525.Az

"Tanrının bəlası məndən yan deyil..." - Süleyman Abdulladan poetik nümunələr


 

"Tanrının bəlası məndən yan deyil..." - <b style="color:red"> Süleyman Abdulladan poetik nümunələr</b>

 

 

 

 

 

 

SƏNSİZ

 

Daha nə saat var, nə gün sabaha,

Sındı ümidimin ən şaxı sənsiz.

Çəkmərəm gözümü yerdən ölüncə,

Neynirəm o "bəri bir bax"ı sənsiz?

 

Çıxanda bildim ki, canım can deyil,

Tanrının bəlası məndən yan deyil.

Mənim ki əllərim evyıxan deyil,

Qəlbimdə batdı ey, "Şamaxı" sənsiz.

 

Adamın düşdüyü qızıl qandı eşq,

Varmı amanı eşq, varmı andı eşq?!

Elə hamı deyir yaşadandı eşq,

Mən niyə ölürəm bəs axı, sənsiz.

 

BU BİR BAŞQA PAYIZ

 

Heç nə istəmirəm dünyadan daha,

Nə zər qazandığı, nə ləl tapdığı...

Bir də gələcəkmi belə bir payız,

Adamın özünü xəzəl tapdığı?

 

Ən gözəl bəstədir yaylım atəşi,

Qəmli nəğmələrin keçdim pəsindən.

Əzəl də torpaqdı, son da torpaqdı,

Anladım həyatın fəlsəfəsindən.

 

Kölgəsi özünə dönənlər bilər,

Nə zaman paklaşıb olur pir adam.

Ölmüşdü, şəklimi yerdən götürdüm,

Qorxma, döyüşlərdə dirilir adam.

 

Düşüb yarpaq-yarpaq sevdim yağmağı,

İndi taleyin də hökmü qətidir.

Torpaqdan güvəncli nə var ki, canım,

Göyə can atdığım ruh söhbətidir.

 

Ah, elə rahatdır bu son payızda,

Ağlamaz ürəyim qızıl qan daha.

Torpaq ki qayıtdı özünə, bəsdi,

Heç nə istəmirəm dünyadan daha.

 

SON FƏSİL

 

Keçdi sarılığın qızılı dövrü,

Sinsi payız da var bu xəstəlikdə.

Aparır özünü keçmişə adam,

Rezin çəkələkdə, əzgil çəlikdə.

 

Xəzəl tək tökülür əynindən ömür,

Nimdaş libasıdır yolun xəfif qar.

Arada dayanıb öskürür asta,

Gəlir sinəsinə soyuq hava dar.

Xırda addımları aram və titrək,

Bəlkə son aranı qət edir amma.

Kimdən soruşursan, hardadır qoca,

Gələcək, deyirlər, o gedir amma...

 

Acıdan o yana nə var həyatda,

Bu şirin zəhərə bal qatan olmur.

Ha qaçdı, çatmadı azadlığına,

Nədənsə arzular əlçatan olmur.

 

Hamı havasından bir az üşüyür,

Dumana düşənin yolu sis imiş.

Gözü də yaşlıdır, özü də adam,

Ahıl ağrımağı daha pis imiş.

 

Bu gün var, sabah yox ayaq izləri,

Dəyişməz dünyanın nizamı, tövrü.

Üzü ağarmağa gedir dan yeri,

Keçir sarılığın qızılı dövrü...

 

SÜKUTUN SƏSİ

 

Susmaq da olmur...

bu boyda yalanın içində susmaq!

Özünü haqq sayır hərə bir cürə...

Bütün xəlvətlərin sirri oldu ağ,

Tülkü bir cürədir, dərə bir cürə.

 

Tutmağa şüa yox...

Biz günəş görmədik hər yeni gündən,

Doğru yox, xəyaldır, yalan var qədər.

Yaxınlar baxdıqca düşür gözündən,

Heç nə doğma deyil uzaqlar qədər.

 

Hər şeydən keçib ey...

Demə xeyir ola, dörd yanımız şər,

Arxamca atmağa bir dolça pəl tap.

Çıxsa uğuruna ikiüzlülər,

Çalış bir salamlıq ovcunda əl tap.

 

Tanrıya and olsun...

Çoxdan dində batıb möminin lökü,

Daha həyat dadmır bu səhra demək...

Adamın dilinin gicişir kökü,

Çox vaxt zərərlidir dilotu yemək.

 

Qapı-bacası yox...

Bu neçə kümədir, bu hansı kümdür,

Boz ip yamadılar yolun çatına.

Bütün edamların sonu ölümdür,

Mən daha baxmıram qum saatına.

 

Yox, daha getmirəm...

Heç vaxt uzaqlara çatmaq olmur ey,

Başıma yol qəhət, ayağıma dar.

Daha gözdən düşüb dünyada hər şey,

Hələ söyləməyə bir sözüm də var...

Susmaq da olmur...

 

BİR QOŞMA

 

Məndən inciyəndə üzü yazaydı,

Nəsimin nəfəsi təzə gəlirdi.

Budaqlar astadan çivildəşirdi,

Puçurlar çatlayıb səsə gəlirdi.

 

Düşmüşdü könlümə üzünün xalı,

O gün nə adnaydı, nə də ki, salı.

Dilim titrəyirdi yarpız misalı,

Küləklər qarşıma əsə gəlirdi.

 

Dedin: "Mən salamat, səni də qal sağ...

Kimdi bəxti qara, kimdi günü ağ?...

Üstümə yeriyən, yox, deyildi dağ,

İntizar adında nəsə gəlirdi.

 

Yol toza dönmüşdü, göz ovuşana,

Yanğı bənzəmirdi qəlb sovuşana.

