525.Az

Şərəflə keçən yazıçı və alim ömrü - Aqil Yaşaroğlu yazır


 

MİRHÜSEYN ABBASIN ƏZİZ XATİRƏSİNƏ

Şərəflə keçən yazıçı və alim ömrü -<b style="color:red"> Aqil Yaşaroğlu yazır</b>

“Mənim babam” kitabı hal-hazırda əlimdədir. Səhifələri çevirdikcə qəlbimi bir az sevincli və bir azca da kədərli hisslər bürüyür. Sevinc hissinin səbəbi daha bir kitabımın işıq üzü görməsidir. Min bir əziyyətlə ərsəyə gəlib çap olunmuş kitabımı ilk dəfə əlimə alanda sanki yeni doğulmuş övladını qucağına alan atanın hisslərini yaşadım. Amma bu sevincimin içində hüzn də var. Buna səbəb kitabımın nəşr olunmasını məndən də çox arzulayan babamın artıq həyatda olmamasıdır. Düşünürəm ki, görəsən, rəhmətlik babam indi sağ olsaydı, onun xatirələri ilə qələmə aldığım bu əsəri necə qarşılayardı? Bu onu necə təsirləndirərdi? Uşaq ədəbiyyatı dünyasında atdığım ilk addımımı, ilk qələm təcrübəmi bəyənərdimi?

Kədərimə qəribə, izaholunmaz bir peşmanlıq da qarışıb. Özümü qınayıram. "Mənim babam" kitabını yazmaq üçün mütləq babamın səhhəti pisləşməli idimi? Mütləq o, həyatdan köçməli idimi? Sonra da düşünürəm ki, hərdən bəzi itkilərin, bəzi hadisələrin yaşatdığı hisslər həyatımızda təkanverici qüvvə olur. Qəlbimizdə və beynimizdə unuda bilməyəcəyimiz xatirələrə iz açır. İtkilər sevdiklərimizi əbədiləşdirir. Həyatın gözəlliklərini, bu gözəllikləri duya bilməmizi bizə xatırladır. Dəyər, sevgi, qayğı, mərhəmət, hörmət, dürüstlük kimi gözəlliklərin bu həyatda var olduğunu bizlərə anladır. Amma bunları vaxtında duya bilməməyimiz, sevdiklərimizlə paylaşa bilməməyimiz... Bax budur peşmanlıq. Budur itirdiklərimizin bizə qazandırdığı, miras qoyduğu təkanverici qüvvə.  

“Mənim babam” povestində mən  uşaqlıq illərimi, mənə bu həyatda dürüst yaşamağı öyrədən Mirhüseyn babamın xatirəsini əbədiləşdirməyə çalışdım. İstədim ki, babamın həyat təcrübəsini oxucularımla və əziz balalarımızla paylaşım. Nəticədə uşaqlarımız üçün maraqlı və maarifləndirici bir əsər ərsəyə gəldi.

Hər müəllif əsərinə böyük sevgi və qayğı ilə yanaşır. Onu doğma körpəsi kimi əzizləyir, daim məhəbbətlə oxşayır. Mən də "Mənim babam" əsərini o qədər içdən, sevgi və hərarətlə yazmışam ki, indi duyğularımı cümlələrlə ifadə etməkdə çətinlik çəkəcəyəm. Babam Mirhüseyn Abbas çox istəyirdi ki, mən yazıçı olum. Onun yolunu davam etdirim. Bəlkə, heç vaxt güclü bir yazıçı ola bilməyəcəyəm. Amma babamın miras qoyub getdiyi mənəvi xəzinə qələmimi hər zaman kəsərli edəcək... 

Mən indi sizlərlə babam Mirhüseyn Abbasın kim olduğunu bölüşmək istəyirəm. 

