525.Az

"İkinci cəbhə" harada açılacaq? - Xaqani Cəfərlinin siyasi şərhi


 

"İkinci cəbhə" harada açılacaq? - <b style="color:red">Xaqani Cəfərlinin siyasi şərhi</b>

Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərindən başlayaraq "İkinci cəbhə"nin açılacağı ilə bağlı fikirlər səslənir. Müharibənin ilk günlərində "İkinci cəbhə"nin Belarusun Ukraynaya qarşı müharibəyə qoşulması nəticəsində açılacağı ehtimalı çox yüksək idi.

Belarus prezidenti Aleksandr Lukaşenkonun açıqlamaları, Belarus ordusunun Ukrayna ilə sərhəddə hərbi təlimlər keçməsi "İkinci cəbhə"nin məhz bu istiqamətdə açılacağı qənaətini yaradırdı. Bu ehtimal hələ də gündəmdədir. Ukrayna Baş Qərargahı mütəmadi olaraq Belarus ordusunun sərhəddə fəallığının qeydə alındığı haqqında məlumat yayır. Ən son olaraq Lukaşenkonun son bəyanatı Belarusun müharibəyə hazırlaşdığı qənaətini yaradır: "Polşanın Qərbi Ukrayna ilə bağlı planları var və burada biz reaksiya verməli olacağıq". Belarusda hərbi səfərbərlik başlayıb və 35 min çağırışçıya çağırış vərəqəsi göndərilib. Belarus ordusunda yeni "Cənub" əməliyyat komandanlığının yaradılması da "İkinci cəbhə"nin məhz bu istiqamətdə açılacağı ehtimalını gücləndirir.

"İkinci cəbhə"nin məhz Belarus istiqamətindən açılacağı ehtimalını artıran başqa bir məqam isə Rusiyada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələrdən mövqelərini müəyyən etmələrilə bağlı səslənən fikirlərin çoxalmasıdır. Rusiya siyasətində önəmli mövqeyə malik olan və prezident Putinə yaxınlığı ilə seçilən Çeçenistanın başçısı Ramzan Kadırov KTMT-yə daxil olan ölkələrdən mövqelərini müəyyən etmələrini tələb edib. Siyasi şərhçilər Kadırovun bu tələbinin Kremlin istəyi olduğu qənaətindədirlər. KTMT-yə üzv ölkələrdən isə yalnız Belarusun müharibəyə qoşulmaq ehtimalı var.

KTMT-nin üzvlərindən Tacikistanın özünün Rusiyanın dəstəyinə ehtiyacı var. Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban Tacikistanla sərhəddə böyük hərbi qüvvə cəmləşdirib. Belə ehtimallar var ki, Taliban Rusiyanın Tacikistandakı hərbi qüvvəsini çıxararaq Ukrayna cəbhəsinə daşımasını gözləyir. Bu bölgədə müharibə ehtimalı çox yüksəkdir. Ona görə Tacikistan Rusiyaya kömək edə bilmədiyi kimi, Rusiyanı hərbi qüvvələrinin bir hisssəsini bu bölgədə saxlamağa vadar edir. Rusiya radikal islamçı qüvvələrin fəallaşmasından və uğur qazanacaqları halda Rusiyanın ərazilərinə keçəcəyindən ehtiyatlanır. Bu isə Rusiyadakı radikal islamçı qüvvələri Moskvaya qarşı çıxışlara sövq edə bilər.

İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən ağır məğlubiyyətə uğradılan Ermənistan ordusu da Rusiyaya yardım etmək iqtidarında deyil. Qırğızıstan ordusu da çox zəifdir və Rusiyaya yardım etmək imkanı yoxdur. KTMT-nin digər üzvləri - Qazaxıstan və Özbəkistan isə Rusiyaya yardım etmək niyyətindən uzaq olduğunu açıq-aydın nümayiş etdirir. Xüsusilə də prezident Qasım-Comət Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda separatçı Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını müstəqil dövlət kimi tanımadıqları haqqında səsləndirdiyi səs-küylü bəyanatdan sonra Rusiya Qazaxıstanın dəstəyinə ümid edə bilməz. Qeyd edək ki, bu bəyanatdan öncə də Qazaxıstanın Rusiyaya yardım etməyəcəyi aydın görünürdü. Qazaxıstan Rusiyaya qarşı sanksiyaların pozulmasına imkan verməyəcəyini bir neçə dəfə bəyan etməklə mövqeyini ifadə etmişdi. Prezident Qasım-Comət Tokayevin səs-küylü bəyanatından sonra Rusiya ilə Qazaxıstan arasında münasibətlər sürətlə pisləşməyə başlayıb. Rusiya Novorossiysk vasitəsilə Avropaya ixrac edilən Qazaxıstan neftinin daşınmasını dayandırıb. Qazaxıstanın isə öz ərazisində Rusiya kömürünü daşıyan 1700 vaqonun hərəkətini dayandırması, kömürün tranzitinə qadağa qoyması haqqında məlumatlar yayılıb. Belə görünür ki, Qazaxıstan nəinki Rusiyaya yardım edəcək, hətta bu iki ölkə arasında münaqişə ehtimalı gündəmə gələ və "İkinci cəbhə" məhz bu istiqamətdə açıla bilər.

Qazaxıstan kimi, Özbəkistan da Rusiyaya yardım etməyəcəyini dəfələrlə ifadə edib. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya Ukraynaya qarşı müharibədə yalnız Belarusa ümid edə bilər. Ancaq burada da problemlər var. Belarus cəmiyyətində prezident Lukaşenkoya və Rusiyaya münasibət pisdir. Belə bir vəziyyətdə əli silahlı insanların kimə qarşı döyüşməyi üstün tutacağı qeyri-müəyyəndir. Belarus müxalifəti və partizanları isə ordunu hakimiyyətə qarşı çıxmağa çağırır, bu istiqamətdə fəal iş aparırlar. Ona görə də Belarus prezidenti orduya hücum əmri verməkdən ehtiyatlanır. Digər tərəfdən Ukraya ordusu müharibənin arxada qalan 116 günündə yüksək döyüş qabiliyyətinə malik olduğunu sübut edib. Son zamanlar Qərb silahları ilə silahlanmış Ukrayna ordusu Belarus üçün çox qorxulu qüvvədir. Ona görə də Belarusun son ana kimi müharibədən yayınacağı daha çox ehtimal edilir.

"İkinci cəbhə"nin Gürcüstan tərəfindən Rusiyaya qarşı açılacağı ilə bağlı fikirlər çox səslənsə də, rəsmi Tbilisi bu ehtimalı qətiyyətlə rədd edir.

Bununla belə "İkinci cəbhə"nin açılma ehtimalı hər ötən gün artır. Rusiyanın Qazaxıstanla yanaşı, Litva ilə münasibətlərində də gərginlik yaranıb. Litva Rusiyadan Kalininqrada daşınmalara məhdudiyyət tətbiq edib. Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov bildirib ki, qadağa Rusiya Federasiyasının regionları ilə Kalininqrad vilayəti arasında daşınan malların çeşidinin təxminən 50 fazinə şamil edilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, vəziyyət çox ciddidir və qərar qəbul etməzdən əvvəl çox dərin təhlil tələb olunur.

Rusiya Xarici İşlər Nazirliyi Litva hakimiyyətinin Kalininqrad vilayətinə yük daşımalarının tranzitini ləğv etmək qərarını "açıq-aşkar düşmənçilik" adlandırıb. Rusiyanın Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişas isə Litvanı Kalininqrad vilayətinin de-fakto blokadasını yaratmaqda ittiham edib və bunun çox sərt addımlar üçün əsas ola biləcəyini bildirib. Kalininqradın blokadasının "İkinci cəbhə"nin Litvaya qarşı açılmasına səbəb ola biləcəyi ehtimalı isə son günlər geniş müzakirə olunur.

Bu gün "İkinci cəbhə"nin hansı istiqamətdə açılacağını birmənalı söyləmək çox çətindir. Ancaq bir məsələ tam aydındır: Ukraynada müharibə uzandıqca "İkinci cəbhə"nin açılması qaçılmaz görünür.

 





23.06.2022    çap et  çap et