Mən uzaq gedirdim suqovuşana,

Ayrılıq arxamca kəsə gəlirdi.

 

ÖYÜD

 

Olmur ey hər işi tərsinə tutmaq,

Sürüşür əllərin avand yerindən.

Ovcunu islatma tüpürcəyinlə,

Ağzında quruyar su and yerindən.

 

Son vaxtlar turş olur barı zəhmətin,

Yetir mənfəəti dodaq büzməyə.

Üzülər əməyi suya dönənlər,

Yaramaz bu yerdə sular üzməyə.

 

Burax da başını baş sındırmağın...

Ümid qırıqlığı yaşamaq pisdir.

Bəxt qara gələndə üzə dirənmə,

Salarlar adamı gözü ağ,- pisdir.

 

Arzular dalınca qoşmaqdan keçib,

Quruyan huşuna yaş keçə yama.

Hələ yıxılası çox ağac qalıb,

Ağlın kəsməyənə balta qovzama.

 

Hər kəs üz çevirər haqq bildiyindən,

Adamın kürəkdən vurulan vaxtı.

Dizlərin şumlayar yeri düzünə,

Qolların tərsinə burulan vaxtı.

 

Asandır baş əymək əyriliklərə,

Çoxdan keçilməyir halallıq dərsi.

Qismət üz çevirsə, çətindir, çətin

Düz yola gətirmək tərs oğlu tərsi.

 

Yola getməməyin bircə yolu var,

Düzdümü, əyrimi?.. Yolu unutmaq!

Tərsinə teorem isbat edərsən,

Olmur ey hər işi tərsinə tutmaq.

 

ÜZÜNTÜ

 

Biz vətən demişik üzüsoyuğa,

Çox rahat yolu var unudulmağın.

Ömür tükəndisə mənzilbaşıdır,

Küsdü bələdçisi görünən dağın.

 

Küsdü bələdçisi görünən dağın,

Tanımaz tərs düşən bərələr məni.

Qəbir sükutu var quru vadidə,

Unutdu şırhaşır dərələr məni.

 

Unutdu şırhaşır dərələr məni,

Bir içim suya da çatmaz əllərim.

Mən daha çökürəm sarı payıza,

Yolun sığalına yatmaz əllərim.

 

Yolun sığalına yatmaz əllərim,

Ovcun qırışları nə dərin imiş.

Ürəkdən getməkdir ən gözəl gediş,

Mənə "gəl-gəl" deyən əllərin imiş.

 

Mənə "gəl-gəl" deyən əllərin imiş,

Boynumun ardında səs, qayıtmaram.

Biz vətən demişik üzüsoyuğa,

Məndən əllərini kəs, qayıtmaram...

 

ADAMALDATMA

 

Elə üşüyürdü ocaqda atəş,

Kösövdə soyuğu tər aldadırdı.

Koru keçirməyə körpü adına,

Qayıb fərasəti fər aldadırdı.

 

Elə haqq deyilir, nə qaldı haqda?!

Ən gözəl çirkindir ən üzü saxta.

Dünya çox cığaldı qoşalamaqda,

Oyun uduzanı zər aldadırdı.

 

Əsdirmə əlində köhnə toru çox,

Çoxdu, bu dünyanın çoxdu zoru, çox,

Çəkdi qabağına maşa qoru çox,

Tüstü yelpik ilə pər aldadırdı.

 

Daha mey-məzədə qalmadı lağlıq,

Qarada siyahlıq, bəyazda ağlıq...

İçki məclisində deyilən sağlıq,

Sərxoşun canında çər aldadırdı.

 

Baxma, kim nə susur, bax, kim nə deyir,

Axmaqlar adamın ağlını yeyir.

Kimsə söyləyirdi, sabahın xeyir,

Axşamdı, kimisə şər aldadırdı.

 

ÖZ ƏLİM, ÖZ ƏMƏLİM

 

Özüməm, əlimdir, bir də əməlim,

Bir az gileyimin üzü sərt olub.

Axı mən bilirəm, nə düzdü, nə səhv,

Özümə öz əlim, düzü, dərd olub.

 

Dünyanı atəşə yaxmağa nə var,

Düşər bir zəmiyə köz öz əlimdən.

Hamıdan qurtula bilərəm, amma

Qurtula bilmərəm öz, öz əlindən.

 

Hər şərə ütülü söz demək ayıb,

Keçər yeddi qatı kefin cod dili.

Hərdən alovda da olur mey dadı,

Vaxt olur çiyələk dadır od dili.

 

Bir də baxıram ki, yanır əllərim,

Dirsəkdən aşağı elə köpüşür.

Sonra ürəyimə vurur ağrısı,

Sonra nə dərdi var canıma düşür.

 

Atəşi sevənə nə bahar, nə qış,

Külə od ələ ki, tüstünə gəlim.

Adamı tərk edir bir gün dost-tanış...

və sona qalan

Özüməm, əlimdir, bir də əməlim.

 

ÜRƏK SÖHBƏTİ

 

Ürəyini demirəm, əsmədədir bir ömür,

İndi necə ayırım saçından küləkləri?

O tale deyilən də bir az cığal, bir az kür,

Tanrı əzab çəkməyə yaradıbdır təkləri.

 

Aldanışlar kefimə elə acı sıxır ki,

Canımdan can qoparır çor deyəndə can o söz.

Axır vaxtlar yaddaşım elə namərd çıxır ki,

Hər nəsə tanış gəlir sevgi adlanan o söz.

 

Mən daha yalanlara aldanmıram,- ən pisi...

Bəzən adam heç kimin haqqına qıya bilmir.

Köksümdə susub qaldı nəğmələrin incisi,

Ürəyim keyləşəndən daha ağrıya bilmir.

 

 





22.06.2022    çap et  çap et