Mirhüseyn Abbas 1949-cu il, 27 avqustda Lənkəran rayonunun Siyavar kəndində anadan olub. Atası kolxozda briqadir işləyib, halal zəhmətlə dolanan bir şəxs olub. Anası Vəsmə xanım isə evdar qadın olub. Mirhüseyn Abbas ilk təhsilini doğulduğu kənddə alıb. 1963-cü ildə Siyavar kənd səkkizillik, 1966-cı ildə isə Mamusta kənd orta məktəbinin onbirillik sinfini bitirib. Oxuduğu illərdə xüsusi hazırlığı ilə müəllimlərinin diqqətini cəlb edib, ali təhsil almaq, pedaqoji işdə çalışmaq onun ən böyük arzusu olub. 1968-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. 1973-cü ildə həmin institutu bitirib, Mamusta kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. 1976-1978-ci illərdə dərs ilinin yekununa görə “Sosializm yarışının qalibi” döş nişanına layiq görülüb. 1985-ci ildə Siyavar kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin olunub. 1986-cı ildə Azərbaycan KP MK-nın Marksizm-Leninizm Universitetinin İdeoloji kadrlar şöbəsini fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildə təbliğatçılıq sahəsində səmərəli və işgüzar fəaliyyətinə görə “V.İ.Lenin stolüstü medalı”na layiq görülüb. 1996-cı ildən Lənkəran Dövlət Universitetinin Humanitar Elmlər fakültəsində müəllimlik fəaliyyətinə başlayıb. M.Abbas pedaqoji sahədə qazandığı uğurlara görə Baş müəllim adını alıb. O, 1990-1996-cı illərdə Siyavar kənd orta məktəbində direktor işləyib. 1994-cü ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarına əsasən “Ali kateqoriyalı müəllim” ixtisas kateqoriyasına layiq görülüb. O, 2000-ci ildə “İslam Səfərlinin yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. Mirhüseyn Abbas 2001-2005-ci illərdə Lənkəran Dövlət Universitetinin Humanitar Elmlər fakültəsinin dekanı olub. 2006-cı ildə Respublika Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını alıb. Mirhüseyn Abbas 2007-2009-cu illərdə LDU-nun İxtisasartırma və yenidən hazırlanma fakültəsində dekan vəzifəsində işləyib.

O, 2006-cı ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Altı kitabın müəllifidir. O, 2009-cu ildə Azərbaycan Kütləvi İnformasiya İşçiləri Həmkarlar İttifaqının “Qızıl qələm” media mükafatına layiq görülüb.

Mirhüseyn Abbas 2021-ci il 25 iyun tarixində dünyasını dəyişib və doğulduğu Siyavar kəndində dəfn edilib.

Mirhüseyn Abbas bədii yaradıclığa çox erkən yaşlarında başlasa da, əsərlərini çap etdirməyə tələsməyib. Onun bədii əsərləri 1970-ci illərdən başlayaraq işıq üzü görüb. Hər şeyi dərindən ölçüb-biçəndən, müəyyən həyat təcrübəsi qazanandan sonra qələmə sarılıb, ürək çırpıntılarını ağ vərəqlərə köçürüb.

Mirhüseyn Abbas Lənkəran ədəbi mühitində formalaşan yaradıcı insanlardan olub. O, maraqlı və məzmunlu əsərləri ilə nəsrimizə yeni-yeni töhfələr verib. Surətlərin daxili aləmini açmaq, oxucunu inandırmaq, onu gələcəyə səsləmək yazıçının yaradıcılığının əsas məramlarındandır. O, sünilikdən qaçıb, əsərlərində  həyatda gördüklərini bədii ustalıqla nəsrə çevirib.

Mirhüseyn Abbasın hekayələrinin dili səlis və aydındır. O, dilimizin imkanlarından, zəngin söz xəzinəsindən məharətlə yararlanıb, bədii təsvir və ifadə vasitələrindən yerli-yerində  istifadə edib.

