525.Az

Azərbaycan-Pakistan diplomatik münasibətləri “Pakistan: qısa tarixi-siyasi oçerklər” əsəri müstəvisində


 

Azərbaycan-Pakistan diplomatik münasibətləri “Pakistan: qısa tarixi-siyasi oçerklər” əsəri müstəvisində<b style="color:red"></b>

Bəşər tarixinin çox qədim ölkələrindən biri də Pakistan dövlətidir. Əsrlər boyu müxtəlif mədəniyyətlərin kəsişmə mərkəzində olan bu region islamaqədərki və islam dövründəki sivilizasiyaları özündə birləşdirirdi. İslam dövründə isə çoxmədəniyyətliliyə söykənən yeni bir sistem meydana çıxmışdı.

Müasir Azərbaycan Respublikası ilə Pakistanı keçmişdən bu günə bağlayan tarixi-siyasi, mədəni-mənəvi və etnik köklərdir. Belə ki, Azərbaycan və Pakistan arasında öz bölgə və qlobal problemlərinin oxşarlığı ilə xarakterizə olunan münasibətlər mövcuddur. Qeyd edək ki, Səfəvilər və Əfşarların hakimiyyəti zamanında Azərbaycanın bu regionla çox yaxın hərbi, siyasi-iqtisadi və mədəni-ədəbi əlaqələri yaranmışdı. Çox əsrlər bundan qabaq yaranan Səfəvi-Moğol və Əfşar-Moğol münasibətləri Azərbaycan-Pakistan əlaqələrinin tarixi kökə bağlanan keçmişidir.

Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini Türkiyə və Rumıniyadan sonra 12 dekabr 1991-ci ildə tanıyan ölkədir. Bu ölkələr arasında diplomatik əməkdaşlıq 9 iyun 1992-ci ildən başlamışdır. 1993-cü il martın 12-də Pakistanın Azərbaycanda səfirliyi, 1997-ci ilin avqustunda isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi təsis edilmişdir. 9 aprel 1996-cı ildə Ulu öndər Heydər Əliyev Pakistana rəsmi səfərə getmiş, bu görüşdə 9 sənəd imzalanmışdı. Azərbaycan və Pakistan dövlət rəsmiləri keçmiş Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan etmişdilər. 2002-ci ildə Azərbaycan Hökuməti və Pakistan Hökuməti arasında “Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş” imzalanıbdır. 2015-ci il 11 martda Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıbdır. u

2015-ci ildə Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Pakistanın “Hilal-e-Pakistan” ordeni ilə təltif edilibdir. Pakistan dövləti Müstəqil Azərbaycanı hər zaman dəstəkləmiş, Qarabağın işğal edilməsini beynəlxalq səviyyədə pisləmiş, açıq formada Azərbaycanın geosiyasi və strateji maraqlarını müdafiə etmişdir. Prezident İlham Əliyev vurğuladığı kimi,“Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir”.

Bu baxımdan tarix elmləri doktoru, Fövqaladə və Səlahiyyətli səfir Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər” əsəri ta keçmişdən günümüzədək Azərbaycan-Pakistan qarşılıqlı münasibətlərinə həsr edilən samballı elmi-tarixi-fəlsəfi tədqiqatdır. Kitab elmi nöqteyi-nəzərdən əsasən üç istiqaməti özündə ehtiva edir: 1) tarixi-fəlsəfi, 2) siyasi-diplomatik, 3) mədəni-mənəvi. Bu əsər tarixi mənbələr, müxtəlif səpgili elmi ədəbiyyatlar, müəllifin diplomatik fəaliyyəti zamanı yazdığı gündəliklərin məcmusudur və Diplomatik Münasibətlər Tarixinə töhfə verən əhəmiyyətə malikdir. Əsərdə ta qədimdən Pakistanın tarixi, Pakistan İslam Respublikasının beynəlxalq siyasəti, eləcə də Azərbaycan-Pakistan əlaqələri elmi-nəzəri səpkidə verilmişdir. “Pakistan: qısa tarixi-siyasi oçerklər” adlı əsərdə Pakistanın siyasi tarixi göstərilmiş, Pakistan regionunu əhatə edən dövlət və imperiyalar haqda qısa məlumatlar məhz çoxsaylı elmi ədəbiyyat və tarixi mənbələrə istinadən izah olunmuşdur. Eləcə də, Pakistan regionunda islamaqədərki tarix, mədəniyyət, islam dininin yayılması məsələsi işıqlandırılmış, regionun etnik və dini strukturuna mütəssəl nəzər yetirilmişdir. Əsərin bir maraqlı konteksti Pakistan  İslam Respublikası yarandıqdan hazırkı dövrədək diplomatik və ictimai-siyasi proseslərin təhlil olunması, dövlətin siyasi quruluşu, hökumət dəyişiklikləri, həyata keçirilən islahatların məhz müqayisəli formada şərh edilərək araşdırılmasıdır.

