525.Az

Eşqdən anlamayan adam - Orxan Aras yazır


 

Eşqdən anlamayan adam - <b style="color:red"> Orxan Aras yazır</b>

(Birinci yazı)

 

Hər səfərdən əvvəl qəribə hisslərə qapılıram. Qısa bir səfərdə belə ürəyim döyünür, üzüm qızarır, daha da kövrəkləşirəm.

Apreldə məni Niderlanda dəvət etdilər. Frankfurtda yaşayan alman naşir dostum Hans Yurgen Maurerlə qısa söhbət zamanı onun da Niderlanda getdiyini öyrəndim.

"Gəl, birlikdə gedək", dedim. Qəbul etdi. Beş yüz mil yolu təkbaşına qət etmək fikrində deyildim. Ertəsi gün onu götürmək üçün Frankfurta getdim. Onun arxiv ofisini xatırladan kiçik evində xoş saatlar keçirdim. Hara baxsam, Qurban Səiddən şəkil, mətn, işarə görürdüm. Hətta otağın bir divarında Qurban Səidin orta məktəbdə oxuyan sevgilisi Jenyanın portreti asılıb. Onun icazəsi ilə gördüyüm hər şeyin şəklini çəkirdim. Söhbət zamanı o, Qurban Səid üçün Niderlanda getdiyini söylədi. İllər əvvəl Qurban Səidlə bağlı araşdırma aparan Dr. Hans Mulderin həyat yoldaşını tapmışdı və onun Qurban Səidlə bağlı tədqiqat işlərinə baxmaq icazəsi verilmişdi. Utrextdə yaşayan Hans Mulderin həyat yoldaşı əri ilə "Əli və Nino" romanı vəsiləsiylə tanış olduğunu və ona aşiq olduğunu söylədi. Daha bir maraqlı araşdırma mövzusu ortaya çıxmışdı.

O, danışdıqca mən də həyəcanlanırdım. Günorta saat dörddə yola düşdük. Söhbətimizin mövzusu da Qurban Səid oldu. Bəlkə də, Hans Yurgen bu mövzu ilə məşhur amerikalı jurnalist Tom Reissdən daha çox maraqlanırdı. Harada nəşr, araşdırma, şəkil tapardısa, dərhal götürüb arxivləşdirirdi. O da Qurban Səid üçün dəfələrlə Azərbaycana getmişdi. Orada Kamal Abdulla, Şahbaz Xuduoğlu kimi tanışları da var.

Hans Yurgenin bir neçə həftə əvvəl mənə verdiyi Qurban Səidin 600 səhifəlik məktublarını təzəcə oxuyub bitirmişdim. 1941-1942-ci illər müharibəsi zamanı İtaliyanın kiçik bir şəhəri olan Positanoda ölümü gözləyən 37 yaşlı adam alman orduları hər dəfə irəlilədikcə həyəcanlanır və yaşlı dostu Pima Andreaya: "Ölkəmə qayıtmağa az qaldı. Ola bilsin, iki aya Bakıda olacağam", deyə yazırdı. Amma tutulduğu xəstəlikdən müqəvvaya çevrilən bu gənc 1942-ci ilin avqustunda ağrılar içində dünyasını dəyişəcək və "Müsəlman" adı ilə dənizə baxan bir təpədə dəfn ediləcəkdi.

Yenidən yola çıxıb söhbət etdiyimizdə Hans Yurgen mənə daha bir sürpriz etdi. Çantasından Qurban Səidin hələ çap olunmamış son romanını - "Sevgini başa düşməyən adam"ı çıxarıb, arxadakı oturacağın üstünə qoydu.

"Mənimlə Ralf bu kitab üzərində illərdir işləyirik. Biz hələ kitabı çap etməyə cəsarət etməmişik. Daha doğrusu, üzərində işi bitirməmişik. Sənə güvənim tamdır. Sadəcə bir gecəliyə onu sənə verəcəm".

Niyə iki nəfər adamın bir kitab üzərində uzun illər çalışsa da, bitirə bilmədiyinə təəccübləndim.

Hans Yurgen kitabın çox qarışıq əhval-ruhiyyədə yazıldığını və üzərində işləyərkən müəllifi anlamağa çalışdıqlarını bildirdi. Əlavə etdi ki, bu da vaxt aparır və çətindir. Məktublarını mənə verəndə də eyni sözləri demişdi. Gözümün ucu ilə oturacaqdakı qalın kitaba baxıb gülümsədim.

"Sənə əvvəlcədən də demişdim - dedim, - Siz, Ralf və digər tədqiqatçılar qərblisiniz. Siz onu başa düşə bilməzsiniz. Onun sevgi, qadınlar, qərblilər haqqında dedikləri sizə çox qəribə gəlir. Amma mən şərqliyəm, onu başa düşürəm".

Hans Yurgen müzib təbəssümlə mənə baxdı və başını salladı. Bəlli ki, dediklərim ona sərf etməmişdi.

