525.Az

Folklorşünaslıq ağırlıqlı görkəmli ədəbiyyatşünas - İsa Həbibbəyli yazır


 

Folklorşünaslıq ağırlıqlı görkəmli ədəbiyyatşünas - <b style="color:red"> İsa Həbibbəyli yazır</b>

Azərbaycan elmi ictimaiyyəti Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran Əliyevi görkəmli ədəbiyyatşünas alim və tanınmış yaradıcı ziyalılardan biri kimi dəyərləndirir. Ədəbiyyatşünaslıq elmi də, bədii yaradıcılıq da Kamran Əliyevin təkcə maraq dairəsi və ya fəaliyyət sahəsi deyil, taleyi olub. O, həyatının mənasını elmdə və ədəbiyyatda tapmışdır. Ədəbiyyatşünaslıq sahəsində bir neçə  istiqamətdə mühüm elmi problemlərin işlənib hazırlanması və həllində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran Əliyevin özünəməxsus böyük xidmətləri vardır.

Tanınmış ədəbiyyatşünas Kamran Əliyev hər şeydən əvvəl, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas tədqiqatçılarından biridir. Azərbaycan ədəbiyyatşünaslıq elmində romantizm nəzəriyyəsinin banisi və görkəmli yaradıcısı akademik Məmməd Cəfər Cəfərovdan sonra Kamran Əliyev bu nəzəriyyəni ayrı-ayrı istiqamətlərdə inkişaf etdirmişdir. Belə demək olar ki, AMEA-nın müxbir üzvü Kamran Əliyev akademik Məmməd Cəfərovun meydana qoyduğu konsepsiyanı yeni elmi-nəzəri müddəalarla daha da zənginləşdirmiş və dərinləşdirmişdir. XX əsrin əvvəlləri Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri ilk dəfə Kamran Əliyev tərəfindən sistemli şəkildə araşdırılıb ümumiləşdirilmişdir. Kamran Əliyev "Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri" probleminə həsr edilmiş namizədlik dissertasiyasında ilk dəfə olaraq XX əsrin əvvəllərində yaşayıb-yaratmış romantik sənətkarların ədəbiyyat haqqındakı baxışlarını geniş və sistemli şəkildə araşdırıb təhlil etmiş və elmi baxımdan obyektiv meyarlar əsasında qiymətləndirilmişdir. O, bu elmi tədqiqat əsərində, həmçinin, Azərbaycan romantizmində sənətkar taleyi və yaradıcılıq azadlığı məsələsini də əsaslı şəkildə tədqiq edib əhəmiyyətli ümumiləşdirmələr aparmışdır.

Romantik yazıçı və şairlərin bənzərsiz sənət dünyasını öyrənməklə Kamran Əliyev elmi fəaliyyətində romantizmə münasibətdə davamlı bir prosesə imza atmışdır. O, XX əsrin əvvəlləri Azərbaycan romantiklərinin bədii əsərlərinin poetikasını tədqiqat obyektinə çevirmiş, bu istiqamətdə vaxtilə akademik Məmməd Cəfər Cəfərov tərəfindən müəyyən edilmiş müddəaları davam və inkişaf etdirmiş, ən əsası ilə yeni əlavələrlə daha da zənginləşdirməyə nail ola bilmişdir. Bu məqamda Kamran Əliyev romantik sənətin poetikasını köklü surətdə araşdırmaq və aydınlaşdırmaq üçün  Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının təşəkkülü məsələsinə də yenidən qayıtmış və romantik ədəbiyyatın estetik prinsiplərini, sənət ideallarını geniş şərh etmişdir. Məhz həmin bünövrə üzərində onun romantik ədəbiyyatın poetikasını araşdırması mühüm və əsaslı elmi nəticələrin əldə olunmasını şərtləndirir. Buna görə də Kamran Əliyevin romantik ədəbiyyatın aparıcı istiqaməti olan "Azərbaycan romantizminin obrazlar sistemi"ndən bəhs edən doktorluq dissertasiyası ədəbiyyatşünaslıq elmimizdə romantizmə dair tədqiqatların sferasını daha da genişləndirmiş və yeniləşdirmişdir. Romantizmdə "Romantik ədəbiyyat və folklor" məsələsinin qoyuluşu və həlli isə birbaşa Kamran Əliyevin adı ilə bağlı elmi xidmətdir. Azərbaycan romantik ədəbiyyatının korifeyi Hüseyn Cavidin həyatı və yaradıcılığının araşdırılıb öyrənilməsinə yenidən qayıdaraq bu mövzuda ayrıca bir monoqrafiya çap etdirməklə Kamran Əliyev Azərbaycan romantizmi ədəbi cərəyanının tədqiqinin akademik Məmməd Cəfər Cəfərovdan sonrakı ikinci mərhələsini tamamlamışdır. XX əsrin doxsanıncı illərindən başlayaraq XXI əsrin iki onilliyini əhatə edən bu dövr Azərbaycan romantizminin tədqiqinin Kamran Əliyev mərhələsi adlandırıla bilər.

