525.Az

"Gəlmişəm o bayrağın üç rəngindən öpməyə..." - Leyla Turanın yeni şeiri


 

"Gəlmişəm o bayrağın  üç rəngindən öpməyə..." - <b style="color:red"> Leyla Turanın yeni şeiri</b>

 

 

 

Gəlmişəm o bayrağın

üç rəngindən öpməyə

Əziz Şuşa, mən burdayam...

Nəhayət, gəlmişəm qoynuna sənin...

Sənli yuxularım gücdü qoluma,

Gəlmişəm dolayım boynuna sənin...

 

Gəldim ki, baş əyim məğrurluğuna,

Diz çöküm, dizimin izini saxla...

Sənli yuxularım çin çıxdı, şükür!

Şükürlü duamın sözünü saxla...

 

Sənli yuxuların yaşı otuz il,

Mənə: "Gəl..." - deyirdin o yuxularda...

"Qoynumda cücərən gülləri gətir..."

Mən bunu eşitdim pıçıltılarda...

 

Əl-ələ gəzirdik Cıdır düzünü

Sənli yuxuların əlvanlığıyla...

Hər daşda tapırdıq həsrət izini,

Yuyurduq vüsalın göz yaşlarıyla...

 

Bir gün də yuxuma bəzənib gəldin

Məsum qızcığazın boy-buxununda...

Ah, Şuşam... qol açıb sən mənə dedin:

"Xoş gördük, xoş gəldin xoş yuxulardan!"

 

"İsa bulağı"ndan su verdin mənə,

Daddım... Suya döndü sənli yuxular...

Axdı, axdı hey, üzü Xankəndinə,

Arzular, ümidlər qoşalaşdılar...

 

Xan əminin, Bülbülün, Natəvanın, Üzeyirin

Vətənini görməkçün

Neçə arzu böyütdüm...

 

Çin oldu arzularım...

Gəlib durdum qarşında,

Həsrətli yuxuların gerçəyə çevrilməsi

"44 gün"lə yaşıddı...

 

Gəldim ki, mən ağlayım,

Sən güləsən bu dəfə...

Tərs yozulan yuxumun

Astarına gül düşə...

 

Arzuların şəhəri, xəyalların bəzəyi,

Səmandakı qara bulud dağıldı...

Gəldi həsrət gecələrin səhəri

Adına min dastan, min cəng yazıldı...

 

İndi Cıdır düzündə yaraşıqdır bayrağım,

Şuşa, sənin köksündə nur,

işıqdır bayrağım...

Gəlmişəm o bayrağın üç rəngindən öpməyə,

Gəlmişəm, Şuşam mənim,

gözəlliyini görməyə...

 

Gəlmişəm...

Gəlmişik biz!

Gəldik ki, məğrurluğun Azərbaycan oğludur!

Gəlmişik ki, deyək biz:

"Əziz Şuşa, sən azadsan!"

"Qarabağ Azərbaycandır!"

 





24.06.2022    çap et  çap et