525.Az

Humanitar Kollecdə "Məzun günü" keçirilib


 

Humanitar Kollecdə "Məzun günü" keçirilib<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecdə "Məzun günü" keçirilib. Tədbirdə ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva, ADMİU-nun Musiqi sənəti fakültəsi, "Estrada sənəti" kafedrasının müdiri, professor Məryəm Babayeva və ADMİU nəzdində Humanitar Kollecin direktoru, dosent Nərmin Qaralova, kollecin müəllim-tələbə heyəti, valideynlər və məzunlar iştirak ediblər.

Tədbirdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Rəsmi hissəsinin açılışını edən kollecin direktoru Nərmin Qaralova bütün məzunları bu münasibətlə təbrik edib, kollecdənkənar həyatlarında da uğurlar və müvəffəqiyyətlər arzulayıb. O, tarixi keçmişi olan kollecin növbəti məzunları ilə vidalaşdığını qeyd edərək 84 yaşlı kollecin keçmiş məzunlarından Azərbaycan incəsənətinə tanınmış şəxsiyyətləri bəxş etdiyini vurğulayıb, keçmişin kollec ənənələrini qoruyub saxlamaqda indiki məzunları davamçısı kimi gördüyünü bildirib.

Daha sonra ADMİU-nun rektoru, professor Ceyran Mahmudova çıxış edərək kollecin tələbələrinə xoş arzularını çatdırıb. Xanım rektor gələcəkdə ali təhsil müəssisəsində təhsil almaq arzusu olanlara dilədikləri ixtisas üzrə təhsillərini davam etdirməyi, digər sənət-peşəylə məşğul olan gənclərə isə seçdikləri yolda uğurlu şəxslər olmaqlarını arzu edib.

Kollecdə təhsil aldığı müddətdə xüsusi fəallığına, səmərəli və uğurlu fəaliyyətlərinə görə bir sıra tələbələr təşəkkürnamələrlə təltif ediliblər. ADMİU-nun Musiqi sənəti fakültəsi, "Estrada sənəti" kafedrasının müdiri, professor Məryəm Babayevaya tələbələri ilə birlikdə "Kollecin Məzun günündə fəal iştirakına görə" təşəkkürnamə təqdim edilib.

Tədbirdə qeyd edilib ki, bu il ADMİU nəzdində Humanitar Kollecdə 3 şöbə üzrə 16 ixtisasdan, "Kulturologiya" şöbəsindən Turizm bələdçiliyi, Kitabxana işi, Muzey işi və abidələrin mühafizəsi, Sosial iş, Sığorta işi ixtisasları üzrə, "Təhsil ixtisasları" şöbəsindən Məktəbəqədər təlim və tərbiyə, Məktəbəqədər təhsildə korreksiyaedici təlim, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə müəllimliyi ixtisasları üzrə, "İncəsənət" şöbəsindən Musiqi müəllimliyi, Xanəndəlik, Xalq çalğı alətləri, Bədii yaradıcılıq işi, Dekorativ tətbiqi incəsənət və xalq sənəti, Musiqi nəzəriyyəsi, İnstrumental ifaçılıq ixtisasları üzrə ümumilikdə 400-dən çox tələbə məzun adını qazanıb.

Məzun gününün bədii hissəsində ADMİU Musiqi sənəti fakültəsi, "Estrada sənəti" kafedrasının tələbələri şən musiqi nömrələri ilə çıxış ediblər.

ŞAHANƏ

 

 





23.06.2022    çap et  çap et