525.Az

Qazi yazar yeni kitablarını təqdim etdi


 

Qazi yazar yeni kitablarını təqdim etdi<b style="color:red"></b>

Bu gün "Libraff" kitab mağazasında qazi yazar Zaur Bayramoğlunun "Alabaş" və "Qara mamba" kitablarının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan müəllif,  qonaqları salamlayıb və hər iki kitaba daxil olan hekayələr haqda məlumat verib.

Yazarın silahdaşı kapitan Nicat Əbdülrəhmanov onunla keçdiyi döyüş yolundan danışıb: "Zaur  Xüsusi Təyinatlı dəstədə xidmət göstərib, minaçıxartma nəticəsində gözlərini itirib. Ancaq o, ümidini itirməyib. Daim mübarizə aparıb. Onun hekayələrindəki obrazlar  real hadisələrdən götürülüb. Bizim şahid olduğumuz hadisələri sanki ilmə-ilmə vərəqə toxuyub. Onunla fəxr edirəm. Bir döyüşçünün  müharibə zamanı hadisələri qələmə almağı daha təbiidir".

Döyüş yoldaşı baş gizir Mahir Məmmədov qazi dostuna uğurlar arzulayıb, yazarın ədəbi fəaliyyətindən əlavə insani keyfiyyətlərini də dilə gətirib: "Zauru öz işinin peşəkarı olmaqla yanaşı, həm də gözəl insan kimi tanımışam. Xidmət etdiyi dövrdə qəhrəmanlığının, şücaətinin şahidi olmuşam. Son hadisələr onu göstərdi ki, Azərbaycanın  mərd oğulları  hər an düşməndən qisas almağa hazırdır. Bu müharibədə əsl qələbəni şəhidlər qazandılar. Qazilər də yarımşəhiddir".

Tarixçi Bəhlul İbrahimov müəllifin tarixçi olmağının  hekayələrinə təsirindən danışıb: "Zaur döyüşçü olmağıyla yanaşı, həm də tarixçidir. Hekayələrində tarixi hadisələri ustalıqla nəsrə çevirib. Onun tükənməyən həyat eşqi əsərlərində də hiss olunur. Hekayələrində qələbə əzmli obrazların və nikbin sonluqların olmağı cəmiyyətə ötürülən ən yaxşı mesajdır".

Bir sıra ədəbiyyat və incəsənət nümayəndələrinin, İkinci Qarabağ müharibəsi qəhrəmanlarının iştirakı ilə keçirilən tədbir, müəllifin hekayələrinin müzakirəsi ilə başa çatıb.

Əntiqə KƏRİMZADƏ

 





22.06.2022    çap et  çap et