525.Az

Uşaq kitabxanası Nağıl Festivalında iştirak edib


 

Uşaq kitabxanası Nağıl Festivalında iştirak edib<b style="color:red"></b>

17-26 iyun tarixlərində  Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı, UNESCO-nun Türkiyə üzrə Milli Kömitəsi, Türksoyun dəstəyi ilə Türkiyənin Bursa şəhərində təşkil olunan “Əvvəl Zamanı” Nağıl Festivalında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova  və kitabxananın elmi işlər üzrə direktor müavini Əməkdar Mədəniyyət işçisi Zahira Dadaşova iştirak ediblər.

525.az xəbər verir ki, keçirilən nağıl festivalında həmçinin Kazaxıstan, İran və Türkiyənin digər bölgələrindən  qonaqlar və nağılçılar iştirak  ediblər. Festival çərçivəsində qədim  Bursa şəhərinin 10 fərqli məkanında (parklarda, muzeylərdə, açıq havada) 32 nağılçı tərəfindən 100 nağıl 7-dən 70-ə  təqdim edildi.

Keçirilən festivalın əsas məqsədi uşaqlara əyləncəli və özünəməxsus üsulda müxtəlif məkanlarda nağılçılar tərəfindən  nağılların təqdim edilməsidir.

Festival  günlərində  Respublika Uşaq Kitabxanasının nümayəndə heyəti Bursa şəhəri Gazzeli Ahmed Əfəndi Mədəniyyət Mərkəzində, Alipaşa Oyuncaq Kitabxanasında, Lala Şahin Paşa Cocuk kitabxanasında, İnəbəy Əlyazmaları Kitabxanasında oldular və kitabxana ilə yaxından tanış olduqdan sonra hər bir kitabxanaya Azərbaycan xalq nağılları kitabını və “Göyqurşağı” uşaq jurnalını hədiyyə etdilər.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təqdim olunan nağıl, dastan və əfsanələr izləyicilər tərəfindən  maraqla qarşılandı. Nağıl, dastan və əfsanələrin fərqli məzmununa görə  Respublika Uşaq Kitabxanasının Direktoru Şəhla Qəmbərovaya və direktor müavini Zahira Dadaşovaya TÜRKSOY-un xüsusi təşəkkür lövhəsi təqdim edildi.


           

 





27.06.2022    çap et  çap et