525.Az

104 yaşlı qalib Azərbaycan Ordusu - Səbinə Xasayeva yazır


 

104 yaşlı qalib Azərbaycan Ordusu - <b style="color:red"> Səbinə Xasayeva yazır</b>

Hər dövlətin gücü həm onun iqtisadiyyatı, həm də ordusu ilə bağlıdır. İqtisadi baxımdan güclü olan müstəqil Azərbaycanın ordusu da güclüdür.
104 il əvvəl Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yaranan, formalaşan ordumuz tarixin müxtəlif dönəmlərində gücü ilə fərqlənən ordulardan olub. Fərqlənib və dövlətçiliyin qarantı olub. Tarix xəyanətə uğrayana kimi...


1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bu, Azərbaycanın müstəqillik sənədi oldu. Müstəqil Azərbaycanın dövlət atributları təsis edildi, ordusu yaradıldı. Bu ordu həm də Azərbaycanın ərazilərindən ərazi qopartmaq istəyən Emənistanla döyüşə-döyüşə formalaşırdı. Bu dövr Ermənistanın Azərbaycanda apardığı ədalətsiz, işğalçılıq müharibəsi dövrü idi. Ərazi ozünümüdafiə taborları, milislər, xalq təcavüzə qarşı döyüşürdü. Birinci Qarabağ müharibəsi ordunun formalaşması dövrünə təsadüf etmişdi...

Həmin vaxtlarda Azərbaycanda separatçılıq yaranmışdı, dövlətçilikdə səriştəsizlik hökm sürürdü, milli qarşıdurmalar cəmiyyətdə olduqca qorxulu bir vəziyyət yaratmışdı. Bu vəziyyət vətəndaş qarşıdurmasına səbəb ola bilərdi. Yaranmış vəziyyət Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini işğal etməsinə səbəb olmuşdu...

Xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Heydər Əliyev Bakıya gəldi. Təmkini, Azərbaycana sevgisi, azərbaycançılığı hesabına yaranmış vəziyyətin gərginləşməsinin qarşısını aldı, Sürət Hüseynova tabe olan qüvvələrin dövlətçiliyə problem yaratmasına imkan vermədi. Təhlükə sovuşdu...

Xalq Bakıya qayıtdıqdan sonra Azərbaycan Ali Sovetinin sədri seçilmiş Heydər Əliyevi yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçim Azərbaycanın dövlətçiliyini birmənalı şəkildə xilas etdi.

Ulu öndər digər sahələrlə bir sırada ordu quruculuğunu da gərəkli səviyyədə inkişaf etdirirdi. Qısa müddətdə ərazi özünümüdafiə taborlarını ləğv etdi, orduda vahid komandanlıq yaratdı. Bunlar Azərbaycan Ordusunun nizami ordu kimi formalaşmasının başlanğıcı idi.

Ordu quruculuğu müxtəlif amillərlə bağlıdır. Böyük tarixi şəxsiyyət, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyev ön xətdə, səngərlərdə əsgər və zabitlərə məsləhətlər, tövsiyələr verir, xidmətdə fərqlənənləri bilavasitə səngərdə təltif edirdi. Bu, şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəldir, döyüş əzmini, qələbə ruhunu artırırdı.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yaranmışdı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirilmişdi, hərbi hissələr tam komplektləşdirilmişdi.

1993-cü ilin yanvarın 5-dən 6-na keçən gecə Ali Baş Komandan Heydər Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusu Horadiz istiqamətində hücum əməliyyatına başladı. Bu əməliyyat Azərbaycan Ordusunun gücünün, qüdrətinin təsdiqi olacaqdı, Azərbaycan əsgərinin qalibiyyət əsgəri olduğunu təsdiqləyəcəkdi. Əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu qələbə ordumuzun döyüş əzmini, qələbə ruhunu ifadə edən qələbə kimi tarixləşdi...

