525.Az

"Həyatımda yuxu kimi yaşadıqlarım qoy elə özümdə qalsın"


 

"Həyatımda yuxu kimi yaşadıqlarım qoy elə özümdə qalsın"<b style="color:red"></b>

Yaradıcılıq yolu teatrdan başlayıb. Nə biləydi ki, 16 yaşında işləməyə ehtiyacı olduğu üçün gəldiyi teatr onu öz səhnəsinin ulduzuna çevirəcək. Danışanda hiss olunurdu ki, yurdunu çox sevir. Gəncəbasar deyərək öyündüyü məmləkətində hamı onu Nazan rolu ilə tanıdı. Və bundan sonra rollar bir-birinin ardınca yer aldı... Bir dəfə Sevinc oldu, o biri dəfə Firəngiz. Gülqönçə pöhrələnərək Qızılgül tək açıldı. Mahnısı dağlarda qalan Şahnaz "İtkin gəlin"ə çevrildi, amma Əfsanəni yaşada bildi. "Atabəylər"dəki İncixanım "Eşq və intiqam"ın Həcər xanımı ilə yol yoldaşı oldu. Sonra Maral, Narınc, Qadəm, Həvva, Aqasiya, Ülviyyə, Firuzə, Şəhrəbanu, Pırpız Sona və davamı gələnlərlə tamaşaçını yaratdığı obrazların sehrinə saldı. Və illərdi ki, bu rəngarəng obrazlar çələngi Gəncə Dövlət Dram Teatrının tamaşalarını anşlaqa çevirib. Beləcə, bütün Gəncəbasar və ətraf rayonlar onun rol aldığı tamaşaları səbirsizliklə gözlədi. Lakin dövranın gərdişi onun üçün bir yeni cığır da açdı ki, onu bütün Azərbaycan tamaşaçısı tanıdı. "Pərvanələrin rəqsi" serialında yaratdığı Yaqut obrazı onun ekran həyatının tramplini və mükəmməl bir ifanın təzahürü oldu. Ondan sonra "Toy gecəsi", "Tufanlı səma", "28 iyun" seriallarına dəvət aldı. Bu gün isə tamaşaçını "Yuxu kimi"nin Səlvinazı bütün xarakteri ilə ekranlara bağlayıb. Əziz oxucu, söhbətin artıq kimdən getdiyini anladın. Bu günün müsahibi respublikanın Xalq artisti, "Qızıl Dərviş" mükafatı laureatı, Teatr Xadimləri İttifaqının üzvü, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası Pərvanə Qurbanovadır.

 

 

- İstəyirəm tamaşaçı Pərvanə Qurbanovanı lap əvvəldən tanısın...

- Nə olar ki, qoy tanısın... Taleyindən bixəbər bütün körpələrdən biri kimi baharın ilk günlərində qədim Gəncədə bu dünyaya göz açdım. 34 saylı orta məktəbi və musiqi məktəbini bitirdim. Musiqi məktəbinin diplomu ilə musiqi müəllimi ola bilərdim, lakin bundan yararlanmağa fürsət olmadı. Ailədə beş uşağın dördüncüsüyəm. Çox imkanlı bir ailənin və bir-birini hədsiz sevən ata-ananın övladları olmuşuq. Yadıma gəlir ki, evimiz həmişə qonaqlı-qaralı olardı, biz uşaqlar da qucaqlarda, çiyinlərdə gəzərdik onda. Nədənsə Tanrı bu sevinci bizə çox gördü və taleyin amansız bir oyunu ilə üz-üzə gəldik. Doqquz yaşımda anamı, on bir yaşımda atamı itirdim. Beləcə, gedib-gələnlər heç olmamış kimi qeybə çəkildi. Nə yaxına gələn oldu, nə qapını döyən, çünki onlara lazım olanlardan artıq beş uşaq və bir də əziyyəti qalmışdı. O zaman bu yükü ağırlığına belə varmadan 80 yaşlı İmmi nənəm öz çiyninə götürdü. Həmin vaxt kiçik olduğumuzdan olanları çox da dərk etmirdik, kimləri itirdiyimizi, isti bir ocağın söndüyünü anlamırdıq. Yalnız bizi əzab-əziyyətlə böyüdən nənəm dünyasını dəyişəndən sonra mən yetim qaldığımı anladım. Ailənin böyük iki övladı artıq ev-eşik sahibi idi, biri hərbi xidmətini çəkirdi. Qalmışdıq 16 yaşlı mən və kiçik qardaşım. Ailənin dolanışığını təmin etmək artıq mənim çiynimdə olduğu üçün üz tutdum teatra.

- Halbuki əlinizdə musiqi məktəbinin diplomu var idi...

- Hə, var idi, amma mən teatra ona görə üz tutdum ki, məni orda tanıyırdılar.

- Maraqlı oldu.

