525.Az

Medeyanın seçimi - Şahanə Müşfiq yazır


 

Medeyanın seçimi - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Dahi rus yazıçısı Dostoyevski deyirdi ki, sevən qadın sevdiyi kişinin bütün qüsurlarını, hətta cinayətlərini belə ilahiləşdirər...

İyunun 21-də Akademik Milli Dram Teatrında premyerası keçirilən "Medeya" monotamaşasının qəhrəmanı Medeya da vaxtilə sevən, çox sevən bir qadın idi. Hətta o, ərini o qədər sevirdi ki, vətənindən, atasından, yuvasından imtina edib onunla tamam başqa bir yerə, tanımadığı şəhərə gəlmişdi. Özü də onun bu imtinası cinayətsiz də ötüşməmişdi. O, həm də qardaş qatili bir bacı idi. Lakin bütün bunlar onu narahat etmir, vicdanını sızlatmırdı. Çünki onun ağlı da, ürəyi də, vicdanı da eşq idi, məhəbbət idi. Sevimli əri yanında olandan sonra ona bu dünyanın özü belə gərək deyildi. Lakin Medeyanın məhəbbət dünyası, eşq səltənəti heç də onun planladığı, xəyal etdiyi kimi əbədi sürmür. Yanlış seçim və yaşadığı cəmiyyətin yazılmamış qanunları onun da dünyasını başına yıxır. O da cəmiyyətin qadına verdiyi dəyərin, daha doğrusu, dəyərsizliyin miskin qurbanına çevrilir. Onun bir qadın kimi gözəlliyi, cazibədarlığı, ərinə olan sonsuz məhəbbəti, sədaqəti, ona bəxş etdiyi iki övlad belə xəyanətə uğramasının qarşısını ala bilmir. Bütün pisliklərini, cinayətlərini bağışladığı, hətta ört-basdır etdiyi əri Yazo onu ağlına belə gətirməyəcəyi xəyanətlə üz-üzə qoyub gedir. Artıq Medeya da atılmış, təhqir olunmuş, ürəyi parçalanmış bir qadındır.

Evripidin "Medeya" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Kamil İsmayılov, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Lalə Hacıyeva və işıq üzrə rəssamı Rafael Həsənovdur. Medeya rolunu sevilən aktrisa, Əməkdar artist Münəvvər Əliyeva canlandırırdı.

"Medeya" faciəsinin mövzusu "Arqonavtlar" əsatiri silsiləsindən götürülüb. Əsərin əsas ideyası xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdir. Bəli, qadın bir insanı ürəkdən sevər, bağlanar, onunçün ağlasığmayacaq, məntiqə gəlməyəcək fədakarlıqlar edər, ancaq xəyanətə məruz qalarsa, nələr edə biləcəyini kimsə təxmin belə etməz. Necə ki, Medeya heç kimin ağlına gəlməyəcək intiqam yolunu seçir.

Bədbəxt Medeya əri Yazonun ağlasığmaz xəyanətini, onun mənəvi miskinliyini, şöhrətpərəstlik üzündən ailəni, qəlbini, vicdanını satmasını ifşa edir, qadının cəmiyyətdəki qul vəziyyətini və daim kişilər tərəfindən alçaldığını hiddətlə pisləyir. O, qadın hüququnu müdafiə edən üsyankara çevrilir. Artıq onun davası təkcə özünün alçaldılması, yaşadıqları deyil. O, bütün xəyanətə uğrayan, alçaldılan, cəmiyyətdən kənarlaşdırılan, xor görülən qadınların səsinə çevrilir. O, qadının yaradılmışların ən bədbəxti, ən miskini olduğunu deyir. Çünki qadın qəlbinin, hisslərinin köləsidir. Hissləri nə istərsə, onları etməyə bir növ məcburdur. Ancaq bəs hisslər yanılarsa, ya da qarşındakı o hisslərdən istifadə edib, onu qəddarcasına tapdayıb keçərsə? Bax bu zaman qopar tufan, başlayar fəlakət... Medeya özü də bunu etiraf edir. O deyir ki, doğrudur, qadın zəif və zərif məxluq kimi yaradılıb, amma o, xəyanətə uğrayarsa, onun qəzəbindən qorxmaq lazımdır.

