525.Az

ADAU-da imtahan prosesinin müşahidəsi:  hər kəs üçün "açıq qapı"


 

ADAU-da imtahan prosesinin müşahidəsi:  hər kəs üçün "açıq qapı"<b style="color:red"></b>

Bu günlərdə ölkədəki ali məktəblərdə imtahan sessiyaları keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetində də (ADAU) iyunun 1-dən 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. İyulun 5-dək davam edəcək imtahanların obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini, eləcə də imtahan sessiyasında daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə "Apellyasiya komissiyası" yaradılıb.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bir müddət əvvəl sosial şəbəkə üzərindən müraciətində valideynləri, ictimaiyyət nümayəndələrini, KİV təmsilçilərini, bir sözlə hər kəsi imtahanları müşahidə etməyə dəvət etmişdi.

Bir qrup jurnalist də bu günlərdə Gəncədə olub və ADAU-da ayrı-ayrı fənlər üzrə imtahan sessiyasının gedişini izləyiblər, eyni zamanda, ali təhsil müəssisəsinin binası ilə tanış olublar. Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif formaların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, imtahanların qəbulu test üsulu ilə kompüterdə, şifahi və yazılı formalarda təşkil edilib.

Məlumat üçün bildirək ki, hazırda universitetdə 8 fakültə - Aqronomluq, Torpaqşünaslıq və aqrokimya, Baytarlıq təbabəti, Zoomühəndislik, Mühəndislik, Aqrotexnologiya, Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə üzrə 30 ixtisas üzrə 6 min tələbə təhsil alır. Onların arasında yalnız yerli deyil, xarici ölkələrdən, o cümlədən, qardaş Türkiyədən, bir sıra Afrika, Asiya ölkələrindən, MDB-dən olan tələbələr də var. Universitet Azərbaycan, türk, rus və ingilis dillərində təhsil verir.

Jurnalistlər baytarlıq, əczaçılıq, aqronomluq, mühəndislik və s. üzrə tələbələrin imtahanlarını müşahidə edib. İmtahanlardan əvvəl tələbələrin üzərində olan bütün əşyalar, telefonlar alınır, daha sonra xəbərdarlıq edildi ki, hər hansı qayda pozuntusu olarsa, tələbə imtahandan kənarlaşdırılacaq. Söhbət etdiyimiz tələbələr imtahanların olduqca şəffaf keçdiyini və bu prosesdə yalnız biliklərinə güvəndiklərini deyiblər. Valideynlərinin də imtahanlara gələrək müşahidə apardıqlarını söyləyiblər.

İmtahan verən bir neçə türkiyəli tələbə ilə də söhbət etmək imkanımız oldu. Əczaçılıq fakültəsinin tələbələri Əhməd Ertekin və Furkan Tanguner bildiriblər ki, ADAU-da təhsil yüksək səviyyədə təşkil edilib. Onlar məhz buna görə, bu universiteti seçiblər. Tələbələr ali məktəbdə hər hansı mənfi hallarla qarşılaşmadıqlarını, imtahan sessiyalarının hər kəs üçün açıq olduğunu deyiblər. Eyni zamanda, universitetdə tələbələr bütün şəraitin olduğu yataqxana, büdcələrinə uyğun qida ilə təmin edildiklərini söyləyiblər.

Xatırladaq ki, 2016-cı ildə Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində çoxsaylı obyektlərin, o cümlədən, ADAU-nun birinci müasir tələbə evinin açılışında iştirak edib. Kompleksin dörd korpusu yeddi mərtəbəli, bir korpusu isə altı mərtəbəli binalardan ibarətdir.

Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik, altısı isə üç nəfərlikdir.

2017-ci ilin noyabrında Prezident İlham Əliyev universitetin tələbələri üçün yeni inşa edilmiş ikinci 514 yerlik ikinci tələbə evinin açılışında iştirak edib. Ümumi ərazisi 13 640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər iki binada istirahət guşələri və mətbəx yaradılıb. Eyni zamanda binalarda qeydiyyat şöbəsi, akt və fitnes zalları, kafe, məişət və ticarət xidməti obyektləri, kitabxana, müayinə otağı və stomatoloji kabinet, valideynlərlə görüş otağı yaradılıb. Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb.  ADAU-nun kitabxanası isə tələbələrin hazırlığı üçün əvəzsiz vasitədir.

Jurnalistlər universitetin Baytarlıq təbabəti fakültəsinin Suni mayalanma tədris mərkəzi, təsərrüfat sahəsi, tədris auditoriyaları və müasir laboratoriyaları ilə yaxından tanış olublar.

Onu da vurğulayaq ki, ADAU-da dövlət sirafişli ixtisaslarda təhsil alan tələbələr aylıq təqaüdlə təmin olunurlar. Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə aqrar təhsilə marağın artırılması üçün univesitetə kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla qəbul olan tələbələrə əlavə təqaüd verilməsi davam etdirilir. ADAU Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq qəbul olanlar 150 manat, 500 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd verilir. Buna qədər qeyd olunan kateqoriyadan olan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd ödənilirdi.

Bununla yanaşı, Elmi Şuranın qərarına əsasən qeyri kənd təsərrüfatı ixtisaslarına 500 və daha çox balla qəbul olunmuş tələbələrə 120 manat, 400-499 balla qəbul olunmuş tələbələrə 80 manat məbləğində büdcədənkənar vəsait hesabına əlavə təqaüd verilib.

Universitetdə təhsil göstəriciləri yüksək olan tələbələrə rəhbərlik tərəfindən diqqət və qayğı göstərilir. Belə ki, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 150 manat, ingilis dilli ixtisaslarda təhsil alanlara hər ay 100 manat məbləğində əlavə təqaüd verilməsi nəzərdə tutulur. 2021-ci ilədək analoji kateqoriya tələbələrə müvafiq olaraq 70 və 100 manat əlavə təqaüd verilib.

Bundan başqa, "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Prezidentinin  sərəncamına əsasən  Təhsil Nazirliyinin müvafiq əmri ilə ADAU-ya 547 əlavə təqaüd yeri ayrılıb.

PƏRVANƏ

 





23.06.2022    çap et  çap et