Ordu quruculuğu dövlət üçün prioritet idi. Ordu ən müasir atıcı silahlarla, uçuş aparatları ilə, silah-sursatla təchiz edilirdi. Zabit kadrları hazırlığına da əlahiddə diqqət yetirilirdi. Bunlar hərbi hissələrini tam və bacarıqlı zabit kadrları ilə komplektləşdirilməsində olduqca əhəmiyyətli oldu...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu ordu quruculuğu istiqamətində də uğurla davam etdirir. Ordumuzun silahlanması da, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi də dövlətin ən çox diqqət yetirdiyi sahələrdəndir.

Vətən müharibəsinə kimi ön xətdə yeni hərbi hissələrin tikilib istifadəyə verilməsi, müxtəlif təyinatlı, bu sıradan beynəlxalq təlimlərin keçirilməsi ordunun döyüş hazırlığının da, mənəvi-psixoloji hazırlığının da yüksəldilməsində əhəmiyyətli oldu. Vətən müharibəsi ərəfəsində beynəlxalq ranqlı hərbi ekspertlərinin rəyinə görə Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında idi...

Azərbaycanda ordu quruculuğu həmişə dövlətin diqqət mərkəzində olub. Həm döyüş, həm də mənəvi hazırlıq bir-birini tamamlamaqla istər ayrılıqda, istərsə də vəhdətdə gücləndirilib.

Ermənistan beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri yerinə yetirmirdi, yeni ərazilər işğal etmək niyyəti ilə müxtəlif miqyaslı həmlələr, hücumlar edir, regionda mövcud status-kvonu saxlamağa çalışırdı. Azərbaycan Ordusu bu həmlələrin, hücumların qarşısını qətiyyətlə alırdı. 

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin hücumunun qarşısı da alındı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücuma keçən ordumuz qısa müddətdə hücumu dayandırdı. Vətən müharibəsi başladı. Ordumuz düşmənin işğal müddətində yaratdığı müdafiə sədlərini darmadağın etdi.

Mövqe qələbələri qazanıldıqca ordumuzun da, xalqımızın da qələbəyə inamı artırdı. Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik". Bu kəlamlar Azərbaycan əsgərinin döyüş əzmini də kükrətdi, qələbə ruhunu da.

Şuşanın azad edilməsi ilə 8 noyabrda Vətən müharibəsi sonlandırıldı. Şuşada düşmənə atılan sonuncu güllə Vətən müharibəsində sonuncu güllə oldu.

...Ermənistan ordusunun hərbi qulluqçusu Andrey Nalbandyan belə deyib: "Yaxın məsafədən atışa girən dostlarım düşmənin qeyri-insani inadkarlığını qeyd edirlər. Avtomatla çiynindən vururdun, amma döyüşməyə davam edirdilər - onlar terminator kimi irəliləyirdilər". Düşmənin bu etirafı ordumuzun hansı cəsarətlə vuruşduğunun təsdiqidir...

Zəfər ictimaiyyətə də, Azərbaycanı sevən dövlətlərə də gözəl könül xoşluğu yaşatdı. İctimaiyyət ordumuzun qazandığı Zəfəri könüllərində daim yaşadacaq...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kəlmələri hamımız qürurla xatırlayırıq: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq". 

Qazanılan Zəfər Azərbaycan Ordusunun gücünün, qüdrətinin təsdiqi kimi tarixləşdi. Dünyanın iri dövlətləri, məğlub dövlət, məğlub dövlətin havadarları gördü ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Dünyanın hərbi ekspertləri də Azərbaycan Ordusunun Zəfərinə heyrətləndiyini etiraf edir. Bunlar ordumuzun tarixi Zəfərinə də ehtiramdır, bu gününə, sabahlarına da...

Ordumuzun yaranmasının 104-cü ildönümüdür.

Ordumuz yeni tarixi bir mərhələdədir. Bu mərhələ qüdrət, güc, qalibiyyət, Zəfər mərhələsidir. Yeni inkişaf mərhələn mübarəkdir, Azərbaycan Ordusu! Xalq sənə inanır, güvənir!..
 

 





26.06.2022    çap et  çap et