525.Az

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan


 

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan<b style="color:red"></b>

Əziz oxucular!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

Raqub KƏRİMOV Filologiya üzrə elmlər doktoru, professor

 

 

Mir Mehdi Xəzani


Mir Mehdi Mir Haşım oğlu Xəzani 1811-ci ildə Zəngəzur mahalının Məmərli kəndində anadan olmuş, ilk təhsilini böyük qardaşı Mir Cəfərdən, sonra isə Zəngəzur mahalının adlı-sanlı ziyalısı Molla Zülfüqardan almışdı. Erkən yaşlarında atasını və özündən böyük ikinci qardaşını itirən Mir Mehdi ailənin maddi vəziyyəti ilə əlaqədar olaraq 1830-cu ildə Füzuli rayonunun Şıxımlı kəndinə, 1831-ci ildə isə Gəncəyə köçür. Orada pedaqoji fəaliyyətlə məşğul olan şair  rus dilini də öyrənir və Şıxımlıya qayıdaraq pedaqoji fəaliyyətini orada davam etdirir. Pedaqoq kimi böyük şöhrət qazanan şair 1859-cu ildə Qarabağın ən böyük kəndlərindən olan Tuğ kəndinin ağsaqqallarının dəvətini qəbul edərək oraya köçür və rus dilində yeni tipli məktəb açaraq ömrünün axırına kimi orada müəllimlik fəaliyyətini davam etdirir. Şair 1893-cü ildə vəfat edir və Tuğ kəndində dəfn olunur.   
Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ" adlı tarixi əsəri ona böyük şöhrət gətirib. Şairin 1980-ci illərdə tapılmış cüngündə, eləcə də AMEA ƏYİ-nin arxivində mühafizə olunan müxtəlif əlyazmalardan toplanmış şeirləri 2014-cü ildə nəşr olunaraq ədəbi ictimaiyyətə təqdim edilib (Raqub Kərimov. Mir Mehdi Xəzaninin həyat və yaradıcılığı. Əsərləri. Bakı, 2014). Şairin həyat yolu haqqında verilən məlumat və seçilmiş şeir nümunələri həmin əsərdən götürülüb. 
    
Qəzəllər

Mənim bu zar olan könlüm sevib, bir yarə aşiqdir,
Necə pərvaneyi-bidil yanar odlarə aşiqdir.

O zülfündən pərişanəm, ona peyvəstə heyranəm,
Demin təşbihi-Sənanəm, o da zünnarə aşiqdir.

Könül varlıq zamanından keçibdir malü canından,
Sənin ol xoş dəhanından çıxan göftarə aşiqdir.

Demin Məcnun olub rüsva, tutubdur daməni-səhra,
Həmişə zikr edər Leyla, qərəz, didarə aşiqdir.

Mən qılmın Züleyxanı, salıb gər Misrə qovğanı,
Sevib ol mahi-Kənanı, ona həmvarə aşiqdir.

Xəzani xəstəvü cahil, sevib bir yari- səngindil
Misali-rövnəqi-bülbül o, gülrüxsarə aşiqdir.
lll

Qədimi rəsmü adətdir ki, xadimlər xəta eylər,
Bu həm ayini-sultandır ki, əfv eylər, əta eylər.

Sala gər çahi-zindanə, aparsa ya ki, rizvanə
Kimin var etirazı, bir ümuri kim, Xuda eylər.

Dedim zülfə dəyər şanə ki, könlüm gəldi lərzanə,
Dedi məşşatədən sanma ki, bu kari səba eylər.

Əgər aşiq ola sadiq, budur şayəstə vü layiq
Ki, gər yetsə əli yarə, ona canın fəda eylər.

Cahanda hər iki həmdəm əgər yüz ittifaq olsa,
Bu çərxi-kəcmədar axir salar firqət, cüda eylər.
Şərafət malü dövlətdir ki, gər yoxsul bu dünyadə
Ola yüz mərifət kanı, ona kim etina eylər?

Kim istər izzətü rəfət, Xudadan həm dilər cənnət,
Xəzani xəstəyə hörmət edər, qərzin əda eylər.
lll
Alıbdır ləlin ətrafın məgər zülfi-dütadır bu?
Edər ya gənci-pünhanı siyanət, əjdahadır bu.

Baxanlar zülfi-pürçinə kim, salır rəxnələr dinə
Deyirlər hansı miskinə görən dami-bəladır bu?

Kuyini məskən eylərsən, könül, rizvanı neylərsən?
Zülfünə çin söylərsən, demə küfrü xətadır bu.

Ləbin ləlü gühər kanı, verir əmvatə əhyanı,
Görənlər neylər İsanı, əcəb möcüznümadır bu.

Xəzani, mən əzəl, əzhər mələkdir derdim ol dilbər,
Görənlər imdi söylərlər nüzul etmiş bəladır bu. 

