525.Az

"Göyçay tarixi"


 

"Göyçay tarixi"<b style="color:red"></b>

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)  özünün çoxillik milli maarifçilik ənənəsinə sadiq qalaraq "Göyçay tarixi" adlı yeni kitabını oxuculara təqdim edib. Kitabın ideya müəllifi və naşiri AVCİYA-nın prezidenti Elxan Süleymanov, müəllifi AVCİYA-nın vitse-prezidenti, tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlıdır.

Qədim dövrlərdən günümüzə qədər Göyçay tarixinin mühüm mərhələlərini əks etdirən, maraqlı faktlar və illüstrasiyalarla zəngin olan 312 səhifəlik bu kitab AVCİYA kollektivinin hazırda üzərində işlədiyi "Göyçay Ensiklopediyası"nın tərkib hissəsidir. Ensiklopediyanın bu hissəsinin öncədən nəşr olunmasında məqsəd tarix bölməsinin gənclərin yurd sevgisinin, vətənpərvərlik duyğularının formalaşmasındakı rolu ilə bağlıdır. Qeyd edək ki, bu kitab, AVCİYA-nın hazırlayıb dərc etdiyi "Şamaxı Ensiklopediyası"ndan sonra Assosiasiyanın ikinci regional ensiklopedik layihəsi olacaq.

Nəfis şəkildə dərc olunmuş "Göyçay tarixi" kitabında tarixi faktlar, arxiv sənədləri, mətbuat və internet səhifələri, rəsmi materiallar və mövcud tədqiqatlar əsasında ölkəmizin coğrafi və mənəvi baxımdan mərkəzi rayonlarından olan, tariximizə görkəmli şəxsiyyətlər bəxş etmiş səfalı Göyçay rayonunda qədim dövr və Orta əsrlərdə, yeni dövrdə, qəza, cümhuriyyət və sovet mərhələlərində və nəhayət müstəqillik zamanında cərəyan etmiş milli əhəmiyyətli hadisələrdən bəhs edilir, bir sıra faktlar ilk dəfə təhlil və şərh olunur, oxucuya ümumiləşmiş qənaət təqdim edilir.

Kitabın əhəmiyyətli bir hissəsi mədəniyyət və ədəbiyyata həsr olunmuşdur. Təbii ki, zəngin tarixə malik olan Göyçayın regional humanitar irsini, buranın görkəmli ziyalılarının, üləmalarının, maarifçilərinin, ədəbiyyat və sənət xadimlərinin hamısının fəaliyyətini burada əhatə etmək mümkün deyil. Bu rayonun tarixi, coğrafi mühiti, mədəniyyəti, ədəbiyyatı, tarixi və müasir şəxsiyyətləri, o cümlədən, İkinci Dünya müharibəsində, Birinci və İkinci Qarabağ müharibələrində canını fəda etmiş şəhidləri, qəhrəmanları haqqında məlumat adını çəkdiyimiz "Göyçay Ensiklopediyası"nda geniş təqdim ediləcək. Göyçaylı ədəbiyyat xadimlərinə də bu fundamental ensiklopediyada xüsusi yer veriləcək.

Bu kitabda isə Göyçay əsilli ədiblərdən milli ədəbiyyat tariximizdə mühüm rol oynamış Həbibi, Qantəmir, Abdulla Faruq, Rəsul Rza, Ənvər Məmmədxanlı, Əli Kərim, Anar, İskəndər Coşqun, İbrahim Göyçaylı, İnqilab Kərimov, Feyruz Məmmədov kimi söz-sənət xadimlərindən bəhs edilib. Kitabda verilmiş materiallar bu ədiblərin yaradıcılıq özünəməxsusluğu, Göyçayın ədəbi-mədəni mühiti haqqında müəyyən təsəvvür yaradır və eyni zamanda, Göyçay əhalisinin sözə-sənətə olan diqqət və qayğısını da əyani şəkildə göstərir. Bu baxımdan Rəsul Rzanın ev-muzeyi, Əli Kərim adına Göyçay şəhər parkı, bu parkda salınmış "Əbədiyaşar ədiblər" Kompleksi haqqında məlumat qədirbilən göyçaylıların şeirə, sənətə olan sıcaq münasibətinin nümunəsi kimi təqdim olunur.

Kitabda Ümummilli lider Heydər Əliyevin və müzəffər Prezidentimiz İlham Əliyevin Göyçay rayonunun hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıdan da konkret faktlar əsasında ətraflı bəhs edilir.

Ümumilikdə, Göyçayın tarixi haqqında ilk fundamental tədqiqat olan bu kitab Azərbaycanın öz təbiəti və mənəvi sərvəti etbarilə zəngin bu qədim bölgəsi haqqında gələcək araşdırmalara yol açan elmi dəyərə, gənclərimizin azərbaycançılıq idealları və vətənpərvərlik ruhunda tərbiyəsinə təkan verəcək didaktik əhəmiyyətə malikdir.

Vətən sevgisi məhz yurd sevgisindən başlayır və AVCİYA kollektivinin yüksək məsuliyyət və zövqlə nəşrə hazırladığı "Göyçay tarixi" kitabının vətənimiz Azərbaycanı sevən bütün oxucuları cəlb edəcəyini düşünürük. Bu şərəfli milli maarifçilik və vətənpərvərlik missiyasının icrasında Assosiasiyanın rəhbəri Elxan Süleymanov başda olmaqla, AVCİYA kollektivinə yeni uğurlar arzulayırıq.  

Asif HACILI
Filologiya elmləri doktoru, professor      

 

 





23.06.2022    çap et  çap et