525.Az

ADMİU-da teatr bayramı - Şahanə Müşfiq yazır


 

ADMİU-da teatr bayramı - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Geridə qoyduğumuz iki il özünün çox qəribə və çərçivələrə sığmayan hadisələriylə əlamətdar oldu. Dünya bu iki ilin içərisində böyük bir pandemiyanı çox çətinliklə sığışdırdığı halda, biz xalq olaraq, pandemiyayla yanaşı, müharibə dövrünü də yaşadıq. Hazırda pandemiyanın yumşaldığı zamanda və postmüharibə dövründə bu iki dəhşətli hadisənin cəmiyyətimizdə, iqtisadiyyatımızda, düşüncəmizdə, mədəniyyətimizdə, təhsilimizdə qoyduğu izləri görməmək mümkün deyil. 

Fikrimcə, pandemiyadan ən çox zərər görən sahələrdən ikisi təhsil və mədəniyyət oldu. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) isə az sayda qurumlardan biridir ki, bu iki sahənin ikisini də özündə birləşdirir. Səhnəmizə aktyor, rejissor, müğənni, xanəndə hazırlayan bir təhsil ocağında təbii ki, tədris də daha çox praktiki xarakterdədir. 

Bu günlərdə bütün təhsil ocaqları kimi, ADMİU-da da imtahanların, məzunların həyəcanı yaşanmaqdadır. Xüsusən, IV kursu bitirən tələbələrimizin diplom imtahanı və məzuniyyət həyəcanlarını görməmək mümkün deyil. Başqa təhsil ocaqlarında tələbələr bir otaqda bilet çəkərək yazılı və şifahi imtahanlar verirsə, bizim tələbələrimiz öz tamaşalarıyla, çəkdikləri filmlərlə, konsertlərlə yekun imtahanlarını verirlər. 

ADMİU-da tələbə tamaşalarından adi və normal heçnə yoxdur. Demək olar ki, hər semestrin axırı, hansısa əlamətdar günlərdə və ya qastrollarda müxtəlif kurs tələbələrimiz tamaşalarla çıxış edirlər. Ancaq nəzərə alsaq ki, bu günlərdə göstərilən tamaşaların əksəriyyəti IV kursu bitirən, yəni peşəkar təhsilə yiyələnib bircə addımdan sonra sənətə atılmağa hazırlaşan yetkin tələbələrin yekun işləridir, onda ürək rahatlığıyla "ADMİU-da teatr bayramı" yaşanır deyə bilərik. 

Bəli, diplom tamaşalarını oynayan tələbələrimiz dünənin, bu günün qorxaq, məlumatsız gəncləri deyil, dörd il ərzində peşəkar müəllimlərdən, incəsənət xadimlərindən dərs alan, dəfələrlə ADMİU səhnəsində və qastrollarda tamaşalar oynayan, səhnənin, tamaşanın, seyrçinin nə olduğunu bilən gənclərdir. O gənclər ki, bəlkə 1-2 ay sonra onlardan çoxunun səsi respublikanın müxtəlif teatrlarından gələcək, seriallar, filmlər vasitəsiylə evlərimizə qonaq olacaqlar. Bu gün isə onlar doğma universitetlərinin səhnəsində son dəfə müəllimlərinin, tələbə yoldaşlarının qarşısında tamaşa oynayırlar. 

Yazımın əvvəlində heç də əbəs yerə pandemiyadan söz açmadım. Çünki bu gün univeristeti bitirən tələbələrimiz dörd ilin iki ilini pandemiya şəraitində onlayn təhsil alan gənclərdir. Bu durumun həm onlar, həm də müəllimləri üçün nə qədər çətin, xoşagəlməz olduğunu təxmin etmək heç də çətin deyil. Ancaq cari ay ərzində baxdığımız diplom tamaşaları onu da sübut etdi ki, peşəkarlıq hər zaman öz sözünü deyir. Aradakı iki illik itirilmiş zamana baxmadan, ADMİU-nun peşəkar pedaqoqları, səhnəmizin tanınmış sənət nümayəndələri böyük bir səylə bu açıqlığı qapada, həmin gəncləri uğurlu şəkildə yetişdirə biliblər.  

Bir neçə gün öncə Xalq artisti, ADMİU-nun professoru Bəsti Cəfərovanın kursu Eduardo de Filopponun "Silindr" tamaşası ilə universitetlə vidalaşdı. İtalyan neorealizminin ən parlaq nümayəndələrindən biri olan Eduardo de Filippo 55 pyesin müəllifidir. Azərbaycan teatrında isə onun "Silindr" pyesi daha çox tanınır. Aqostino və Bettino, Rita və Rodolfo qonşularının komik, məzəli, düşündürücü macərasından bəhs edən pyes mövzusuyla bütün dövrlər üçün aktualdır. Sevindirici haldır ki, istedadlı IV kurs tələbələrimiz bu tamaşanın öhdəsindən yüksək peşəkarlıqla gəldilər. 

