525.Az

İanələrin qəbulunda şəffaflığı artıran sistem


 

İanələrin qəbulunda  şəffaflığı artıran sistem<b style="color:red"></b>

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək. Bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, ianələrin elektron qaydada qəbul edilməsi ilə bağlı qaydalar hazırlanır: "Məlum olduğu kimi, "Dini etiqad azadlığı haqqında" qanunda edilən dəyişikliklərə əsasən, dini qurumlar ianə vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə bilirlər. Dəyişikliyə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edəcəklər. Hazırda ianələrin elektron qaydada qəbul edilməsi ilə bağlı qaydalar üzərində iş gedir. Bununla bağlı proses yekunlaşdıqdan sonra sözügedən qaydalar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Millət vəkili Ceyhun Məmmədovun sözlərinə əsasən, nəzirlər onlayn qaydada yığıldıqdan sonra da nəzir qutuları ibadət ocaqlarında saxlanılacaq: "Bu gün informasiya texnologiyaları inkişaf edir. Bir sıra sahələrdə onlayn ödəmələr tətbiq olunur. Biz əslində ianələrin onlayn ödənilməsində bir qədər gecikmişik. Bu gün məscidə ianə etmək üçün vətəndaş evindən çıxıb məscidə getməlidir. Amma nəzirlərin elektron qaydada ödənilməsi ilə bağlı qaydalar hazırlandıqdan sonra vətəndaş evində oturaraq məscidə getmədən onlayn formada ianəni köçürdə biləcək. Hazırda hər məscidin öz bank hesabı var. Həmin hesaba onlayn qaydada köçürmək mümkündür".

C.Məmmədov bildirib ki, nəzir qutularının tamamilə yığışdırılması gündəmdə deyil. Onun sözlərinə görə, kim məscidə gedib orada nəzir və ianə etmək istəsə edə bilər: "Bu dünyanın hər yerində var. Sadəcə burada nəzarət mexanizmləri olmaldır. Türkiyənin istənilən məscidində ianə etdikdə qəbzlər verilir. Türkiyə bu qayda çoxdan tətbiq edib. Hətta kiçik məbləğlər də verilərkən qəbz verilir. Qəbzin biri vətəndaşda, digəri dini icmada qalır. Bu sənədə əsasən hesabat aparılır".

Millət vəkili hesab edir ki, ianələrin onlayn qəbulu şəffaflığı artıracaq. Artıq məscidlərin idarəçiliyi dövlətin nəzarətinə keçib. Kadr təyinatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyatabkeçirilir. Ona görə də şəffaflıq baxımından ianələrin onlayn qəbul edilməsi çox yaxşı haldır: "İanələrin onlayn köçürülməsi toplanan vəsaitin hara sərf olunmasına olan şübhələri də aradan qaldıracaq. Onlayn qaydada ianələrin toplanması insanlarda inam yaradacaq. Bu isə ibadət ocaqlarına ianələrin daha çox verilməsinə səbəb olacaq. Gələcəkdə ianələr hesabına dini icma və məscidlərin öz xərclərinin ödənilməsini həyata keçirdə biləcək".

Millət vəkili vurğulayıb ki, ianələrin elektron qaydada toplanmasının uğursuz olacağı barədə fikirlər əsassızdır. Burada hər hansı çətinlik olmayacaq: "Əgər 20-30 il əvvəl kimsə desəydi ki, bütün ödənişlər elektron qaydada həyata keçiriləcək, insanlar təəccüblənərdi. Amma elektron texnikanın inkişaf etdiyi bir dövrdə bunu mümkünsüz saymaq ancaq kiminsə şəxsi maraqlarına xidmət edə bilər. Həmçinin, ödənişin yalnız elektron qaydada qəbulundan söhbət getmir. İanələr elektron yolla yanaşı, nağd formada da qəbul ediləcək. Kim istəsə məscidlərə gedib birbaşa ianə edə biləcək. İanələrin onlayn formada olmasında əsas məqsəd şəffaflığın, hesabatlılığın təmin olunmasıdır: Vətəndaşların müasir qaydada nəzir ianə etməsi önəmlidir və buna şərait yaradılır. Burada məqsəd şəffaflığın, hesabatlılığın təmin olunmasıdır. Məscidlərdə nəzir qutularının olması bütün müsəlman ölkələrində var. Lakin bunların hamısında xüsusi qəbzlər və çeklər verilir. Ümumiyyətlə, nəzir qutuları həm məscidlərin maliyyələşdirilməsinə, onların maddi imkanlarının yaxşılaşdırılmasına töhfə verəcək. Həm də onlayn qaydada ianələr vətəndaşların inam və etibarını bərpa edəcək. Adətən, suallar olurdu ki, bu ianələr harqa gedir? Bunlar hansı məqsədlə istifadə olunur? Artıq bu, məsələyə də aydınlıq gətiriləcək. Həmçinin bu, vəsaitlərdən imkansızlara, xəstə insanlara, tələbələrə vəsaitlər ayıra bilərik. Bu da dünyanın əksər ölkələrində çox geniş yayılmış metoddur. Yəni, bu gün dövlətlə bərabər məscidlərin, ibadət yerlərinin də bu prosesdə iştirakı çox önəmlidir. İnanırıq ki, Azərbaycanda bu istiqamətdə işlər müsbət məcrada inkişaf edəcək".