AMEA-nın müxbir üzvü Kamran Əliyev demək olar ki, tədqiqatdan kənarda qalmış Azərbaycan romantizmi və folklor probleminin elmi həllinin yaradıcısı və sahibidir. Bu, Azərbaycan romantizminin milli əsaslarının müəyyən edilməsi, işlənib hazırlanması və sübut olunması baxımından Kamran Əliyev tərəfindən müəyyən edilmiş yeni elmi istiqamətdir. Kamran Əliyevin müəyyən etdiyi model Azərbaycan ədəbiyyatında mövcud olan digər ədəbi cərəyanların da folklor qaynaqları, bəlkə də folklor dayaqları ilə birlikdə, qarşılıqlı üzvü əlaqədə tədqiq edilərək yeni elmi nəticələr əldə olunmasına imkan yaradır. Ədəbiyyatın tarixi və nəzəriyyəsi baxımından əhəmiyyətli olan bu elmi baxış Azərbaycan folklorşünaslıq elmində də yeni nəzəri istiqamətlərdən biridir. Romantizm və folklor mövzusu həm də Kamran Əliyev üçün yazılı ədəbiyyatın tədqiqindən şifahi xalq ədəbiyyatının araşdırılmasına keçid üçün körpü funksiyasını həyata keçirmişdir.

Azərbaycan ədəbiyyatının XIX-XX əsrlər mərhələlərinin görkəmli yaradıcılarının həyatı və yaradıcılığının tədqiqində Kamran Əliyevin adı ilə bağlı səhifələr kifayət qədərdir. Kitablarından birinin adında ifadə olunduğu kimi, "Mirzə Fətəlidən Hüseyn Cavidə qədər"ki tarixi mərhələnin əsas yaradıcı simalarının və ciddi elmi problemlərinin öyrənilməsində Kamran Əliyevin rolu xüsusi olaraq qeyd edilməyə layiqdir. O, XIX-XX əsrlərdə yaşayıb-yaratmış və haqqında özünədərki dövrlərdə tədqiqatlar aparılmış, kitablar çap olunmuş sənətkarlar barəsində fərqli elmi söz deməyə çalışmış və əksər hallarda buna nail olmağı bacarmışdır. Bunu Kamran Əliyevin araşdırmalarının adlarından da aydın şəkildə görmək mümkündür. Sərlövhəyə çıxarılmış adlar onun ənənəvi mövzuya novator münasibətini ifadə edir. "Şərqi oyadan zəng səsləri", "Mirzə Cəlil müdrikliyi", "Cəfər Cabbarlının romantik qəhrəmanları", "Mübarizliyin tərcüməsi" və sair kimi araşdırma mövzuları ədəbiyyatşünaslıqda müəyyən qədər diqqət yetirilmiş məsələlərə yeni elmi münasibəti ifadə edir. Belə məqamlarda Kamran Əliyev mövcud tədqiqatlara ehtiramla yanaşmaqla bərabər, həm də mövzuya yenidən qayıtmaqla, problemi özünün elmi təfəkküründən keçirməklə, başlanmış işləri tamamlamış və daha da dərinləşdirmişdir. Daha doğrusu, çox hallarda əvvəllər tezis şəklində səsləndirilmiş mətləblər  Kamran Əliyev tərəfindən konkret elmi problem səviyyəsində tədqiq olunaraq, sistemli şəkildə yenidən elmi ictimaiyyətə çatdırılmışdır.