Aktyor Ceyhun Dadaşov isə özünün IV kurs tələbələrinə tamamilə başqa, daha sirli, mürəkkəb, mistik bir əsər seçmişdi. Şekspirin "Maqbet" pyesi əsasında hazırlanmış "Ledi Maqbet" tamaşası aktyordan təkcə aktyorluq qabiliyyəti deyil, plastika, mistik cazibə, tamaşaçısından isə son dərəcə diqqət və yüksək hazırlıq tələb edirdi. Əlbəttə, özünəməxsus teatr düşüncəsi olan və bədii fəaliyyətində də hər zaman seçilən Ceyhun Dadaşovun bu cür ağır mövzuya müraciəti heç də təəccüblü deyil. Əsas olan odur ki, tələbələr öz gözəl ifalari ilə əsərin əsas ideyasını əks etdirə bildilər. 

Əməkdar artist Nofəl Vəliyev bu il iki qrupunu məzun edir. Onlardan biri "Teatr sənəti" fakültəsinin Aktyor sənəti ixtisasının, digəri isə SABAH qruplarının IV kurs tələbələri idilər. Nofəl müəllimin kurs rəhbəri olduğu Teatr sənəti fakültəsinin tələbələri çox gözəl, maraqlı bir tamaşayla universitetə "Əlvida" dedilər. Bu, məşhur dramaturq Martin MakDonaxın "Lineynin trilogiyası"na daxil olan 3 əsərindən biri - "Lineynin gözəllik kraliçası" pyesi əsasında hazırlanmış "Linen vilayətinin gözəllik kraliçası" tamaşası idi. Əsərdə Meq adlı 70 yaşlı xudbin və hiyləgər anasına qulluq edən 40 yaşlı, ərə getməmiş Morin Folan adlı qızın taleyindən danışılır. Olduqca mürəkkəb və ağır mövzuya malik əsər aktyordan həm də cəsarət, tabuları qıra bilmək bacarığı da tələb edir. Ümumiyyətlə, N.Vəliyevin tələbə tamaşalarının hamısında bu nüansı müşahidə etmək olar. O, tələbələrini təkcə klassik, ənənəvi teatr səhnəsinə hazırlamır, onlara ən müasir zamana xitab etməyi, səhnədə cəsarətli davranmağı və sənətinin ən incə mahiyyətinə qədər varmağı öyrədir. 

N.Vəliyevin "SABAH" qrupları IV kurs tələbələri isə Aleksandr Ostrovskinin "Tufan" tamaşası ilə diplomlarını müdafiə etdilər. Bu əsərdə ailədaxili münasibətlər, cəmiyyətdə əzilən qadınların bədbəxtliyi ən gözəl şəkildə əks olunub və tələbələr də bunu uğurla canlandıra bildilər. Sevindirici və qürurverici haldır ki, tələbələr bu tamaşanı yaxın günlərdə Türkiyədə keçirilən 34-cü Dənizli Beynəlxalq Teatr Festivalında da uğurla təqdim etmişdilər.

Əlbəttə, teatr səhnəsinə aktyor hazırlayan universitetdə musiqili teatr unudula bilməz. Diplom tamaşaları içərisində Əməkdar artist Şövqi Hüseynovun IV kurs tələbələrinin hazırladıqları Martin MakDonaxın "İnişmaandan gələn şikəst" əsəri bu baxımdan əlamətdardır. İki hissəli əsərdə bir şikəstin həyatı, cəmiyyətdə qarşılaşdığı çətinliklər öz əksini tapıb. Burada tələbələr seçdikləri teatr növünün xüsusiyyətlərinə sadiq qalaraq həm tamaşa oynayır, həm də mahnılar ifa edirdilər. İspan musiqiləri üzərində yazılmış mahnıların sözləri də elə tələbələrə, müəllimləri Şövqi Hüseynova aid idi. 

ADMİU Azərbaycan dili ilə yanaşı, həm də rus dilində təhsil verdiyindən, təbii ki, rusdilli məzunlarımız da var. Xalq artisti, professor Cənnət Səlimovanın kursu olan bu tələbələr universitetlə Anna Zabitenin "Marqarita" əsəriylə sağollaşdılar. Burada da həm Cənnət Səlimova fərqi, həm də tələbələrin istedadı özünü ən gözəl şəkildə göstərdi. 

Dərs ilinin son günlərini yaşadığımız bu zamanda baxdığımız diplom tamaşaları böyük səhnəyə yola saldığımız tələbələrin yüksək hazırlığını və pedaqoqlarımızın peşəkarlığını bir daha sübut etdi. Bəli, ADMİU rəhbərliyi və müəllimləri Azərbaycan incəsənətinə, mədəniyyətinə istedadlı, keyfiyyətli, bacarıqlı kadrlar hazırlamaq, gələcəyin böyük sənət adamlarını yetişdirməklə məşğuldur. Əsas odur ki, növbəti mərhələdə sənət və sənətçi diqqətdən kənarda qalmasın. Biz də bu gün bu universitetin hüdudlarını tərk edən tələbələrimizə seçdikləri sənətdə bolluca uğur və diqqətdən kənarda qalmamağı diləyirik. 


 

 





27.06.2022    çap et  çap et