- Tələsməyin, deyim. Musiqi məktəbinin dram dərnəyi vardı. Rəhbəri mərhum Hilal Həsənov idi, hansı ki, sonra Türkiyədə rejissor kimi fəaliyyət göstərdi və üç il əvvəl orada da dünyasını dəyişdi. Ruhu şad olsun. Həmin o Hilal müəllim bir gün sinfimizə gəlib dedi ki, mənə Yeni ildə Sülh göyərçinini oynamaq üçün səlis danışığı olan bir qız lazımdı. Sonra hərəmizə bir bənd şeir söylətdilər və sonda məni göstərərək dedi ki, bu qızı seçdim. Bunu eşidəndə, dərhal etiraz etdim ki, mənə evdən icazə verməzlər. Etirazıma baxmayaraq, evdən icazə alındı və mən Sülh göyərçinini oynadım. Bir müddət keçdi. Respublikada xalq teatrlarının festivalı ərəfəsi idi və buna ciddi hazırlıq gedirdi. Festivala Lütfi Məmmədbəyov rəhbərlik edirdi. Bizdə S.Vurğunun "Komsomol poeması" hazırlanırdı. Bütün etirazlarıma rəğmən, dedilər ki, mütləq iştirak etməlisən. Beləliklə, tamaşa hazırlandı və Gəncə Dövlət Dram Teatrının baş rejissoru Yusif Bağırov, Məmməd Bürcəliyev, Ələddin Abbasov kimi sənətkarlar baxış tamaşasında iştirak etdilər. Uğur qazanan tamaşa birinci yeri qazandı. Beləcə, mən gözə göründüm. Və o zaman ki, 16 yaşına qədər nənə himayəsində yaşayan bir qız özünü və kiçik qardaşını dolandırmaq məcburiyyətində qaldı, onu tanıyan bir ünvana üz tutdu ki, o da teatr idi.

- Asılqandan başlayan teatr...

- Bəli, 1981-ci ildən bu yana həmin teatrın qapıları üzümə hələ də açıqdı. Teatrın repertuarına Orxan Kamalın "Yad qızı" əsəri salınmışdı. Bu tamaşada mənə Nazan obrazının verilməsi haqqında söhbət gəzirdi, lakin fikirlər haçalanmışdı. O qızın səhnə təcrübəsi yoxdu deyənlər də vardı. Deyilən narazılığa baxmayaraq, mənim ustadım, müəllimim, böyük sənətkar mərhum Vaqif Şərifov bütün məsuliyyəti öz üzərinə götürərək, Nazan rolunu mənə tapşırdı. O rolu oynayanda 17 yaşım vardı. On il sərasər tamaşa anşlaqla keçdi. Bizdən sonra bu əsərə başqa teatrlar da müraciət etdi, Lütfi Məmmədbəyov əsərin televiziya tamaşasını hazırladı, lakin qoy, qeyri-təvazökarlıq kimi səslənməsin, hər yerdə mənim yaratdığım Nazan tərifləndi. 1982-ci ildə teatrımız bu tamaşa ilə Bakıya qastrola gəldi. Leyla Bədirbəyli, Barat Şəkinskaya, Mehdi Məmmədov, Nəsir Sadıqzadə kimi korifeylər tamaşaya gəlmişdi. Təbii ki, onlar Gəncə Dövlət Dram Teatrının adına gəlmişdilər. Həmin vaxt gənc bir qız olan mən, belə dahilərin qarşısında çıxış etmək məsuliyyətini dərk etmədiyimdən, onların zalda olduğunu hiss etməmişdim. O zaman Nəsir Sadıqzadənin sözü indi də qulağımdadı. Dedi ki, bu qızdan yaxşı aktrisa olacaq. Necə deyərlər, ata-anasız bir qızın naxışı ilkdən gətirdi. Rəmziyyə Veysəlova, Ələddin Abbasov, Məmməd Bürcəliyev kimi sənətkarların əhatəsində yetişməyə başladım. Və artıq 41 ildi ki, Gəncə Dövlət Dram Tearının səhnəsindəyəm. Rollarımın sayını da itirmişəm, bildiyim odu ki, bu illər ərzində teatrın repertuarı mənim çiyinlərimdə olub.

Teatr hər şeyin əzəli olan ilkimdi. Məni Vətənimdə və ondan kənarda yaşayan Azərbaycan tamaşaçısına tanıdan ekran olsa belə, teatr mənim məbədimdir. Ekranın populyarlıq qazandırmaq kimi bir üstünlüyü olsa da, teatr canlı sənətdir. Burada sənin ikinci dubl deyə, bir şansın yoxdu. Səhnəyə çıxdınmı, tamaşaçını inandırmaq, onun ürəyinə yol yapmaq üçün obrazı yaşamalısan. Bu, sənə verilən yeganə imkandı və bu imkanı əlində saxlamaq böyük hünər tələb edir. Böyük sənətkar, pedaqoq Nəsir Sadıqzadənin tələbələrinə belə bir tövsiyəsi olub: "Hansı sənətdə olursuzsa olun, onu namusunuz qədər sevin". Çox güclü məntiqə söykənən bu deyimdə, mənim teatra olan məhəbbətim öz təzahürünü tapıb. İki il idi pandemiya bəlası teatrın qapılarını bağlı qoymuşdu. Nəhayət biz bu il yerli yazarımız Nüşabə Əsəd Məmmədlinin "Cavad xan" dramının tamaşası ilə tamaşaçı qarşısına çıxdıq. Tamaşada Cavad xanın həyat yoldaşı Mələknisə bəyim rolunun ifaçısıyam. Həmin tamaşanı Bakıda da təqdim etmişik tamaşaçılara. Çox böyük uğur qazanıb, alqışlara layiq görülmüşük. Teatrımızın ikinci böyük işi yaxın vaxtlarda premyerası gözlənilən Amerika yazıçısı Con Patrikin "Missis Sevicin qəribəlikləri" komediyasıdır. Çox maraqlı olan komediyada baş rolun ifaçısı mənəm. Bizi sevənləri premyeramıza dəvət edirəm.