Bununla belə, Azərbaycan ədəbi-elmi fikrinin elə məsələləri də vardır ki, həmin problemlər ilk dəfə, həm də mükəmməl elmi səviyyədə Kamran Əliyev tərəfindən işlənilmişdir. "Mirzə Fətəli Axundzadə və geopolitika", "Hacı Qara obrazı "Təmsilat"ın bədii sistemində", "Məhəmməd ağa Şahtaxtlı: bildiklərimiz və bilmədiklərimiz", "Mirzə Ələkbər Sabirin poetik sistemində bədii sözün təkamülü", "Hadi kədəri", "Şaiq inamı", "Romantik nəsrin hüdudları", "Abdulla Surun bədii yaradıcılığı", "Romanın tarix üzərində qələbəsi" və sair kimi tədqiqatlarında o, qaldırılan məsələ ilə əlaqədar ciddi araşdırmalar apararaq ədəbiyyatşünaslıq elminə yeniliklər silsiləsi bəxş etmişdir. Belə məqamlarda AMEA-nın müxbir üzvü Kamran Əliyev sadəcə məqalənin deyil, problemin müəllifi olmaq funksiyasını yerinə yetirir. 

Eyni zamanda, Kamran Əliyev Azərbaycan ədəbiyyatı klassiklərinin tərcümeyi-halını və əsərlərini onların mənsub olduqları ədəbi cərəyanlarla birlikdə araşdırıb ümumiləşdirməyin fərqli örnəklərini təqdim edir. Mirzə Fətəli Axundzadəni maarifçi realizmlə, Hüseyn Cavidi, Abbas Səhhəti, Məhəmməd Hadini, Abdulla Şaiqi romantizm cərəyanı ilə, Cəlil Məmmədquluzadəni və Mirzə Ələkbər Sabiri "Molla Nəsrəddin" ədəbi məktəbi ilə üzvü əlaqədə və vəhdətdə tədqiq etməklə o, bu qüdrətli sənətkarların formalaşdırdıqları ədəbi epoxa haqqında bütöv bir sistemi meydana qoyur. Həmin istiqamətdəki tədqiqatlarında Kamran Əliyev özünəməxsus ədəbiyyat nəzəriyyəçiliyi baxışları da olan sanballı ədəbiyyat tarixçisi kimi diqqəti cəlb edir. Ədəbiyyat tarixinin dərin qatlarından, seçilmiş detallarından çıxış etməklə və mövzunu ədəbiyyat nəzəriyyəsi ilə əlaqələndirməklə o, görkəmli yazıçı və şairlərimiz haqqında mühüm elmi  əhəmiyyətə malik olan ciddi elmi  fikirlər yürüdə bilmişdir. Buna görədir ki, Kamran Əliyevin XIX-XX əsrlər Azərbaycan ədəbiyyatına həsr edilmiş məqalələri portret-oçerklər yox, problem-oçerklərdir. Eyni zamanda, həmin məqalələr ədəbiyyat tarixi üçün olduğu kimi, ədəbiyyat nəzəriyyəsi baxımından da əhəmiyyətlidir.

