525.Az

ANAMA uşaqlar üçün maarifləndirici ekskursiya təşkil edib


 

ANAMA uşaqlar üçün maarifləndirici ekskursiya təşkil edib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Füzuli rayon Kərimbəyli kənd məktəbinin müraciəti əsasında şagirdlər üçün partlayıcı sursat təhlükəsinə dair ANAMA-nın Horadiz Regional Mərkəzinə maarifləndirici ekskursiya təşkil edib.

525.az xəbər verir ki, ekskursiyada ibtidai sinif daxil olmaqla, 6 və 11-ci sinif şagirdləri və müəllim heyəti iştirak edib. Tədbirin keçirilməsində məqsəd müharibəyə məruz qalmış rayonlarda yaşayan şagird və müəllimləri partlayıcı qurğuların təhlükəsi barədə məlumatlandırmaqdır.

Mina və partlayıcı qurğuların vizual olaraq tanınması məqsədilə sursat maketlərindən ibarət sərgi yaradılaraq, onların təhlükəsi, yarada biləcəyi xəsarətlər barədə təsəvvür yaradılıb, düşmən tərəfindən quraşdırılan tələ minalar, insanları əsasən də uşaq və gəncləri cəlb etmək üçün oyuncaq və ya fərqli görünüşdə hazırlanan əldədüzəlmə partlayıcı qurğular haqda məlumat verilib.

Horadiz Mərkəzinə səfər edən şagirdlər əyani olaraq minaaxtaranın fərdi qoruyucu geyimi, istifadə etdiyi alət və avadanlıqlar, mexaniki minatəmizləmə maşınlarının iş prinsipi ilə tanış olublar.

Minaaxtaranların dörd-ayaqlı dostları olan xüsusi təlim keçmiş itlərin saxlanma şəraiti, oyun meydançası, təmizləmə əməliyyatlarına verdiyi dəstək, onların bələdçiləri ilə ünsiyyəti şagirdlərin xüsusi marağına səbəb olub.

Mina və partlayıcı sursat təhlükəsinə dair maarifləndirmə biliklərinə yiyələnən şagirdlər əldə etdikləri bilikləri valideynləri və öz həmyaşıdları ilə də bölüşərək, maarifləndirmə təbliğatına dəstək olacaq və bununla da mina təhlükəsi riskinin azaldılması, vətəndaşlarımızın minadan zərərçəkmə hallarının qarşısının alınmasında öz töhvəsini verəcək.

 





28.06.2022    çap et  çap et