- Gəlin sizi məşhurlaşdıran etirafınıza qayıdaq...

- Etirafımdan heç də qaçan deyiləm. 2012-ci ildə rejissor Rövşən İsax məni "Pərvanələrin rəqsi" teleserialında baş rola dəvət etdi. O zaman mən 13 ilin Xalq artisti idim. Amma məni kifayət qədər geniş tamaşaçı çevrəsi tanımırdı. Və mən bu serialda Yaqut obrazını yaratdım. Teatrda Nazan, ekranda Yaqut mənim vizit kartım oldu. Günün bu günündə belə, bu obrazın özəlliyinin mənim üçün xüsusi yeri var. Hazırda hələ də davam edən və böyük tamaşaçı marağına səbəb olan, diqqətlə izlənilən, deyərdim ki, hətta gözlənilən "Yuxu kimi" serialının baş qəhrəmanlarındanam. Əgər serial tamaşaçını ekrana bağlaya bilibsə, deməli, nəsə yarada bilmişik.

- Yaqut xanım və həkim Səlvinaz xanımın bir ümumi adı var - ana...

- Əslində onların oxşar cəhətləri çoxdu. Hər ikisi imkanlı ailənin xanımıdı. Hər ikisi ailəsinə, övladlarına bağlı anadı. Hər ikisi ailəsi, balaları uğuruna istənilən, lap düşünülməmiş addım atmağa hazır cəfakeş qadınlardı. Düşünürəm ki, mən Pərvanə də, övladlarım naminə onlar kimi addım ata bilərəm. Bu iki ananın yalnız bir fərqi var. Yaqut xanım həyat yoldaşı Hikmət Bədirlidən xəyanət görmür. Səlvinaz xanım isə əksinə, ailəsini, uşaqlarını belə, gözdən çıxaran Çinar Zamanlı kimi xəyanətkar bir həyat yoldaşı ilə yanaşı yaşayır. Vəssalam.

- 44 gündən danışmaya bilmərik...

- O günlərdən saatlarla danışa bilərəm. Cəbhə bölgəsindən tamam uzaq olan Gəncə iki dəfə partlayış yaşadı. İlk gündən uşaqlarımı Bakıya aparıb, özüm Gəncəyə qayıtdım. Nə qədər israr görsəm də, hamıya bircə cavabım oldu - ölüm torpağımda olsun. Elə gün olmadı ki, biz top, mərmi səsi eşitməyək. Biz hər şeyə hazır və razı idik, təki bu müharibənin sonunda zəfər olsun. Ailələr məhv oldu, körpələr öldü, ata-anasız uşaqlar qaldı - bütün bunları yaşasaq da, təki Vətən sağ olsun dedik. O günlərin ağrısı da, acısı da, göz yaşı da, şəhidi də mənimdi, qələbə sevincinin isə həddi yoxdu. Mən illərlə Vətən içində vətənsizlik yaşayanların halına ürəkağrısı ilə yanmışam. İllər havasına, suyuna, quru torpağına həsrət qalanların saçını ağartdı. Vətən deyə-deyə dünyasını dəyişənlərin ruhu yerlə-göy arasında qaldı. İndi əminəm ki, o narahat ruhlar öz yurdunda qərarını tapıb.

- Hamı həyatda yuxu kimi nəsə yaşayır.

- İllər ötdü, mən Pərvanə Qurbanova olandan sonra ətrafımda o qədər qohum, tanış peyda oldu ki... Mən ağrı-acını duya-duya, insanları görə-görə, həyatdan öyrənə-öyrənə yürüdüm və mükəmməlləşdim. Tanrı məni hər zaman qorudu, gözəl insanların əhatəsinə düşdüm, həyatda böyük səhvlərim olmadı. Tanrı qarşıma gözəl ömür-gün yoldaşı çıxardı. Böyük məhəbbət yaşayıb ailə qurduq, iki qız övladının sahibi olduq. On ildən artıqdı ki, onu itirmişəm. Bu itkidən böyük sarsıntı yaşasam da, ayaqda qalmağı bacardım. Allahı heç vaxt unutmuram, onun nəzərindən düşməmək üçün həddimi hər zaman bilmişəm. Mənə yaşatdığı bütün xoşbəxtliklərə görə Yaradana şükürlərim sonsuzdur. O ki, qaldı həyatımda yaşadığım yuxu kimiyə, qoy elə özümdə də qalsın.

Tamilla M-zadə

 

 





23.06.2022    çap et  çap et