 Azərbaycan ədəbiyyatşünaslıq elmində, folklorşünaslığın xüsusi bir qolu olan folklor və yazılı ədəbiyyat problemi məhz Kamran Əliyevin ardıcıl tədqiqatları sayəsində müstəqil elmi istiqamətə çevrilmişdir. Həmin problemə həsr olunmuş "Azərbaycan romantizminin folklor qaynaqları"ndan başqa, bu mövzuda yazdığı "Hüseyn Cavid və mifoloji obrazlar", "Hüseyn Cavid və xalq dramları", "Məhəmmədhüseyn Şəhriyar və folklor", "Paralel xronotopiyalar" kimi araşdırmaları ilə o, folklor və yazılı ədəbiyyat istiqamətinin miqyasını daha da genişləndirmişdir. Həm də Kamran Əliyev çoxillik tədqiqatlardan və müşahidələrdən sonra "folklor və yazılı ədəbiyyat" probleminin elmi-nəzəri modelini də müəyyən etməyə nail olmuşdur: "Şübhəsiz, bu əlaqələrə ("folklor və yazılı ədəbiyyat" probleminə - İ.H.) ilk növbədə "genoloji hadisə kimi baxmaq lazımdır. Yəni hər hansı bir folklor mətni xalq tərəfindən yaradılırsa və xalq həmin mətndə öz təfəkkür tərzini ortaya qoyursa, həmin xalqın sənətkar nümayəndəsinin qələmə aldığı bədii əsərdə də folklor nümunəsində müşahidə olunan müəyyən cizgilər özünü kifayət qədər büruzə verməlidir. Digər tərəfdən, bu əlaqələrə təfəkkür hadisəsi kimi də baxmaq lazımdır... Həmin təfəkkür eyni bir mənbədən qida alırsa, deməli, onlar arasındakı yaxınlıqlar barədə kifayət qədər və cəsarətlə danışmaq olar".

Uzun illər ərzində ümumi şəkildə yazılı ədəbiyyatın əsas qaynaqlarından biri kimi araşdırılan folklor ənənəsi problemi Kamran Əliyevin özünəməxsus elmi yanaşmaları və ciddi araşdırmaları ilə ədəbiyyatın hər iki qolu arasında qarşılıqlı zənginləşmə mənbəyi miqyasına çatdırılmışdır. Yazılı ədəbiyyatın folklor layını açmaqla o, həmçinin, bədii ədəbiyyatdakı millilik amilinin daha dərin qatlarına işıq salmışdır.

Kamran Əliyev son onillikdə daha çox folklorşünas alim kimi ardıcıl olaraq fəaliyyət göstərmişdir. Folklor və yazılı ədəbiyyat sahəsindəki tədqiqatlarından başqa, onun "Kitabi-Dədə Qorqud" dastanlarına həsr olunmuş araşdırmaları indiyədək haqqında bir kitabxana qədər kitab yazılmış Qorqudşünaslıq elmində yeni səhifələr, qiymətli əlavələr kimi dəyərləndirilməyə layiqdir. Kamran Əliyev Azərbaycan Qorqudşünaslığında fərqli elmi-nəzəri baxış meydana qoyan folklorşünas alimdir. Onun "Dədə Qorqud" eposunun strukturu və qəhrəmanlarına həsr edilmiş tədqiqatları tamamilə Qorqudşünaslıq elminin yeni səhifələrindən ibarətdir. Adlarından da göründüyü kimi, "Dədə Qorqud" eposunda rəqəmlərin simvolikası", "Beyrəyin qanlı köynəyi", "Çoban oğlu Təpəgöz", "Dədə Qorqud" gözəlləşməsi" də sair kimi məsələlər Azərbaycan qorqudşünaslıq elminə ilk dəfə Kamran Əliyev tərəfindən gətirilmişdir. Kamran Əliyev Qorqudşünaslığa yeni elmi baxış bucağı gətirmişdir. Buna görədir ki, Kamran Əliyevin Dədə Qorqud tədqiqatları, xüsusən, "Açıq kitab - Dədə Qorqud" monoqrafiyası  Azərbaycanda olduğu kimi, Türkiyədə və İranda da elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmış, bu mövzuda yazdığı  kitabı həmin ölkələrdə də çap olunmuşdur.

