525.Az

"Dini təhlükəsizliyin təmin edilməsi mühüm vəzifədir"


 

AZƏRBAYCANDA İBADƏT YERLƏRİNƏ DİN XADİMLƏRİNİN TƏYİNATI İLƏ BAĞLI ÖNƏMLİ ADDIMLAR ATILIR

"Dini təhlükəsizliyin təmin edilməsi mühüm vəzifədir"<b style="color:red"></b>

Məlum olduğu kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyası "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"nı təsdiqləyib. Bu Qayda Azərbaycan Respublikasında islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi ilə bağlı məsələləri tənzimləyir.

İslam dininə aid ayin və mərasimləri həyata keçirən din xadimi islam dininə aid fəaliyyətlə peşəkar şəkildə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir. Bu mərasimləri həyata keçirən din xadimlərinin imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələri var. İmam islam dininə aid ibadət yerlərinin və ziyarətgahların idarə edilməsi, dindarların dini tələbatının ödənilməsi, dini ayin və mərasimlərə rəhbərlik edilməsi, moizələrin (xütbələrin) oxunması məqsədi ilə təyin olunmuş din xadimidir. İmam müavini islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda imamın fəaliyyəti zamanı ona kömək göstərmək, imam müxtəlif səbəblərdən öz fəaliyyətini icra edə bilmədiyi hallarda onu əvəz etməsi məqsədi ilə təyin olunmuş din xadimidir. Dini ayinlərin icraçısı-müəzzin imamın tapşırığına əsasən islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda azan oxuyan, imam və imam müavini müəyyən səbəblərdən vəzifəsini icra edə bilmədikdə onu əvəz edən din xadimidir. Dini ayinlərin icraçısı-müəzzin imamın tapşırığına əsasən dəfn və yas mərasimlərində dini ayinlərin icrasını həyata keçirir. Qadın dini ayinlərin icraçısı - imamın tapşırığına əsasən islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda dini ayinlərin icrasını həyata keçirən şəxsdir. Qadın dini ayinlərin icraçısı imamın tapşırığına əsasən yas mərasimlərində dini ayinlərin icrasını həyata keçirir.

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi məqsədi ilə müsahibəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təşkil edir. Komitə sədri vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vakant vəzifənin tutulması üçün müsahibə keçirilməsi barədə qərar qəbul edir. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Komitənin internet saytında və digər kütləvi informasiya vasitələrində verilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov deyir ki, bir neçə ölkənin təcrübəsindən yararlanılıb. Bu ölkələrin təcrübəsində din xadimlərinin təyinatı iki mərhələli olur: test və müsahibə: "Amma biz testi məqsədəuyğun saymadıq, sadəcə müsahibə üsulunu saxladıq. Gələcəkdə müsahibə ilə yanaşı bir neçə mərhələdən də istifadə oluna bilər. Vəzifədən vəzifəyə dəyişiklik olarsa, müsahibə vacibdir. Bir məsciddən başqa bir məscidə eyni vəzifə ilə keçmək üçün müsahibəyə ehtiyac olmadığı halda, vəzifə artımında müsahibə vacib sayılır".

Gündüz İsmayılovun sözlərinə görə, dini təhsili olan və imam olmaq istəyən şəxs müsahibədən uğurla keçəcəyi təqdirdə öz razılığı ilə başqa bir əraziyə imam təyin edilə bilər. Burada əsas önəmli şərt müsahibəni uğurla keçməkdir: "Komitənin razılığı ilə və yaxud Qafqaz Müsəlmanları İdarəsi tərəfindən göndərilib xaricdə dini təhsil alan şəxslər də müsahibədə iştirak edə bilər".

Sədr müavini qeyd edib ki, xaricdə dini təhsil almış şəxslər İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması müsabiqəsində iştirak edə biləcəklər. Söhbət Komitənin razılığı ilə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən xaricdə təhsil almağa göndərilən şəxslərdən gedir.

G.İsmayılovun dediyinə görə, Azərbaycanda İlahiyyat İnstitutunda qeyri-islam dini icmaları üçün də din xadimlərinin hazırlanması məsələsi gündəmdə var: "Müzakirə olunub ki, İlahiyyat İnstitutunda islamşünaslıqla yanaşı, xristianlıq, yəhudilik üzrə də mütəxəssislər hazırlansın".

Sədr müavini vurğulayıb ki, azad edilən ərazilərdə indiyədək 67 məscidin yerini müəyyənləşdirmişik. Azad edilən ərazilərdə məscidlərin sayı 100-dən az deyil: "Qalanlarının yerini müəyyənləşdirmək istiqamətində işlərimizi davam etdiririk".

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, hazırda müsəlman ölkələrinin qarşısında duran mühüm vəzifələrdən biri dini təhlükəsizliyin təmin edilməsidir. Bəzi müsəlman ölkələri bu sahədə uğurlu siyasət həyata keçirə bilsələr də, qarşımızda bir çox uğursuz nümunələr də var. Bu acı reallıqlardan ciddi nəticə çıxarmalı və gələcəkdə bu kimi hallardan sığortalanmaq üçün mühüm addımlar atmalıyıq. Bu baxımdan "Dini etiqad azadlığı haqqında" Qanuna edilən dəyişikliklər xüsusi əhəmiyyət daşıyır. Qanuna əsas dəyişikliklərin biri qeydiyyat prosesi ilə bağlıdır. Əvvəlki dövrdə sənədlər dini icmalar tərəfindən dini mərkəzlərə, sonra isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunurdu. Son dəyişikliklərə əsasən sənədlər birbaşa müvafiq mərkəzi icra hakimiyyətinə təqdim ediləcək. Əvvəlki dövrlərdə sənədlərin dini mərkəzə sonra DQDK-a təqdim olunması bir sıra hallarda prosesin obyektiv və subyektiv səbəblərdən uzanmasına gətirib çıxarırdı. Dəyişiklik qeydiyyat prosesinin sürətlənməsinə təkan verəcək".