Mirhüseyn Abbasın yaradıcılığında vətənpərvərlik tərbiyəsi, ailə dəyərləri, doğma yurda, torpağa bağlılıq, sevgi hisslərinin tərənnümü ön planda durur. Vətənimizin üzərini qara buludlar alanda, bədnam ermənilər torpaqlarımızı işğal və ilhaq edəndə o, bir vətənpərvər yazıçı kimi, hisslərini boğa bilməmiş ,ana yurdun çağırışına hay vermiş, bir-birinin ardınca yazdığı “Şəhid anası”, “Tənha gül”, “Ata gəlişi”, “Donmuş baxışlar”, “Namərd gülləsi” və. s. hekayələrini Azərbaycan torpaqlarının bölünməzliyinə həsr edib. Çox maraqlı süjet xəttinə, obrazlı ifadə tərzinə, üslub və dil zənginliyinə malik olan bu hekayələrin hamısı üçün münasibətlərin harmoniyasının mövcudluğu, obrazların mənəvi-psixoloji ovqatlarına nüfuz etmək cəhdləri, şəxsiyyətin fərdi yaşantılarına ümumdövlət və ümumxalq mövqeyindən yanaşmaq meyilləri  səciyyəvi cəhətlərdəndir...
“Çəlik” , “Hiylə” , “Cərimə” , “Qəhər” , “İştah” hekayələrində bəşəriyyətə ölüm və fəlakət gətirən müharibə adlı kabusa nifrət, milli adət-ənənələrimizin  mütərəqqi cəhətlərinin təbliği, sadə, zəhmətkeş insanların mənəvi dünyası, onların daxili aləminin kövrək anları təbii boyalarla öz bədii həllini tapıb. Hekayələrdə ilk baxışda “xırda” görünən insan taleləri, onların gündəlik həyat tərzi, mübarizəsi, istək və arzuları real bədii lövhələrdə əks olunmuş, xarakterik surətləri yaradılıb.

Mirhüseyn Abbas “Varlığına sığınan ürək”, “Soyuq ömrün nəşəsi” povestlərində kiçik hekayələrində qaldırılan problemləri böyük müstəvidə oxucuya təqdim edib. Obrazların daxili aləmini, onların mənəvi dünyasınının incəliklərini təsvir etməklə  müasir həyatımızın reallığına üstünlük vermiş, öz qəhrəmanlarını sadə, təmtəraqsız, həyatda olduğu kimi təqdim edib.

“Ürəyin kölgəsi” romanında ömrünü uşaqlarının firavan böyümələrinə həsr edən, ailəsindən ötrü özünü oda-közə atan Sara xala surəti və tez-tez həyatın keşməkeşləri ilə  üzləşən, sinəsində övlad dağı gəzdirən, odlara yanan, yanarkən susan, susarkən öz içinə sığınan, ölənə qədər “kaş dünyaya xoşbəxt bir adam kimi gələydim” arzusu ilə yaşayan ailə başçısı Qədir kişi surəti diqqəti cəlb edir.

“Qırılan ömürlər” romanının mövzusu bir-birinə bənzəməyən, bir-birini təkrarlamayan üç qadının taleyindən götürülüb. Ürək dağlayır, könül küsdürür bu qadınların taleyi. Bahara çatmamış, gül-çiçəkdən dəstə tutmamış qışın sərt üzü ilə qarşılaşır, qışın boran-şaxtasına düşür bu qadınlar. Əfsanə, Gülüm və Əzizə obrazları ilə müəllif oxucunu onların məhəbbətinin saflığına, ucalığına və ülviliyinə inandırır.

Mirhüseyn Abbas  “Sabaha soraqlayan məktəb” (2000), “Soyuq ömrün nəşəsi (hekayə və povestlər – 2002), “Ürəyin kölgəsi” (roman və hekayələr – 2007), “Qırılan ömürlər” (roman və hekayələr – 2013), “Siyavar” (2015), “Azərbaycan ədəbiyyatı tarixi” (Mühacirət ədəbiyyatı kontekstində – 2018), “Əzizənin səhvi” hekayələr (2018) kitablarının müəllifi, M.Talışlı, E.Əhədovun “Lənkəran” ensiklopedik məlumat kitabının (2017) baş redaktoru olub. 

Babamı ömrünün müdrik çağında - 65 yaşında dediyi bu sözlərlə xatırlayıram:

“Mən zəhmət və səy nəticəsində zamanın dördnala çapdığı meydanda bilik və bacarıqlara yiyələnmiş, əsrdən-əsrə yuvarlanan bir günəş kimi çıxmışam. Daim sabahı soraqlayan günlərin həvəsində olmuş, başlanmış, lakin asan  bitməyəcək bir yolun sarvanına çevrilmişəm. İndi isə ömrümün 65-ci çağında qət etdiyim yolları gözləri önümə gətirirəm. Bu yollar isti izlərlə qabağımda əvvəl kiçik görünür, sonra isə böyüyərək haçalanır, bölünür. Məncə, hər ilin gözü və dili vardır. Dindirsən...danışar...”

Ruhun şad olsun, nümunəvi şəxsiyyət!
 

 





25.06.2022    çap et  çap et