C.Məmmədov qeyd edib ki, ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbulu təcrübəsindən dünyanın əksər ölkələrində istifadə olunur. Türkiyədə bu təcrübə geniş yayılıb: "Qardaş ölkədə Qurban bayramında vətəndaşlardan vəsait onlayn qəbul edilir. Türkiyənin istənilən məscidində ianə etdikdə qəbzlər verilir. Türkiyə bunu çoxdan tətbiq edib. Hətta kiçik məbləğlər də verilərkən qəbz verilir. Ona görə də Azərbaycanda da bu sahədə şəffaflıq və hesabatlılığın olması yaxşıdır".

Millət vəkili Azər Badamov bildirib ki, ianələrin onlayn şəkildə edilməsi müasir dövrün çağırışlarına uyğundur və nağd şəkildə ianələrin edilməsi də qadağan olunmur:"Texnoloji imkanların yaranması xidmətlərin onlayn şəkildə, yəni nağdsız qaydada həyata keçirilməsinə imkanlar genişləndirilib. Məsələn, bir insan öz evində oturduğu yerdən və ya da uzaqdan hər hansı ibadət yerinə könüllü ianə etməyini arzulayır. Təklif olunan qanun belə şəxslərin arzusunun reallaşdırılmasına imkan yaradır. Həm də bu vaxta qədər insanları həmişə verdikləri nəzirlərin taleyi maraqlandırırdı. İbadət yerlərinə ödənilən nəzirlərin hansı istiqamətdə xərcləndiyi hamını düşündürürdü".

Millət vəkilinin söylədiyinə görə, qanunun qüvvəyə minməsindən sonra ibadət yerlərində yığılacaq ianələrin hesabatı veriləcək:"Bura həm nağd, həm də nağdsız ianələr daxil olacaq. İanələrin xərclənməsi üçün də müəyyən istiqamətlər müəyyənləşəcək və o istiqamətlərdə sərf olunacaq. Məsələn, çoxlu ölkələrdə yığılan ianələrin bir hissəsini imkansız, kimsəsiz insanların təhsil almasına, xəstələrin müalicəsinə dəstəyə yönəldilir. Hətta imkansız insanların dəfn xərclərinin qarşılanmasında da dəstək göstərilir. Yəni, yığılan ianələrin həcminin müəyyən olunması və xərclənməsinin istiqamətləri bilinirsə, insanlar daha çox ianə edə bilərlər. Yəni, ölkəmizdə Allahın yolunda imkansız insanlara əl tutmaq adəti mövcuddur".

A.Badamov əlavə edib ki, bu gün yığılan ianələrin taleyi məlum olmadığından insanlar o qədər də könüllü ianələrə maraqlı deyillər:"Qanunda bu məsələ ilə təklif olunan dəyişiklik bu günə qədər mövcud qaranlıq məqamların aradan qalxmasına və hesabatlılıq mühiti yaranmaqla şəffaflığın təmin olunmasına töhfə verəcək. İanələrin elektron qaydada ödənilməsinin tərəfdarıdır. Onun fikrincə, bu zaman insanlar verdikləri nəzirin hara xərcləndiyinə də nəzarət edə biləcəklər".

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənlinin fikrincə, dini icmalar ianələr hesabına fəaliyyət göstərir: Müasir dövrdə bunun bank hesabları ilə, onlayn qaydada edilməsi normal haldır. Pandemiya vaxtı bizim icmaya yardımlar məhz köçürmələr vasitəsilə olurdu. Xaricdə yaşayan vətəndaşlar da dəstəklərini bu cür ifadə edirdilər. Bu həm şəffaflığı təmin edəcək, həm də müasir dövrün tələbləri ilə uzlaşır. Ona görə də hesab edirəm ki, bu, normal haldır. Əgər icmalar prosesə nəzarət edəcəklərsə, proses şəffaf icra olunacaqsa, bu, insanlar üçün də bir arxayınlıq yaradacaq ki, ödədikləri vəsait lazımi istiqamətdə xərclənəcək".

Sevinc QARAYEVA

 





24.06.2022    çap et  çap et