Kamran Əliyevin folklorşünaslıq tədqiqatlarında "Koroğlu" eposunun poetikası məsələsi fərqli elmi yanaşma əsasında araşdırılmışdır. Alimin dastanda dəlilik məsələsinin mahiyyəti aydınlaşdırdıqdan sonra Koroğlunun özünü də "dəlilərin dəlisi" adlandırması məşhur xalq qəhrəmanına fərqli elmi baxışın nəticəsidir. O, Azərbaycan folklorşünaslıq elmində ilk dəfə olaraq "Koroğlu" eposunda dəliqanlılıq, dəli nərə, dəlisovluq, dəli könül anlayışlarını şərh etdikdən sonra bu faktorların həm də baş qəhrəmana daha çox aid olduğu qənaətinə gəlmişdir. Beləliklə, Kamran Əliyev tərəfindən folklorşünaslıqda "Dəli Koroğlu", yaxud "dəlilərin dəlisi" konsepsiyası işlənib hazırlanmışdır. Folklorşünas alimin "Koroğlu" eposunda dəli aşıq" araşdırması da "dəlilərin dəlisi" versiyasını tamamlamağa və möhkəmləndirməyə xidmət edir. Bundan başqa, Kamran Əliyevin tədqiqatları "Koroğlu" dastanında "Bədii məkanın genişliyi", "Fiziki gücün semantikası" məsələlərinə də "ilk imzası atılmışdır. Belə ki, o, ilk dəfə olaraq "Koroğlu" dastanındakı məkan məsələsini Çənlibel sferasından çıxararaq daha geniş mənalarda bu anlayışın aşağıdakı kimi geniş elmi təsnifatını vermişdir: "Koroğlu" dastanında məkanın xarakteri üç mühüm məqamla təyin olunur: real məkan, ara məkan və ideal məkan. Real məkan paşaların hakim olduğu İstanbul, Ərzincan, Rum, Qars, Toqat və başqalarıdır. İdeal məkan isə heç vaxt dəyişmir. Bu, Çənlibeldir. Real məkanla ideal məkan arasında keçid xarakteri daşıyan bir ara məkan da mövcuddur ki, bu, konfliktin həlli məkanıdır (Kamran Əliyev, Çağdaş folklorşünaslığın problemləri. Bakı, "Elm və təhsil", 2017, s.126). Bundan başqa, Kamran Əliyevin "Koroğlu" dastanında fiziki gücün atributları kimi müəyyən etdiyi "dəryadan sıyrılıb çıxan atlara, ildırım parçasından (oddan) hazırlanmış qılınca və Qoşabulaq suyu ilə cilalanan dəli bir nərəyə sahib olan"  Koroğlunun fiziki gücünün semantik mənalarının epos poetikasının strukturunu təmizləyən, tam şəkildə özündə əks etdirən mühüm bədii vasitələr olmasına dair mülahizələri də mühüm nəzəri qənaətlərdən ibarətdir.

Beləliklə, Mükəmməl ədəbiyyat tarixçisi kimi qəbul olunan Kamran Əliyev həm də professional folklorşünas olmağın da əsl nümunəsini göstərmişdir. Belə məqamlarda ədəbiyyat tarixçiliyi mənbə, yaxud yanaşma metod olmaqla onun folklorşünaslıq baxışlarını daha köklü surətdə ifadə etməsinə şərait yaratmışdır. Müstəqillik dövrü Hazırda folklorşünaslıq elminin inkişafında Kamran Əliyevin böyük xidmətləri vardır.

