525.Az

Müharibənin şiddətli mərhələsi - Xaqani Cəfərli yazır


 

Müharibənin şiddətli mərhələsi - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Ukrayna və Rusiyadan gələn məlumatlar müharibənin şiddətli mərhələsinin qarşıda olduğu qənaəti yaradır. Müharibənin ilk günlərindən rəsmi Kiyevin Qərb ölkələrindən tələb etdiyi silahların artıq Ukrayna ordusuna təslim edilməsinə başlanılıb.

Ukraynanın müdafiə naziri Oleksey Reznikov ABŞ istehsalı olan HIMARS (High Mobility Artillery Rocket System) reaktiv yaylım atəşi sistemlərinin artıq Ukraynaya gətirildiyi haqda rəsmi məlumat yayıb. Bununla bağlı tviter-dəki paylaşımında Oleksey Reznikov "amerikalı həmkarı və dostu"na, general Lloyd Ostinə təşəkkür edib. Ukraynanın müdafiə naziri daha sonra yazıb ki, yay işğalçılar üçün isti keçəcək və onlardan bəziləri üçün sonuncu yay olacaq.

HIMARS-ın sovet-rus istehsalı olan reaktiv yaylım atəşi sistemlərindən bir neçə üstünlüyü var. Birincisi, HIMARS dəqiqlik və sürətinə görə daha öndədir. HIMARS-ın, yəni Yüksək Hərəkətli Artilleriya Raket Sisteminin Ukraynaya verilməsi müharibənin ötən dörd ayında Rusiyanın məxsus olduğu və bunun sayəsində müəyyən uğurlar qazandığı əsas üstünlüyü aradan qaldıracaq. Müharibənin arxada qalan dörd ayında Ukrayna əsgərlərinə və mülki əhalisinə ən çox ziyanı Rusiya artilleriyası verirdi. Nəhayət ki, Ukrayna ordusuna HIMARS-ın verilməsi müharibə meydanında qüvvələr nisbətini dəyişəcək. Bundan sonra Rusiya ordusu daha çox itki verməyə başlayacaq. ABŞ kəşfiyyatının mövqeyi bundan ibarətdir ki, HIMARS döyüş meydanındakı vəziyyəti, dərhal olmasa da, zamanla dəyişəcək. Əlbəttə, nüvə silahı istisna olmaqla heç bir silah döyüş meydanında vəziyyəti dərhal dəyişə bilməz. Ancaq bundan sonra Rusiya ordusunun Ukrayna ordusunun artileriyası qarşısında özünü təhlükəsiz hiss etdiyi dövrlər arxada qalacaq.

HIMARS sistemi mərmidən asılı olaraq 15 kilometrdən 499 kilometrə qədər məsafədə hədəfləri son dərəcədə dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Eyni zamanda HIMARS Həssas Zərbə Raketləri (PSM) və Taktik Raket Sistemləri (ATACMS) ilə atəş açmaq qabliyyətinə malikdir. Hələlik ABŞ Ukraynaya 80 km-ə qədər məsafədəki Rusiya hədəflərini unikal dəqiqliklə vura bilən raketlər verib. Ancaq zamanla daha uzun məsafəni vura bilən raketlərin veriləcəyi gözlənilir. Çünki ABŞ Ukraynanın məğlub olmasına imkan verə bilməz.

Müharibənin şiddətli dövrünün qarşıda olduğunu və Rusiya ordusu üçün ağır keçəcəyini söyləməyə imkan verən digər məlumat isə ondan ibarətdir ki, Ukrayna Qərb ölkələrindən 300 min ədəd artilleriya mərmisi alıb. Bu barədə Britaniyanın “The Times” qəzeti yazıb. Qəzetin yazdığına görə, Ukrayna ordusu bu günə qədər olduğu kimi, bundan sonra da eyni intensivliklə istifadə etsə, bu mərmilər ən azı 40 gün kifayət edəcək. Həmin müddətə isə Ukraynaya yeni mərmilər veriləcək.

