ilə onlar daim seçilmişlər. Onların əməyə təbii tələbatdan irəli gələn xüsusiyyət kimi baxmalarına, qəribəlik həddində olan zəhmətkeşliklərinə, daha doğrusu, fəal əməyə vurğunluqlarına, işin uğuru naminə sağlamlıqlarını, hətta bəzən canlarını qurban vermələrinə təəccüb qalmamaq olmur, axı bunlar az qala fantastik xarakter daşıyır. Ona görə də qədim yunan filosofu Sokratın, öz qədim həmyerlilərini hərəkətə gətirmək üçün təklif etdiyi mozalan sancması prinsipindən istifadə zərurəti bu xalq üçün yaddır. Yaponlar hansı sahənin inkişafına öz əməyini və ağlını sərf edirdisə, adətən olduqca yaxşı nəticələrə nail olurdu. Bu da onların hər bir işə, hər bir məqsədin və vəzifənin həyata keçirilməsinə əsl ehtirasla girişməsi ilə əlaqədar idi.

Vaxtilə Meydzi Bərpası xaricin imperialist ekspansiyasından qorunmaq və öz imperiyasını genişləndirmək məqsədilə həm də militarizm yolunu tutmuşdu. Yaponiya XIX əsr Prussiyasını, imperator Mutsihito isə miniatür qaydada öz müasiri, kansler Otto fon Bismarkı yada salırdı. Asiya və Sakit Okean regionunda Yaponiya özünü ağa kimi görməyi arzulayırdı və II Dünya müharibəsinin ilk iki ilində buna əsasən nail olmuşdu. Lakin militarizm əvvəllər nə qədər dadlı meyvələr verirdisə, sonralar ABŞ-ın və müttəfiqlərin güclü səyi ilə yapon siyasi və hərbi rəhbərliyinə zəhərli meyvələri də daddırmalı oldu.

Çoxlu əraziləri - Çinin və Hind-Çinin bir hissəsini, Filippini, İndoneziyanı və Sakit okeandakı adaları işğal edən Yaponiya silahlı qüvvələri II Dünya  müharibəsinin son iki ilində isə əvvəlki iki ilin tam əksinə, bütün sahələrdə ağır məğlubiyyətə uğrayıb, olduqca azacıq bir itki ilə yalnız öz ərazisini qoruyub saxlaya  bildi. Taleyran Vyana Konqressində "legasy" -  "irs" terminini ortaya atmaqla Fransanın Napoleondan sonrakı ərazi bütövlüyünü qoruyub saxladığı kimi, Yaponiya da ABŞ-ın siyasi və hərbi nüfuzuna boyun əyməklə öz ərazisinin toxunulmazlığını əsasən təmin edə bildi.

II Dünya müharibəsinə Amerikanın hərbi bazasını məhv etməyin təbil səsləri altında girən Yaponiya öz məqsədlərinə çatmaqda Hitlerin bədnam ekspansiya siyasətindən geri qalmaq istəmirdi. Lakin sonda fiasko ilə üzləşdi və ağır məğlubiyyətə düçar oldu. Militarizmə sərf olunan ehtiraslı zəhmət yaponlara xeyir vermək əvəzinə, ölkənin az qala bütünlüklə viran qalmasına gətirib çıxardı. Müharibə əvvəlki təcavüzkar siyasətin ziyanlı olduğunu sübut etdi və müharibədən sonrakı dövrdə yapon xalqı bütün gücünü və diqqətini ölkənin şəhərlərini bərpa etməyə, sənayeni yeni əsaslar üstündə qurmağa və inkişaf etdirməyə, qabaqcıl texnologiyaları tətbiq etməyə verdi. Ehtiras öz tətbiq nöqtəsini dəyişib, militarizmdən uzaqlaşmaqla, Yaponiyanı müasir sənaye dövlətinə çevirmək vəzifəsini yerinə yetirilməsinə ünvanlandı. Artıq hərbi gəmilərə, böyük xərc tələb edən aviasiya vasitələri daşıyan gəmilər və hərbi təyyarələr hazırlamağa ehtiyac sıradan çıxdı, hərbi-sənaye kompleksinin hər şeyi udan inhisarının əvəzinə mülki sənayeyə, əhalinin tələbatına uyğun və ixraca yararlı mallar istehsalına diqqət artırıldı. Bu vəzifələrin həlli olduqca müsbət nəticələr verdi, dünyada "yapon möcüzəsi" adlanan proses meydana gəldi. XX əsrin son rübündə Yaponiya ümumi daxili məhsulun istehsalına görə ABŞ-dan sonra ikinci yerə çıxdı. Yapon texnikası növləri, minik avtomobilləri, televizorlar, məişət malları dünya bazarında rəqabətə davamlılığı ilə seçilirdi. 

(Ardı var)    

 





22.06.2022    çap et  çap et