|
|
|
|
Təhsil millətin gələcəyidir. Gənclərin təhsil almağında müəllimlərlə yanaşı, valideynlər də məsuliyyət daşıyırlar. Valideynlərin fikrincə uşaqlar yay tətilini istirahətə ayırmalı olduğu halda, iyun ayının 15 gününü məktəbə gedirlər. Məlumdur ki, Azərbaycanda dərs ili sentyabr ayının 15-i başlayır. Lakin valideynlər və şagirdlər dərs ilinin sentyabrın 1-i başlamasını məqsədəuyğun hesab edirlər. Bu mövzunun bir neçə gündür aktuallaşmasına baxmayaraq, tədris ilinin başlanma və bitmə tarixi əvvəlki qaydada qalmaqdadır.
Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov 525.az-a danışıb. Ekspert bildirib ki, şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı 2-3-cü dərəcəli lazımsız materialların sıxışdırılması yolu ilə həll etmək olar. Digər tərəfdən, dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə zəruri hesab olanan iki həftə bərpa edilə bilər:
“İlk növbədə qeyd edim ki, 2015-2016-cı tədris ilindən ümumtəhsil məktəblərində dərslər mayın 31-də yox, iyunun 14-də başa çatır. Əgər beynəlxalq təcrübəni əsas götürürüksə, bir çox ölkələrin dərs ilinin başlama və başa çatması tarixləri müxtəlifdir. Deyək ki, Rusiyada ənənəvi olaraq 1 sentyabr “Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar etrəsi günü başlayır. İranda və Türkiyədə dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır. Malayziyada məktəblər yanvarda, Çilidə, Kosta-Rikada isə fevralın sonları, yaxud martın əvvəllərində açılır. Heç bir ölkədə dərs ili hər hansı ayın ortasından başlamır.
Bizdə də Sovetlər vaxtında dərs ili sentyabrın 1-dən hesablanırdı və bu çox uğurlu seçim idi. Çünki tədris planları, məktəb proqramlarının daha yaxşı mənimsənilməsində dərslərin ayın əvvəli başlaması çox kömək edirdi. Amma biz neçə tədris ilidir ki, uşaqlarımızı sentyabrın 15-dən məktəbə yollayırıq. Lakin bunun ancaq və ancaq mənfi nəticələrini görürük. Belə düşünürəm ki, bu qərar bir qədər tələsik atılmış addım idi.
Düzdür, dünyada tədris ilinin uzun olması bütün ölkələrdə həm də onların inkişaf göstəricisi sayılır. Eyni zamanda bu, kurrikulumun məzmun keyfiyyətinin artırılması, tədris yükünün azaldılması ilə bağlı görülən tədbirlərdən biridir. Avropa Birliyinə aid olan və dünyanın müasir, inkişaf etmiş ölkələrində tədris ili bizimkindən ən azı 4-6 həftə uzundur. Onlarda ümumtəhsil məktəblərində orta təhsilin müddəti də 12-13 il, hətta 14 il hesablanır. Tədrisin daha uzunmüddətli olması və daha çox təhsil inkişafa yönəlmiş addımlardan biridir. Burada ancaq müsbət cəhətləri görmək mümkündür”.
Kamran Əsədov qeyd edib ki, təqvimdə çox sayda bayram tətilləri və qeyri-iş günləri olduğundan bu, orta məktəblərdə tədris planının tam şəkildə həyata keçirilməsinə mane olur. Mövzuların birləşməsi, yazı işləri və onlar üzərində səhvlərin təhlili işinin aparılmaması, yekun dərslərin keçirilməməsi kimi məsələlər şagirdin biliyinin obyektiv qiymətləndirilməsinə təsir edən amillərdəndir:
“Lakin son 5-6 ilə baxanda görürük ki, dərslərin 14 iyuna qədər davam etməsi həm müəllimlərin, həm də şagirdlərin vaxtını alır. Yay aylarında şagirdlərin dərs oxumağa bir o qədər də həvəsi olmur. İyunun ortalarına kimi uzadılan dərslərin heç bir mənası yoxdur. Çünki şagirdlər dərsdə həvəssiz şəkildə, candərdi otururlar. Bunun isə nə müəllimə, nə də şagirdə faydası ola bilməz. Vaxtı 14 gün uzatmaqla nəyəsə nail olmaq mümkün deyil. Bu addımın təhsilin inkişafına faydalı olacağını düşünmürəm. Əksinə, bunun lazımsız bir qayda olduğunu fikirləşirəm. İndiyə kimi dərslərin may ayında bitməsinin hansısa mənfi tərəfini görməmişdik. İndi belə bir qərarın verilməsinin və onun icrasının tamamilə yersiz və vaxt aparan bir şey olduğunu fikirləşirəm”.
Əntiqə Kərimzadə