Kamran Əliyevin tədqiqatlarında ustad məsələsinə diqqət xüsusi yer tutur. Onun böyük elm xadimi, AMEA-nın müxbir üzvü Abbas Zamanova ustad kimi münasibəti ədəbiyyatda və elmdə varislik məsələsinə ibrətamiz bir nümunədir. Vaxtilə Cəlil Məmmədquluzadənin "huşyar dostu" Eynəli bəy Sultanovu nəzərdə tutaraq "Sən olmasaydın, mən də sadəcə qeyri müəllimlərin içərisində yaddan çıxmışdım" etirafına iqtibas etməklə Kamran Əliyev özünün elmi taleyində professor Abbas Zamanovun müstəsna rolunu xüsusi olaraq diqqətə çatdırmışdır. Bu, həm də zəngin elmi fəaliyyətə, mühüm elmi xidmətlərə malik olan Abbas Zamanovun keşməkeşli taleyinin, elmi fəaliyyətinin də daha dərindən və əsaslı şəkildə tədqiq edilməsi ilə nəticələnmişdir. Kamran Əliyevin "Abbas Zamanov olmasaydı" kitabı haqqında heç də az yazılmamış Abbas Zamanova dair qiymətli elmi əlavələrdən ibarətdir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran Əliyev əsərlərinin 10 cildlik külliyyatını çap etdirmişdir. Bu oncildlikdə onun Azərbaycan ədəbiyyatının tədqiqi və ədəbiyyatşünaslıq məsələlərinin araşdırılması istiqaməti bütün reallıqları və imkanları ilə aydın şəkildə görünməkdədir. Çoxcildlik külliyyatdakı əsərlərə istinad edərək demək mümkündür ki, Kamran Əliyev ədəbiyyatşünaslıq elminin bütün əsas sahələri: ədəbiyyat tarixçiliyi, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid və folklorşünaslıq istiqamətlərinin hər biri üzrə araşdırmalar aparmış, universal ədəbiyyatşünas alimliyin özünəməxsus modelini meydana qoymuşdur. Tanrı ona nəinki elmi əsərlərini, hətta rəyləri, müsahibələri, bədii əsərlərini və publisistikasını da öz sağlığında çap etdirib geniş ictimaiyyətə və oxuculara çatdırmaq imkanı yaratmışdır. Hətta oncildlikdə Kamran Əliyevin praktik fəaliyyətində müşahidə etdiyimiz, lakin heç zaman oxumadığımız onun dilçilik elminə dair araşdırmaları ilə tanış ola bilirik. Bunların arasında Kamran Əliyevin "Azərbaycan dili" adlı 124 səhifədən ibarət olan dərs vəsaiti də vardır. Əgər biz Kamran müəllimin görkəmli ədəbiyyatşünas olduğunu bilməsə idik, "Azərbaycan dili" dərs vəsaitinə görə onu tanınmış dilçi kimi qəbul edə bilərdik. Kitabda Kamran Əliyevin "Fonetika", "Leksika", "Morfologiya", "Sintaksis", "Nitq mədəniyyəti və üslubiyyat" bölmələri üzrə təqdim etdiyi yazılar elmi-praktik olduğunu göstərir. Kamran Əliyev, həmçinin, abituriyentlər üçün yazdığı "Ədəbiyyat" adlı dərs vəsaitini də on cildliyə yerləşdirməklə özünün görkəmli bir ədəbiyyatşünas alim olmaqla bərabər, həm də "mənən, ruhən pedaqoq" olduğunu nümayiş etdirir. Bu kitabları ayrıca nəşr etməklə Azərbaycan dilini və ədəbiyyatını elmi şəkildə öyrənən yeni nəsillərə kömək etmiş olarıq.  

AMEA-nın müxbir üzvü Kamran Əliyev ədəbiyyat tarixçiliyinin əsl mahiyyətinin açılması üçün professional folklorşünas qismində çıxış edən, folklordan yaradıcı istifadənin nümunəsini göstərən fərqli   ədəbiyyatşünasdır. Şifahi xalq ədəbiyyatının problemlərini ədəbiyyat tarixçiliyi ilə əlaqəli şəkildə araşdıranda da o, bənzərlikdən qat-qat çox fərqlidir. Kamran Əliyev Azərbaycan ədəbiyyatşünaslıq elmində fərdi elmi siması olan görkəmli ədəbiyyatşünas alim olub. Nəticə olaraq demək olar ki, AMEA-nın müxbir üzvü Kamran Əliyev folklorşünaslıq ağırlıqlı görkəmli ədəbiyyatşünas alim kimi ehtiramla yad edilir.

Azərbaycan ədəbiyyatşünaslıq elminin mənalı səhifələrinə çevrilmiş elmi əsərləri Kamran Əliyevin böyük ömrünün sanballı və mənalı yekunudur. Hesab edirəm ki, ədəbiyyatşünaslıq məsələlərinə Kamran Əliyev səviyyəsində baxış müstəqillik dövründə Azərbaycan ədəbiyyatının və ictimai fikrinin yeni təfəkkür işığında yenidən və əsaslı şəkildə dəyərləndirilərək, təqdim olunmasına təminat verir. Bu,  Kamran Əliyevin görkəmli bir ədəbiyyatşünas kimi xidməti mənasında tarixin şərəfli arxivinə daxil olmuşdur. Bu, eyni zamanda, Kamran müəllimin ölməz əsərləri ilə elmi həyatını davam etdirməsi deməkdir.

 

 





25.06.2022    çap et  çap et