Müxəmməs

Ey dil, xiyal eylə ki, yaxşı-yaman hanı?
Sal bir nəzər cahanə, gör əhli-cahan hanı?
Yarü rəfiq getdi hamı, bir qalan hanı?
Bunda həmişə rəxti-iqamət salan hanı?
Bax gör əcəl yetəndə canın qurtaran hanı?

Gəlmiş cahanə gör necə sahibcəmallar,
Siminüzarü gülruxü hurimisallar,
Hanı o xoş məqal, o əhli-kamallar,
Vardır könüldə gərçi qəmi-mülkü mallar,
Çoxdur xəyalın, ölümdən aman hanı?

Əvvəl bu fani mənzilə Adəm gəlib-gedib,
Çox ənbiya, rəsuli-mükərrəm gəlib-gedib,
Şahani-ruzigar dəmadəm gəlib-gedib,
Bizdən səvay gör neçə aləm gəlib-gedib,
Amma ki, çoxdu şüğl itirib-axtaran hanı?

Söylə bu çərxə: - Adəmü Həvvanı neylədin?
Nuhu Xəlilü Musavü İsanı neylədin?
Yəqubi-zarı, Yusifi-Kənanı neylədin?
Ey bivəfa, əsasi-Süleymanı neylədin?
Ol şövkətü cəlalü büsati-rəvan hanı?

Söylə, nə oldu hadisi-Cəmşidü Keyqubad?
Zöhhakü Ərdəşir, Firiduni-əhli-dad?
Cənnət binası qoydu o Şəddadi-bədnihad,
Axırda namurad gedib, bulmadı murad.
Bir namdır, qalıbdır olardan nişan hanı?

Çox pəhləvan cahanda urub küsü təbili-cəng,
Bəhramü Qəhrəmanü Gərşasibi-nəhəng,
Gudərzi Givü Zal, Fəramərz, həm Pişəng,
Rüstəm ki, tab etməz ona bəbrü həm pələng,
Ol şiri-namdır Cahan pəhləvan hanı?

Qoşma

Bir şuxi-dildarə aşiq olalı,
Leylü nəhar işim əfğan olubdur.
Gecə-gündüz ağlamaqdan hicrində
Didələrim bəhri-ümman olubdur.

Bu künci-firqətdə halım bilən yox,
Ağlayanda əşki-çeşmim silən yox,
Ol yarın kuyinə gedib-gələn yox,
Taki deyə dərdim tüğyan olubdur.

Keçib şamım, tar olubdur məhfilim,
Pozulub gülzarım, gülməz bülbülüm,
Ol Yusifin fərağında mənzilim
Yəqubtək beytüləhzən olubdur.

Cananım, eşqində keçmişəm candan,
Həm malü mülkdən, həm xanımandan.
Bu şikəstə cismim nari-hicrandan
Yanıb pərvanətək suzan olubdur.


Bir tiri-müjganə aşiqəm, vəli
Eyb olmaz desələr olubdur dəli.
O qaşı hilaldan ayrı düşəli
Əlif təki qəddim kəman olubdur.

Ta görəndən bəri zülfi-reyhanı,
Bağlamışam ona dinü imanı,
İntəha deyəllər miskin Xəzani
Sevibdir zünnarı, Sənan olubdur.
                         
Gəraylı

Çox aşiq yetdi cananə,
Elə sərgərdan mən oldum.
Hamı kəs oldu xatircəm,
Genə pərişan mən oldum.

Şəmə yetişdi pərvanə,
Bülbül dəxi gülüstanə.
Hanı mənimtək divanə,
Bisərü saman mən oldum.

Məcnun görmüşdü Leylanı,
Vamiq üzari-Əzranı.
Bir dəm cəmali-cananı
Görməyib nalan mən oldum.

Mən kimi yoxdur avarə,
Zülf ucundan günü qarə.
Ey Xəzani, yalavlarə
Yandıran hicran mən oldum.
                   
Bayatılar

Oleydi tayca malın,
Soltanca, bayca malın.
Aya göz necə baxsın,
Görməsə ay camalın.

Aşiqəm gecə məndə,
Dərd məndə, gecə məndə.
Tiflintək ağlar aşiq
Ləbindən gec əməndə.

Aşiqəm yarə mən də,
Sızıldar yarə məndə.
Ölər olsam dirilləm
Ləbindən, yar, əməndə.

Yanan çıraq piysüzdür,
Rəqib, üzün pis yüzdür.
Aşiq der bu fənada
Yaxşı birdir, pis yüzdür.
    
Mən aşiq qar qalandı,
Qar yağdı, qar qalandı,
Qarğalar laçın oldu.
Laçınlar qarğalandı.
    
Bostan əkdim xiyarsız,
Gəlib dərmədim yarsız.
Yatdım yuxuda gördüm,
Oyandım ixtiyarsız.

 





27.06.2022    çap et  çap et