525.Az

Rusiyada mütəxəssis çatışmazlığı təhlükəli həddə çatıb


 

Rusiyada mütəxəssis çatışmazlığı təhlükəli həddə çatıb<b style="color:red"></b>

Rusiya Federal Məclisinin Federasiya Şurasının Sosial Siyasət Komitəsinin genişləndirilmiş iclasında daxili işlər nazirinin müavini İqor Zubkov bildirib ki, İnformasiya Texnologiyaları mütəxəssislərinin ölkədən kütləvi şəkildə getməsi nəticəsində kəskin kadr çatışmazlığı yaranıb.

Nazir müavini senatorları xarici İT mütəxəssislərinin və onların ailələrinin Rusiyada yaşamaq icazəsi almaq qaydalarının sadələşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləməyə çağırıb. Rusiyada İT sahəsində bir milyondan artıq mütəxəssis çalışır. Lakin savadlı kadrların böyük əksəriyyəti ölkəni tərk edib, digər hissəsi də tərk etmək ərəfəsindədir. Rusiya rəsmiləri isə ölkəni tərk edən yerli kadrları əcnəbilər ilə əvəz etməyə çalışır. Ona görə də, İT mütəxəssislərinin və onların ailələrinin Rusiyada yaşamaq icazəsi almaq qaydasını sadələşdirməsini nəzərdə tutan qanun qəbul etməyə hazırlaşır. Qanun layihəsini qanunverici orqanın aşağı palatası, Dövlət Duması təsdiqləyib. 

Rusiya rəsmiləri mart ayından başlayaraq İT sahəsində kadr çatışmazlığı problemi yarandığı haqqında danışmağa başladılar. Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan İT mütəxəssislərinin Rusiyanı tərk etməsi başladı. Mart ayında 70 min, aprel ayında 100 min mütəxəssis ölkəni tərk etdi. Daha sonra belə məlumatların yayılması qadağan edildiyi üçün may ayında Rusiyanı tərk edənlər haqqında heç bir məlumat yoxdur. Rusiyanı tərk edən "texno-emiqrantların" 85 faizinin artıq geri qayıtması haqqında rəsmi şəxslərin açıqlamaları isə sadəcə cəmiyyəti aldatmağa yönəlmiş yalan məlumatdır. Əks halda daxili işlər nazirinin müavini İqor Zubkov 170 min İT mütəxəssisinin çatışmazlığı haqqında danışmaz, onları əvəz edəcək əcnəbi mütəxəssisləri cəlb etmək üçüç xüsusi qanun qəbul olunmazdı. Əslində isə Ukraynaya qarşı müharibədən öncə də İT sahəsində Rusiyada ciddi mütəxəssis çatışmazlığı mövcud idi. Müharibə ilə əlaqədar olaraq mütəxəssislərin ölkəni tərk etməsi problemi daha da dərinləşdirdi.

Texnologiya nəhəngi “Microsoft” korporasiyası Rusiya bazarında iştirakını minimuma endirmək və ya tamamilə sona çatdırmaq üzərində işləyir. Bu barədə şirkətin rəhbəri Bred Smit  “The Washington Post” qəzetinə açıqlamasında bildirib. Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bir neçə gün sonra “Microsoft” Rusiyada məhsul və xidmətlərinin satışını dayandırdığını elan etdi. Şirkət bu addımını Ukraynaya qarşı hərbi təcavüzə cavab olaraq Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı olduğunu bildirmişdi. Son zamanlar isə “Microsoft”un Ukrayna ilə işbirliyi artmaqdadır. ABŞ-ın texnologiya nəhəngi “Microsoft”  kibertəhlükəsizlik məsələlərində Kiyevə kömək edir.

ABŞ-ın daha bir texnologiya şirkəti, şəbəkə avadanlığı istehsalçısı “Cisco” şirkəti Rusiya və Belarusu tərk etmək qərarına gəlib. "Biz Rusiya və Belarusda biznesimizi sistematik şəkildə dayandırmağa başlamaq qərarına gəldik".

Mütəxəssislər hesab edirlər ki, ABŞ və digər Qərb ölkələrinin texnologiya şirkətlərinin Rusiyanı tərk etməsi ölkədə ciddi kadr çatışmazlığını daha da dərinləşdirəcək. Çünki bu sahədə tam yerli mal istehsal etmək Rusiyanın imkanları daxilində deyil. Digər tərəfdən, ABŞ və Qərb şirkətləri ilə əlaqələrin kəsilməsi kadrların özünün də peşəkarlığının aşağı düşməsinə səbəb olur. Ona görə də İT mütəxəssisləri Rusiyanı tərk etməyə, ABŞ-la münasibətləri daha yaxşı olan ölkələrə üz tutmağa üstünlük verirlər.
 

 





27.06.2022    çap et  çap et