525.Az

Azərbaycanda din sahəsində birlik və həmrəylik yüksək dəyərləndirilir


 

Azərbaycanda din sahəsində birlik və həmrəylik yüksək dəyərləndirilir<b style="color:red"></b>

Azərbaycan beynəlxalq aləmdə siyasi-ictimai sabitlik şəraitində dini tolerantlığın və multikultural dəyərlərin inkişaf etdiyi, bütün dini konfessiyalara bərabər münasibətin göstərildiyi, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğu, dini-mədəni müxtəlifliyin qorunduğu dövlət kimi tanınır.

Dünyanın nüfuzlu dövlət xadimləri, dini liderləri, elm və mədəniyyət nümayəndələri Azərbaycanın dövlət-din modelinin bir çox ölkələr üçün örnək olduğunu bildirirlər. Buna görə də qlobal səviyyədə dini həmrəyliyə, dinlərarası və mədəniyyətlərarası dialoq mövzusuna həsr olunmuş beynəlxalq tədbirlərin müxtəlif vaxtlarda Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Bütün bunlar Azərbaycanda dini münasibətlərin konstitusion normalara əsaslandığını, vicdan və dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğunu bir daha əyani şəkildə göstərir.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı inkişaf edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki,  ölkədə siyasi-ictimai sabitlik daha da möhkəmlənib, makroiqtisadi sabitlik və yüksək iqtisadi artım təmin edilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində şanlı Qələbənin əldə edilməsi regional və beynəlxalq səviyyədə ölkəmizin mövqeyini daha da möhkəmləndirib. Cəmiyyətin bütün sahələrində olduğu kimi, vicdan və dini etiqad azadlığının təmin edilməsində, dini-mədəni müxtəlifliyin qorunmasında Ulu öndər Heydər Əliyevin milli ideologiya səviyyəsinə qaldırdığı azərbaycançılıq məfkurəsi mühüm rol oynayır.

Azərbaycan Prezidentinin sərəncamları ilə tarixi-dini abidələr, ziyarətgahlar bərpa edilir, yeniləri tikilir, dini qurumlara mütəmadi olaraq maliyyə yardımları ayrılır, o cümlədən, milli-mənəvi və dini dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq hərtərəfli addımlar atılır. Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Qarabağa səfərləri zamanı ilk olaraq məscidləri ziyarət etməsi, bərpa-quruculuq işlərinin məhz dini ibadətgahlardan başlaması, Qarabağa və Şərqi Zəngəzura səfər zamanı yeni dini ibadət yerlərinin təməlinin qoyulması ölkə rəhbərliyinin dini-mənəvi irsə göstərdiyi diqqətin parlaq ifadəsidir. Azərbaycan yenidən müstəqilliyini qazananda respublikada cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2253-dür. Bu günədək 992 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 955-i İslam, 37-si isə qeyri-islam (xristian - 26; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

Amma görünən odur ki, yuxarıda göstərilənlərə rəğmən, Azərbaycanın artan uğurlarından və daha da güclənən mövqeyindən narahat olan bəzi dairələr vətəndaşların dini inancından sui-istifadə etməklə məkrli, destruktiv əməllərə rəvac verirlər. Aydındır ki, bu tipli çirkin "əməllər" multikultural və tolerant dəyərlərə söykənən Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq rədd edilir. Demokratiya, qanunun aliliyi, unitarlıq və dünyəvilik prinsiplərinə söykənən Azərbaycan Konstitusiyasının əsaslarına zidd olaraq siyasi idarəçiliyi və həyat tərzini "şəriət qaydaları" adı altında təbliğ edən, özündə bir neçə nəfəri birləşdirən "təşkilat" və yaxud dərnək səviyyəli qruplar əslində dini pərdə altında gizlənmiş, insanların inanc və dini hisslərini istismar edən pozucu elementlərdən başqa bir şey deyil. Əminliklə demək olar ki, bu cür elementlərin fitnəkar əməllərini xalqımız böyük ikrah hissi ilə qarşılayır və buna görə də onların çirkin niyyətləri beşiyindəcə iflasa məhkumdur.

Bu cür qərəzli və qeyri-sağlam mövqe tutan şəxslərə "dini təhsil" verib "ruhani" kimi yetişdirən bəzi xarici dövlətlərin dini mərkəzləri və digər təşkilatları 30 il düşmən tapdağı altında qalan və donuz axuru kimi istifadə edilən məscidlərimizə görə bir dəfə də olsun erməni qəsbkarlarına etiraz etməyib. Lakin onlar bu gün öz "kadrlar"ı vasitəsilə məscidləri inşa və bərpa edən, İslami dəyərlərini daim uca tutan müsəlman ölkəsində - Azərbaycanda "İslamı müdafiə" adı altında pozucu fəaliyyətə əl atır, sosial mediada dövlət qurumlarının əleyhinə şər və böhtan kampaniyasına rəvac verir, sülh və barışa böyük önəm verən İslam dəyərlərindən sui-istifadə edərək süni gərginlik yaratmağa səy göstərirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun sözlərinə görə, Azərbaycanda din sahəsində mövcud birlik və həmrəylik yüksək dəyərləndirilir: "Təəssüf ki, özünü dünyaya beynəlxalq təşkilatlar kimi təqdim edən din və vicdan azadlığından danışan qurumlar bəzən Azərbaycan reallıqlarını qərəzli, qeyri-obyektiv formada göstərməyə çalışırlar. Hətta bəzən Azərbaycanı din azadlığı pozulan ölkələrlə eyni sırada göstərməyə cəhd göstərirlər. Erməni vandalizmini, xüsusilə də işğaldan azad olunmuş ərazilərdəki erməni vəhşiliyini göz ardına vuraraq bu məsələyə kifayət qədər önəm verməkdən boyun qaçırırlar. Hesabatlarda bu faktlara ötəri yanaşılır, yaxud diqqət edilmir, əks olunmur. Eyni zamanda bir sıra beynəlxalq təşkilatlar xristian və islam dinini siyasiləşdirməyə çalışırlar. Təbii ki, islam dininin siyasiləşdirilməsi yolverilməzdir. Din siyasiləşəndə təhlükəli hala çevrilir".