Müəllif əsərdə Pakistanın keçmiş əyalətlərini əhatə edən Dehli sultanlığı və Böyük Moğol imperiyasının tarixi-siyasi, iqtisadi-hərbi və mədəni-mənəvi inkişaf yolunu tarixi mənbələrə əsasən diqqətə yetirmişdir. Monoqrafiyada nəzəri cəlb edən məsələlərdən biri də Səfəvilər və Əfşarlar sülalələri hakimiyyəti zamanında Böyük Moğol dövləti ilə siyasi, iqtisadi və mədəni münasibətlərinin də təhlil edilməsidir. Əsərdə Səfəvi-Moğol qarşılıqlı əlaqələrinin qurulması, Babur şahla Şah İsmayılın münasibətləri, Səfəvi hökmdarı Şah I Təhmasibin dövründə Səfəvi-Moğol əlaqələri geosiyasi-tarixi mətndə şərh edilmişdir. Kitabda Moğol hökmdarı Humayun Şahın Səfəvilərdən dəstək istəçəsi və Səfəvi dövlətinin hərbi köməyi ilə öz hakimiyyətini yenidən bərpa etməsi, eləcə də Moğol hökmdarları Əkbər Şah, Şah Cahangir və digər hökmdarların zamanında Səfəvi-Moğol əlaqələri də ətraflı təhlil edilmişdir.

Kitabda maraqlı bir nüans da Nadir Şah Əfşarın Böyük Moğol dövlətləri ilə əlaqələrinin, onun Hindistana yürüşlərinin məhz Qərb müəlliflərinin əsərlərinə istinadən təhlilinə gətirilməsi və müəllifin burada öz münasibətini də qarşılaşdırması kitabın sanballı elmi məzmun kəsb etməsinin göstəricisidir. Diqqət çəkən bir məqam da müəllif Şərqin fatehi Nadir Şahın özünəməxsus portretini məhz onun siyasi-hərbi və Dövlətçilik İnsani olması mövqeyindən təsvir etməsidir. Kitabda,  həmçinin, Pakistanın XIX-XX əsrləri əhatə edən siyasi və geoiqtisadi tarixinə də nəzər yetirilərək, mövzuya dair elmi mənbələr dövriyyəyə gətirilmişdir. Bu mənada XIX əsrdən regiondakı müstəmləkəçilik siyasəti, bu bölgə uğrunda aparılan mübarizələr, yerli xalqların müstəmləkəçiliyə qarşı azadlıq hərəkatı, hind-müsəlman qarşıdurmaları, milli-dini təmayüllü hərəkatlar və s. məsələlər əsərin vacib elmi-nəzəri metodunu təşkil edir.

Müəllif əsərdə Pakistanda Milli Dövlətçilik İnstitutunun formalaşması, meydana gəlməsinin inkişaf yollarını siyasi, hərbi-strateji kontekstdə göstərməyə nail olmuşdur. Əsərdə Pakistan Dövlətçilik İnstitutunun qurulması mexanizmində ictimai-siyasi xadimlər - Məhəmməd Əli Cinnah, Əllamə Məhəmməd İqbalın rolu, Müsəlman Liqasının fəaliyyəti elmi faktlar və əsaslı dəlillərlə göstərilmişdir.

Kitabı elmi və diplomatik-siyasi paradiqmal əhəmiyyətlidir. Belə ki, Pakistan dövlətinin etnik və mədəni-mənəvi quruluşunun tədqiqi, Pakistanda islami hərəkatlar və dini təriqətlərin motivasiyası, Pakistan dövlətçilik institutunda dinin rolu, dövlətin beynəlxalq və regional müstəvidə həyata keçirdiyi xarici siyasət və diplomatiya strategiyası, dövlətin dünya kontekstində ikitərəfli və çoxtərəfli əlaqələrinin elmi-nəzəri mətndə təhlilə gətirilməsi və s. amillər də bunu təsdiq edir. Müəllifin müxtəlif zamanlarda Pakistana aid yazdığı məqalələr, əsasən də, Azərbaycan-Pakistan əlaqələrinə dair tədqiq və təhlilləri kitabın elmi-tarixi və siyasi-diplomatik əhəmiyyətini göstərən əsas paradiqmadır.

XXI Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələri bu iki dövlətin və xalqlarının çoxtərəfli maraqlarının göstəricisidir. Dövlətlər arasındakı yüksək səviyyəli siyasi-diplomatik münasibətlər xalqlar arasındakı qarşılıqlı çoxşaxəli əlaqələrin də genişlənməsi zərurətinə stimul verir. Nəzərə yetirək ki, iki dövlətin mədəniyyət, elm və təhsil sahəsindəki əməkdaşlığı da bu amillər sırasındadır. Qarşılıqlı əlaqələrin inkişafında məhz Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də ciddi rol oynayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun xəttilə Pakistanda bir sıra mühüm layihələr həyata keçirilib, məktəblər təmir edilib, tibbi müəssisələrə tibbi avadanlıqlarla kömək göstərilibdir.

Sadalanan faktlardan göründüyü kimi, tarix elmləri doktoru, Fövqaladə və səlahiyyətli səfiri Eynulla Mədətlinin bu tədqiqatı gərgin elmi axtarışların, yaradıcı zəhmətin məhsulu olub, Azərbaycan-Pakistan əlaqələrinin inkişafında bir elmi dəstək olmaqla bahəm, həm də geosiyasi diplomatik tarixin öyrənilməsində vacib əhəmiyyətlidir, beynəlxalq münasibətlərin elmi tədqiqatlarında baza rolu daşıyır. Kitab diplomatik xidmət, elmi ictimaiyyət, beynəlxalq münasibətlər ixtisası və bütünlükdə oxucular üçün aktual əhəmiyyət kəsb edir. Uğurlar Sizə Cənab Səfir Alim!

 

 

 





27.06.2022    çap et  çap et