Deputat vurğulayıb ki, digər mühüm dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyinatı ilə bağlıdır:

"Dünyanın bir çox ölkələrində dini ibadət yerlərinə din xadimlərinin təyinatını dövlət özü həyata keçirir. Buna misal olaraq bizə dost və qardaş ölkə Türkiyənin təcrübəsini göstərə bilərik. Nəzərə almaq lazımdır ki, din həm də təhlükəsizlik məsələsidir. Hazırda Azərbaycanda elə məscidlər var ki, Cümə günləri oraya 10 min insan toplaşır. Bu insanlara xitab edənlərin yüksək dini bilikləri və dövlətçilik mövqelərinin olması çox önəmlidir. Dini ibadət yerlərinə təyin olunan din xadimləri mütləq ciddi süzgəclərdən keçirilməlidir. Digər mühüm bir dəyişiklik dini qurumlara ianələrlə bağlıdır. Dəyişikliklər ianələrin həm nəğd, həm də elektron qaydada qəbulunu nəzərdə tutur. Hesab edirəm, bu dəyişiklik də sözügedən sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına öz töhfəsini verəcək. Cəmiyyətdə nəzir qutularına verilən ianələrin taleyi ilə bağlı zaman-zaman müxtəlif müzakirələr gedirdi. Hazırda "YAŞAT" Fondunun nümunəsi var. Hesab edirəm, belə bir sistem quraraq vəsaitin şəffaflığını və hesabatlılığını təmin edə bilərik".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə mövzu ilə bağlı fikirlərini bölüşərkən deyib: "Din xadimlərini, həmçinin, din xadimi olmaq istəyənləri diqqətli olmağa, belə şəxslərin qurbanına çevrilməməyə çağırırıq. Bildiririk ki, müsahibə və attestasiyada iştirak etmək üçün sənədlər, xüsusilə də diplomlar ciddi şəkildə yoxlanılacaq. Milli Məclis tərəfindən fevralın 25-də "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişikliyə və dövlət başçısının 11 mart 2022-ci il tarixli Fərmanına əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri sırasına daxil edilib. Dövlət Komitəsinin Kollegiyasının 22 aprel tarixli qərarı ilə "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri təyin olunması, attestasiya və tutduğu vəzifədən azad edilməsi Qaydası təsdiq olunub və müsahibə proqramı hazırlanıb: "Eyni zamanda, Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrindən ibarət müsahibə və attestasiya komissiyalarının tərkibi müəyyənləşdirilib. Komissiyaların tərkibi müəyyənləşdirilərkən onların ilahiyyatçı mütəxəssislərdən ibarət olmasına xüsusi diqqət yetirilib. Belə ki, 7 nəfərdən ibarət Müsahibə Komissiyasının üzvlərinin hamısı, 9 nəfərlik Attestasiya Komissiyasının üzvlərindən 1 nəfər istisna olmaqla digərləri ilahiyyat təhsili almış və bu sahə üzrə fəaliyyət göstərmiş şəxslərdir".

Şöbə müdiri qeyd edib ki, qayda və müsahibə proqramı hazırlanarkən, komissiyaların tərkibi seçilərkən dünya praktikasından, Türkiyə, Özbəkistan, İordaniya kimi ölkələrin, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin təcrübəsindən geniş istifadə edilib: "Müsahibə proqramının hazırlanmasında Azərbaycanda fəaliyyət göstərən dini ali və orta ixtisas təhsil müəssisələrinin tədris proqramları əsas meyar kimi götürülüb. Cari ilin mayın 24-də Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri təyin olunması məqsədilə müsahibənin keçiriləcəyi elan edilib və sənəd qəbuluna başlanılıb. Namizədlər tələb olunan sənədləri elektron qaydada, həmçinin, kağız daşıyıcılar vasitəsilə Dövlət Komitəsinə təqdim edə bilər. Sənəd qəbulu üçün [email protected] elektron poçtu fəaliyyət göstərir. Namizədlərə Dövlət Komitəsinin rəsmi internet saytında "Müsahibə və Attestasiya" bölməsindən müsahibə və attestasiya ilə bağlı qanunvericilik aktları, komissiya üzvləri, müsahibə proqramı, vakant vəzifələr, o cümlədən, müraciət məqsədilə ərizə formasını əldə etmək üçün şərait yaradılıb. Eyni zamanda bildirməliyik ki, müsahibədə iştirak etmək istəyən şəxslər Dövlət Komitəsinin Mərkəzi Aparatına və bölgə şöbələrinə zəng və ya biləvasitə müraciət etməklə, qurumun sosial şəbəkə hesablarına yazmaqla maraqlandıqları suallara cavab ala bilərlər. Elan olunan müsahibədə "Dini etiqad azadlığı haqqında" qanunun 4-1.2-ci maddəsinə və Qaydanın 1.2.1-ci bəndinə əsasən yalnız ali dini və orta ixtisas təhsili olan şəxslər iştirak edə bilər. Onlara imam, imam müavini, dini ayinlərin icraçısı - müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələrindən birini seçmək hüququ verilib. Azərbaycanın, eləcə də müvafiq qanunvericiliyə uyğun olaraq xarici ölkələrin dini ali və orta ixtisas təhsil müəssisələrindən məzun olmuş şəxslər müsahibədə iştirak etmək üçün 24 iyunadək sənədlərini Dövlət Komitəsinə təqdim edə bilərlər".

Sevinc QARAYEVA

 





23.06.2022    çap et  çap et