525.Az

"Paşinyan sərsəm fikirlərdənsə, öz öhdəliklərini yerinə yetirsin" 


 

"Paşinyan sərsəm fikirlərdənsə, öz öhdəliklərini yerinə yetirsin" <b style="color:red"></b>

İkinci Qarabağ müharibəsində böyük zəfərə imza atmış Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasına hazır olması ilə bağlı öz mövqeyini ortaya qoyub.

Regionda əmin-amanlığın, təhlükəsizliyin bərqərar olması, inkişaf üçün sülh quruculuğu vacib rol oynayır. Azərbaycan keçmişdəki hadisələrə, problemlərinə baxmayaraq Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Ermənistan isə sözdə sülhdən danışsa da, prosesi müxtəlif bəhanələrlə əngəlləyir, bununla da həm Moskva, həm də Brüsselin vasitəçiliyi ilə üzərinə götürdüyü öhdəlikləri pozur. Bu ölkənin baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham edib. O bildirib ki, Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi haqda rəy yaratmaqla Azərbaycan yeni müharibəyə legitimlik qazandırmağa çalışır. Paşinyan delimitasiya və demarkasiya, kommunikasiyalarla bağlı iclasların təxirə salınmasında da Azərbaycanı ittiham edib. 

Məlumdur ki, sülh prosesini pozan, danışıqları uzadan tərəf məhz Ermənistandır. Paşinyanın bu iddiaları irəli sürməsi prosesin əngəllənməsi məqsədini daşıyır? Ümumiyyətlə, Ermənistan lideri sülhdə maraqlıdır? 

Politoloq Qabil Hüseynli "525"ə bildirib ki, Nikol Paşinyanın həmişə olduğu kimi sonuncu bəyanatları da səmimiyyətdən uzaqdır: "Hələ mən yumşaq formada dedim. Paşinyan erməni bicliyi ilə danışır desəm, yanılmaram. Sanki Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş razılaşmaları pozan Paşinyan deyil, Azərbaycan tərəfidir. Sanki Moskvaya çağrılıb tənbeh edilən və sülh danışıqları prosesini yubadan, daim kənardan təlimatlarla işləyən Paşinyan deyil, başqa bir tərəfdir. Azərbaycanın müharibəyə hazırlaşması iddiası qeyri-ciddi ifadədir. Bəli, biz hərbi yolu, müharibə istəmirik, amma hərbə də, müharibəyə də həmişə hazırıq. Prezident İlham Əliyev Kəlbəcərdə yeni yaradılan komando hərbi hissəsinin açılış mərasimində söylədi ki, ordumuz 44 günlük müharibə dövründə olduğundan daha güclüdür, orduya ayrılan vəsait artırılır, yeni silahlar, texnikalar  almaqda davam edirik, bu, bizim yerləşdiyimiz bölgənin xüsusiyyətlərindən irəli gəlir. Biz Ermənistana qarşı müharibə hazırlamırıq, Ermənistanı 2020-ci ilin 44 günlük müharibəsi dövründə kapitulyasiyaya məcbur edildikdən sonra öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırq. Həmin öhdəliklər arasında həm Avropa İttifaqının köməyi ilə, müəyyən mənada Rusiyanın da prosesə moderatorluq etməsi ilə razılaşdırılmış məqamlar az deyil. Kommunikasiyalar açılmalı idi, buna əngəllər törədirlər, sərhədlərin delimitasiyası ilə bağlı İşçi Qrup yaradıldı və may ayında Azərbaycan-Ermənistan sərhədinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində bir görüş keçirildi, sonrakı iclasları pozan İrəvan oldu. Azərbaycanı burada günahlandırmağa heç bir əsas yoxdur. Prosesi əngəlləyən tərəfin Ermənistan olduğuna heç bir şübhə yoxdur".

Politoloq deyb ki, sülh sazişinin üzərində işləmək üçün İşçi Qrupun yaradılması barədə razılaşma var: "Amma İşçi Qrup yaradılmır. Azərbaycan tərəfi öz İşçi Qrupunun tərkibini çoxdan müəyyən edib. Ermənistan da isə bu istiqamətdə addımlar atılmır. Yəni üzünü hansı tərəfə çevirsən, orada bir erməni bicliyi, erməni qeyri-səmimiliyi, sülhyaratma prosesini pozmaq cəhdlərinin şahidi olursan. Bunu edən isə müharibədə məğlub olmuş, kapitulyasiyanı qəbul etmiş və Azərbaycan tərəfinin bütün şərtlərini yerinə yetirəcəyinə söz vermiş Ermənistandır. Biz Ermənistan ərazisinə bir güllə belə atmamışıq. Müharibə Azərbaycan ərazisində gedib. Darmadağın edilən, minalar döşənən, fauna və florası məhv edilən, insanların min bir əziyyətlə tikib qurduğu əmlakı, sərvətləri, barbarcasına talan edilən ərazilər Azərbaycanın əraziləridir. Onların Azərbaycana qarşı irəli sürdükləri hansısa iddianın heç bir əsası yoxdur. Çünki bu 30 illik işğal prosesindən əziyyət çəkən, həm mənəvi, həm maddi baxımdan böyük itkilər verən Azərbaycan dövləti və xalqıdır. İndi onların kimlərisə qınamaq istəyi çox gülünc görünür, bununla kimdənsə nəsə umurlarsa, yanılırlar. Bütün dünyadan dəvət olunan müxtəlif sahələri təmsil edən şəxslər, rəsmilər  Qarabağda onların törətdikləri vəhşilikləri, barbarlığı görüb və bundan heyrətləniblər.

Paşinyan sərsəm fikirlər səsləndirməkdənsə, öz öhdəliklərini yerinə yetirsin. Azərbaycan ərazilərini hələ tam tərk etməyiblər, Laçın, Zabux qalır, ərazi bütövlüyümüzün tanınması haqqında rəsmi açıqlama verməyiblər, sülh danışıqları prosesini irəliyə aparmaq üçün hər hansı bir təşəbbüs irəli sürmürlər. Azərbaycan isə sizi hər zaman sülhə, bölgədə əmin-amanlığın yaradılmasına dəvət edir. Ermənistan bundan qaçmaqla məşğuldur. İndi Azərbaycanı nədəsə ittiham etmək gülüncdür, bunun başqa adı yoxdur".
PƏRVANƏ
 

 





29.06.2022    çap et  çap et