Bəs Medeya Yazondan və cəmiyyətdən öz qisasını necə alır? Ən qəddar və həm də ən miskin bir metodla: öz övladlarını öldürərək. O, bilir ki, əri Yazona bundan daha müdhiş bir cəza verə bilməz. Bəli, Medeya öz analıq hissləriylə tapdalanmış qadınlıq qürurunun arasında qalır. O, övladlarını sevir, çox sevir. Özü də bir ana məhəbbətiylə sevir. Amma qadınlıq qüruru, intiqam atəşi onun yaxasını buraxmır. O, mütləq şəkildə iki yoldan birini seçməlidir. Ya qürurundan vaz keçib, bədbəxt həyatını davam etdirməli, ya da intiqam alıb içində yanan atəşi söndürməlidir. Ən nəhayət, Medeya böyük iztirab içərisində öz övladlarını öldürür. Ancaq onun övladlarını öldürdüyü səhnədə üzündəki əzab, iztirab o həddə gəlib çatır ki, bir anlıq düşünürsən, Medeya övladlarını öldürərək ona xəyanət edən Yazodan intiqam alır, yoxsa, bir xəyanətkara iki uşaq doğan özündən?...

Monotamaşada dekorasiya, aktrisanın geyimi və işıq effektləri olduqca uğurlu seçilmiş, verilən mesaja birbaşa xidmət edirdi. Səhnədə və obrazın geyimində istifadə olunan qara və qırmızı tonlar Medeyanın faciəsinin rəngləri kimi olduqca effektiv idi. Rejissorun əsərə toxunuşları və yozumu da maraqlı təsir bağışlayırdı. Səhnə əsərinin əvvəlində suyun içərisindən çıxan Medeyanın bir neçə dəqiqə heç bir söz demədən etdiyi hərəkətlər sanki onun əzablarının, daxili sarsıntılarının ifadəçisi idi. Onun suyun içindən çıxması, vacib qərarlarında suya qaçıb girməsi, ya da sonda suya batması varlığın ilkin başlanğıcı və axır ünvanı olan suya işarədir.  Həmçinin, su təmizlik rəmzidir. Medeya suda özünün keçmiş təmizliyini, saflığını axtarırdı. Onun övladlarını öldürüb suya atması onları öldürərək saflıqlarını qorumasına, özünün sonda suya batması da bütün günahlarının ən üst səviyyəsinə çatıb, günahsızlığa, yəni saflığa yetməsinə işarə kimi də anlaşılır.

O, səhnənin dörd tərəfindən sallanan uzun kəndirlərdən tutub harasa dırmaşmaq, ya da hardansa çıxmaq istəyir. Bu, Medeyanın düşdüyü dərin psixoloji və mənəvi sarsıntılardan, üzləşdiyi faciələrdən qaçmaq cəhdidir. El arasında belə bir atalar sözü var: dənizə düşən ilana sarılar. Medeyanın da sarıldığı o kəndirlər düşdüyü bataqlıqdan çıxmaq üçün axtardığı yollar idi. Ancaq Medeya başa düşür ki, bundan qaçış yoxdur. Bütün yollar onu bircə yerə aparıb çıxaracaq: amansız taleyinin kor dalanına...

Medeyanın qədim tarixə malik faciəsi illərdir səhnələrin, kitabların, filmlərin mövzusu olur. Hər kəs ona bir cür yanaşır, hər kəs bu faciəni bir yöndən şərh etməyə çalışır. Bu da Akademik Milli Teatrın, rejissor Emil Əsgərovun faciəyə yanaşması idi. Bu mövsümün son premyerası olan "Medeya" inanırıq ki, gələn mövsüm özünün uğurlu taleyini yaşayacaq.

 

 





23.06.2022    çap et  çap et