525.Az

"PİLLƏ" Tələbə Tamaşaları Festivalı keçirilir


 

"PİLLƏ" Tələbə Tamaşaları Festivalı keçirilir<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə "ADMİU 99+" layihəsi çərçivəsində "PİLLƏ" Tələbə Tamaşaları Festivalı keçirilir.

Festivalın açılış mərasimi iyunun 22-də baş tutub. Açılışda Mədəniyyət Nazirliyinin əməkdaşları, universitet rəhbərliyi, tanınmış incəsənət xadimləri, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bu festivalı universitetin həyatında önəmli hadisə adlandırıb. Festivalın adına toxunan xanım rektor bildirib ki, "Pillə" adının seçilməsi heç də təsadüfi deyil: "Biz hər zaman tələbələrimizə pillələrlə uğurlara doğru qalxmağı arzu edirik". C.Mahmudova festivalın müəllimlərə deyil, tələbələrə yönəldildiyini və burada yalnız tələbələrin işinin qiymətləndiriləcəyini bildirib. Çıxışının sonunda rektor festivalın işinə uğurlar arzulayıb.

Əməkdar İncəsənət Xadimi, ADMİU-nun "Teatrşünaslıq" kafedrasının müdiri, professor Aydın Talıbzadə bu cür festivalın həm tələbə-aktyorların, həm də tələbə-teatrşünasların təcrübəsində önəmli rol oynayacağını vurğulayıb. Professor festivalın davamlı olmasını və gələcəkdə beynəlxalq səviyyədə təşkil edilməsini arzulayıb.

Qeyd olunub ki, iyunun 25-nə kimi davam edəcək festivalda ADMİU-nun Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrin təşkilat komitəsi tərəfindən 30-dan çox tamaşa içərisindən seçilmiş doqquz diplom və kurs tamaşaları nümayiş olunacaq. Həmçinin, hər günün sonunda həmin gün nümayiş olunan səhnə əsərləri tələbə-teatrşünaslardan ibarət gənc ekspertlər qrupu tərəfindən müzakirə ediləcək.

Bildirilib ki, universitetin 100 illik yubileyi ərəfəsində keçirilən "Pillə" festivalı tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi kimi məqsədləri hədəfləyir.

Festivalın qalibləri peşəkar teatrşünasların, tənqidçilərin iştirakı və münsifliyilə müəyyənləşdiriləcək.

Qaliblərə "Ən yaxşı tamaşa", "Ən yaxşı kişi rolu", "Ən yaxşı qadın rolu" nominasiyaları üzrə mükafatlar, o cümlədən, gənc tənqidçilərin xüsusi mükafatı təqdim olunacaq.

Açılış mərasimindən sonra festivalın ilk günü Teatr sənəti fakültəsinin 4-cü kurs tələbələrinin ifasında M.Makdonaxın "İnişmandan gələn şikəst" (kurs rəhbəri Əməkdar artist Şövqi Hüseynov) və U.Şekspirin "Ledi Maqbet" (kurs rəhbəri Ceyhun Dadaşov) tamaşaları nümayiş edilib. Növbəti günlərdə də hər gün üç tamaşa göstəriləcək və festivalın bağlanış mərasimi 25 iyunda keçiriləcək.

ŞAHANƏ

 





23.06.2022    çap et  çap et