ABŞ-ın Ukraynaya növbəti hərbi yardım paketinə də HIMARS və artilleriya sursatları daxil olacaq. Ümumi dəyəri yarım milyard dollar olan hərbi yardım isə qarşıdakı günlərdə Ukraynaya təhvil verilməyə başlayacaq.

Almaniyanın müharibənin ilk günündən vəd etdiyi, ancaq üç gün öncəyə kimi Ukraynaya təhvil verməkdən yayındığı Panzerhaubitzen 2000 haubitsalarının ilk partiyası artıq Polşa-Ukrayna sərhədini keçib. Kansler Olaf Şolz Ukraynaya bu silahın təhvil verilməsini gecikdirdiyinə görə sərt tənqid olunurdu. Hətta hökumətin böhranı ehtimalı da gündəmə gəlmişdi. Almaniya artıq Ukraynaya Panzerhaubitzen 2000 haubitsalarının 7 ədədini təhvil verib, daha 5 ədəd haubitsanın verilməsi nəzərdə tutulur. Çünki Almaniyanın müdafiə naziri Kristina Lambrxt 12 ədəd haubitsanın veriləcəyini elan edib.

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Alyans və onun müttəfiqləri lazım olduğu müddətdə Ukraynanı silahla təmin etməyə davam edəcək. Stoltenberq həmçinin bildirib ki, bu ayın sonunda Madriddə keçiriləcək sammit zamanı NATO və müttəfiqləri Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynaya yeni geniş dəstək paketi qəbul edəcək. Bundan başqa, Madrid sammitində Ukrayna Silahlı Qüvvələrinin NATO standartlarına uyğun yenidən silahlanması üzrə uzunmüddətli proqramın qəbul ediləcəyi gözlənilir.

Bu arada, Rusiya hakimiyyətinin Krımın Herson vilayəti ilə sərhədində müdafiə istehkamlarını gücləndirməyə başladığı haqqında məlumat yayılıb. İyunun əvvəlində Dövlət Sərhəd Obyektlərinin Tikintisi və İstismar İdarəsinin Krım bölməsi tender elan edib. Satınalmalar çərçivəsində beton və metal hasarların, eləcə də dəmir konstruksiyaların quraşdırılması nəzərdə tutulur.

Bundan əlavə, Rusiya ordusunun köhnəlmiş sursatlardan istifadə etdiyi haqqında çoxsaylı məlumatlar yayılır. Media və sosial şəbəkələrdə də yer alan foto və videolarda Rusiya ordusunun köhnə hərbi texnikadan istifadə etdiyini sübuta yetirən çoxsaylı görüntülər var. Digər məlumata görə, Rusiyanın hərbi anbarlarındakı texnikanın böyük bir hissəsinin istifadəyə yararsız olduğu üzə çıxıb.

Müharibənin şiddətli mərhələsinin qarşıda olduğunu göstərən məlumatlarla yanaşı, Rusiyanın güc strukturlarının təmsilçilərinin ABŞ-la gizli danışıqlar apardığı haqqında məlumatlar da yayılmağa başlayıb. İddiaya görə, güc strukturunun rəhbərləri müharibənin dayandırılması, danışıqların başlanmasını təklif edirlər. Bunun üçünsə Putini təslim etməyə hazır olduqları bildirilir. Rusiya prezidentinin köməkçisi Dmitri Peskov dərhal bu məlumatı təkzib edib. Bundan əvvəl isə rusiyalı oliqarxların bir qrupunun Putinin hakimiyyətdən kənarlaşdırılması ilə bağlı gizli danışıqlar apardığı haqqında məlumat yayılmışdı. Bütün bu məlumatları təsdiq və ya təkzib etmək mümkün deyil. Dəqiq məlumat isə ondan ibarətdir ki, Qərb Ukraynanın müasir silahlarla təchiz olunmasını davam etdirir. Bu isə hərb meydanında yay fəslinin olduqca isti keçəcəyindən xəbər verir.

 





25.06.2022    çap et  çap et