Niderlanda gecə saat onda çatdıq. Mən onu Utrextdəki oteldə düşürüb Den Haaqa getdim. Fikrim oturacağın üzərindəki kitabda idi. Otağıma çəkilib kitabı oxumaq üçün səbirsizlənirdim. Anladım ki, Niderlanddakı dostum İbrahim Qarabağı da gecikdiyim üçün narahat etmişdim. Bir ildən artıq idi ki, bir-birimizi görmürdük. İbrahimlə Den Haaqın yarıqaranlıq küçələrində görüşəndə dərhal evə getmək istəyim ona qəribə görünürdü. Halbuki o, həmişəki kimi nahar üstündə bir neçə saat danışacağımızı düşünmüşdü, ona kitab haqqında qısa məlumat verəndə dərhal məni evə apardı, mənim üçün ayrılmış otağı göstərib evdən çıxdı.

Gecənin səssizliyində üzərimi dəyişmədən otaqdakı çarpayıda deyil, divanda uzandım. Saat on iki idi. Səhər saat doqquza qədər bu kitabın nə qədərini oxuya bilərdim ki?! Səbirsizliklə kitabı vərəqləyirdim. Qurban Səidin ruhu elə bil söhbətimizi eşitmiş kimi kitabın anidən açılan 178-ci səhifəsində mənə cavab verməyə başladı:

"Allah, biz Doğulu erkekleri Batılı kadınlardan korusun! Veya tam tersi... Biz Doğuda daha farklı sever, daha farklı nefret ederiz. Kadına yönelik bakışımız da çok farklıdır. Biz de aşk için bedel öderiz. Ama bu bedel Batıdaki gibi maddi bir bedel olmaz. Biz bedelimizi kanımızla öderiz. Biz, aşkımız karşısında bir mahkeme kararı beklemeyiz. Biz sevince, aşkla nefes alır-verir, aşkla yunur-yıkanır ve aşk için ölürüz. Aşk söz konusu olunca düşüncelerimiz donar. Bunun için bir Batılı karşısında bizim aşkımız deli olmaktan farksızdır. Kim aşk hakkında düşünürse o aşkı bilmiyor demektir. Batılı kadın (veya erkek) aşık olunca planlar, hesaplar yapar. Ama Doğulu yapmaz sadece sever, aşık olur. Batı ile Doğu bazı konularda birbirlerini anlayabilirler ama aşk konusunda asla anlaşamazlar! Batılıya göre bizim aşkımız mecnunluk, deliliktir. Kitaplardaki aşk kavramı anlamsızdır. Bize göre aşk asla tercüme edilemez. Doğudaki aşkın anlamı bambaşkadır. Bu sırrı anlayabilmek için aynı annenin sütünü emmekten başka bir yolu yoktur"...

"Allah bizləri şərq kişilərini Qərb qadınlarından qorusun! Ya da əksinə... Şərqdə başqa cür sevirik və nifrət edirik. Qadınlara baxışımız da çox fərqlidir. Sevginin də bədəlini ödəyirik. Amma bu, Qərbdəki kimi maddiyyatla ölçülməz. Biz qanımızla ödəyirik. Sevgimiz üçün məhkəmə qərarını gözləmirik. Sevgiylə nəfəs alırıq, sevgiylə yeyib-qalxırıq, sevgimiz üçün ölürük. Söhbət sevgiyə gəlincə, düşüncələrimiz donur, dəli kimi sevirik. Sevgi haqqında fikir yürüdən sevgini bilmir. Qərb qadını (yaxud kişisi) aşiq olanda planlar və hesab-kitab tutur. Amma şərqli sadəcə sevər, aşiq olar. Qərb və Şərq bəzi məsələlərdə bir-birini başa düşə bilər, amma sevgi mövzusunda isə heç vaxt! Qərbliyə görə, bizim sevgimiz məcnunluq, dəlilikdir. Kitablarda sevgi anlayışı mənasızdır. Bizə görə sevgi heç vaxt tərcümə oluna bilməz. Şərqdə sevginin mənası bambaşqadır. Bu sirri qavramaq üçün eyni ananın südünü içməkdən başqa yolu yoxdur"...

Bunun üçün təkrar edirəm: Allah, biz şərqli kişiləri (qadınları da) qərbli qadınlardan qorusun!"

Qurban Səid titrəyən barmaqları ilə bu sətirləri qaralayanda gah Bakıdakı keçmiş həyatından, gah da aşiq olduğu, amma bir neçə ildən sonra həyatını zindana çevrilən həyat yoldaşı Erikadan (Monika) danışır. Bütün rəvayətlərin arxasında isə Şərq və Qərb dayanır. Bütün cümlələrdə Hans Yurgenə dediklərimə oxşar sözlər belə var.

Dörd yüz səhifəlik kitabın vərəqləri arasında özümü itirərkən, Utrext şəhərində qoyub gəldiyim Hans Yurgenin Hans Mulderin arxivindən nə əldə edəcəyini də düşünürdüm.

Növbəti yazıda bir niderlandlının arxivində Qurban Səidi təsvir edərkən bu aciz və kimsəsiz insanın dramına, məmləkət həsrətinə və çarəsizliyinə qayıdacağıq.

 





23.06.2022    çap et  çap et