S.Heydərov bildirib ki, Azərbaycanda dini icmaların rahat şəkildə fəaliyyət göstərməsi üçün bütün lazımi şərait yaradılıb: "Azərbaycana qarşı dinə yönəlik təhdidlər bir an belə səngimir. Azərbaycandakı dini icmalara səslənərək çağırış edirəm ki, ölkə həqiqətlərini, erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmağa var qüvvələri ilə çalışsınlar, fəal olsunlar. Hədəfimiz dini icmalarla ölkədə mövcud olan dəyərləri daha da qorumaq, inkişaf etdirmək, eləcə də bəşəri dəyərlər üçün olduqca mühüm olan dəyərləri qorumaqdır".

Millət vəkili Bəhruz Məhərrəmov deyir ki, Azərbaycanda dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabərliyi bütövlükdə cəmiyyət tərəfindən könüllü şəkildə dərk və qəbul edilən münasibətə çevrilib. Azərbaycan kimi köklü dini ənənələri və ruhaniyyət mənəviyyatının güclü olduğu cəmiyyətlərdə din-dövlət münasibətlərinin dünyəvilik şərti ilə bu cür mükəmməl formada tənzimi təbii ki, ciddi səy və şəxsi nüfuz tələb edir. Prezident İlham Əliyevin dini ənənələrə münasibətdə şəxsi nümunə göstərməsi, müsəlmanların müqəddəs məkanları, o cümlədən, Məkkəyə səfəri, habelə, onun hakimiyyəti illərində regionun ən gözəl məscidlərindən biri olan Heydər Məscidi kompleksinin tikilməsi, Bibiheybət, Təzəpir, o cümlədən, Şamaxı Cümə məscidləri başda olmaqla çoxsaylı ibadətgah və dini abidələrin bərpası, habelə, işğaldan azad olunan bölgələrdə təmir və bərpa prosesinə məhz Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi nəzarətində dini abidələrdən başlanması ilə Azərbaycanda dünyəvi və dini ideyaların dəqiq sərhədlərinin müəyyən olunması təmin edilib: "İstər işğal dövrü, istər sonrakı zamanlarda vandalizmə məruz qalmış dini abidələrlə bağlı tutduğu barışmaz və qətiyyətli mövqeyi, o cümlədən, antiislam dairələr qarşısında cəsarətli duruşu ilə Prezident İlham Əliyev İslam dünyasının təəssübünü çəkən müsəlman aləminin liderlərindən biri olduğu reallığını ortaya qoydu. Həmçinin, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun analoji istiqamətdə həm yerli, həm də beynəlxalq müstəvidə titanik fəaliyyəti dövlət-din münasibətlərinin hazırkı mükəmməl səviyyəsinin formalaşmasında həlledici amillərdən birinə çevrildi".

B.Məhərrəmov qeyd edib ki, cəmiyyətdə bu sahədə hakimiyyətlə həmrəyliyin müşahidə olunmasının kökündə dayanan vacib nüanslardan digəri isə heç şübhəsiz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın özlərinin şəxsi nümunələrində dini-mənəvi amillərə yüksək ehtiramla yanaşmaları oldu. Dövlət başçısı və birinci xanım işğaldan azad edilən bölgələrə ayaq basarkən ilk olaraq məscidə qədəm qoydular. Ağdam və Şuşada məscidlərinin ziyarət edilməsi zamanı yaşanan duyğusal anlar, oraya 30 il sonra ilk dəfə məhz Birinci vitse-prezident tərəfindən Quran gətirilməsi xalqın yaddaşında əbədi həkk olundu: "Bundan əlavə, məlumdur ki, Azərbaycan Konstitusiyasına əsasən dövlətin təhsil sistemi dünyəvi xarakter daşıyır. Həyata keçirilən uğurlu din siyasətinin nəticəsi olaraq dini təhsil idarəçiliyinin, o cümlədən, qanunvericiliyə son dəyişikliklərlə din xadimlərinin təyinatının dünyəvi formata salınması daha təşkilatlanmış və daha savadlı kadrların yetişməsi ilə din siyasətinin daha sağlam təməllər üzərində həyata keçirilməsi istiqamətində mühüm addım oldu. Bu, eyni zamanda, bəzi dairələrinin dini dəyərlərdən radikal məqsədlərlə istifadə cəhdləri perspektivlərini heçə endirmiş oldu".

Sevinc QARAYEVA

 





25.06.2022    çap et  çap et