525.Az

Bülbülün 125 illik yubileyi Tbilisidə qeyd olunub


 

Bülbülün 125 illik yubileyi Tbilisidə qeyd olunub<b style="color:red"></b>

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov) anadan olmasının 125 illiyi Tbilisidə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin və M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin əməkdaşları, jurnalistlər Bülbülün Tbilisinin mərkəzində, Qorqosali küçəsindəki parkda ucaldılmış büstü önünə gül dəstələri düzüb, görkəmli opera müğənnisinin xatirəsini ehtiramla yad ediblər.

Səfirlik əməkdaşları Bülbülün həyat və fəaliyyətindən söz açıblar. Bildirilib ki, 1897-ci ildə Şuşada anadan olan böyük sənətkar Azərbaycan opera və vokal musiqisinin inkişafında mühüm rol oynayıb. O, Azərbaycanda professional vokal musiqinin əsasını qoyub. Onun ifa etdiyi xalq və bəstəkar mahnıları ("Sənsiz", "Sevgili canan", "Süsən sünbül", "Yaxan düymələ", "Xumar oldum" və s.) bu gün də sevilə-sevilə dinlənilir.

Qeyd edək ki, Bülbülün abidəsi Tbilisidə 2015-ci ildə M.F.Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında, Kür çayının sağ sahilindəki parkda ucaldılıb.

Büstün müəllifi gürcü heykəltaraş Georgi Caparidzedir.

 





23.06.2022    çap et  çap et