525.Az

“NUR Art House”da “Türk dünyasının Şuşa incisi” adlı tədbir baş tutub


 

“NUR Art House”da “Türk dünyasının Şuşa incisi” adlı tədbir baş tutub<b style="color:red"></b>

İyunun 21-də Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyası, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, Vektor Beynəlxalq Elmlər Akademiyası və “NUR Art House” qalereyasının təşkilatçılığı ilə “Türk dünyasının Şuşa incisi” adlı tədbir keçirilib. 

525.az xəbər verir ki, “Şuşa ili” çərçivəsində keçirilən tədbirdə Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının Ankara Bölməsinin Başkanı, professor Hayrettin İvgin, Milli Məclisin deputatı Elman Nəsirov, elm və incəsənət xadimləri iştirak ediblər.
Bir neçə hissədən ibarət olan tədbir gənc rəssam, Qazi hərbi jurnalistin qız övladı Nəsibə Quliyevanın “Şuşa ili”nə həsr edilmiş “Qarabağ etüdləri” adlı ilk fərdi sərgisinin açılışı ilə başlayıb.

Açılış zamanı qonaqları Avropa Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının üzvü, texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadə, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva, Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının Ankara Bölməsinin Başkanı, professor Hayrettin İvgin, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Xalq şairi Vahid Əziz və başqaları çıxış edərək gənc rəssama xeyir-dua verib, yaradıcılıq uğurları arzulayıblar.
Tədbir simli trionun, sazlı-sözlü qonaqların, balacaların ifasında milli rəqslərin müşayiəti ilə davam edib.

Sonda Avropa Təbiət Elmləri Akademiyasının təsis etdiyi “Gottfried Wilhelm Leibniz” ordeninin təqdimat mərasimi baş tutub.

Mərasimdə “NUR Art House” qalereyasının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevaya Beynəlxalq İqtisadiyyat və Sosial Elmlər Akademiyasının Akademiki, dünya mədəniyyətinə göstərdiyi xidmətlərə görə Avropa Təbiət Elmləri Akademiyasının təsis etdiyi və Beynəlxalq Mükafatlandırma Komitəsi tərəfindən layiq görüldüyü “Avropa Xidmət Mükafatı”, rəngkarlıq və xalça sənətində Şuşa, Qarabağ mövzusunda bir-birindən dəyərli əsərlər yaradan Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış xalçaçı-rəssam Eldar Hacıyevə və elmi tədqiqatlarında Azərbaycan incəsənətini incəliklə təhlil edən, bu mövzuda 50-dən artıq elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, tədqiqatçı alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahir Bayramova “Gottfried Wilhelm Leibniz” ordeni təqdim edilib. Ziyalılarımız, elm və sənət xadimlərimiz müxtəlif mükafatlar, fəxri fərmanlarla mükafatlandırılıb.


 

 

 





23.06.2022    çap et  çap et