525.Az

Şəhid Ceyhun dastanına göz yaşım - söz yağışım


 

Şəhid Ceyhun dastanına göz yaşım - söz yağışım<b style="color:red"></b>

Ceyhun Şalıyev Qarabağ torpaqlarımız uğrunda - II Qarabağ müharibəsində Şəhid olan 3000 igid oğlumuzdan - qardaşımızdan biridir. Torpaqlarımızın işğal altında qalmasına dözməyən minlərlə igidimizdən, səfərbərlik elan edilən günü cəbhəyə yollanan gənclərimizdən biri idi. Müharibəyə gedən ölümü gözünə alıb gedir: "ya Qazi, ya da Şəhid olacam. Namusla, şərəflə vuruşacam" - deyə and içən oğullardan biri olub.  

Uca Allah onun qismətinə 26 yaşında Şəhidlik taxtı yazdı. Cəbhəyə gedəndən 3 gün sonra (27 sentyabr - 01 oktyabr) Şəhidlik şərbətini başına çəkdi, 44 gün Qarabağ səmasında dolandı və sonra üz tutdu gəldiyi göylərə.

Atası Şalıyev Nüsrət I Qarabağ müharibəsinin iştirakçısı olub. O zaman əliyalın Ordumuz bir şey edə bilmədi və aradan 30 il sonra II Qarabağ Müharibəsində torpaqlarımızı məhz həmin ataların oğulları işğaldan azad etdilər - qanları, canları bahasına, haqqınız ödənməz, əziz ceyhunlar.
Ceyhunun tərcümeyi-halına nəzər salıram: orta məktəbi əla qiymətlərlə bitirib, ali təhsil alıb, gözəl rəssamlıq qabiliyyəti varmış, bacarıqlı idmançı olub ...  Bir sözlə, zəkası, biliyi ilə hamının qibtə etdiyi, fərəh duyduğu oğul olub. Bütün ömürlüyü bu kitabda səhifələnib. Tanış olduqca qürurlanacaqsınız ki, bəli, torpaqlarımızı düşmən tapdağında məhz belə oğullar azad edə bilərdi.

Qarşınızdakı bu kitab Ceyhunun Anasının - Sədaqət xanımın dili ilə yazılıb. Xalası Rəna müəllimə yazıb. Başdan ayağa ağıdır, fəryaddır, hıçqırıqdır, nalədir, göz yaşı, dünyaya üsyandır. Ceyhunun  keçdiyi həyat yolunu,  Vətən məhəbbətini, sevdalı günlərini, dost-yoldaş arasındakı hörmətini, ləyaqətini, etibarını, ata-ana sevgisini, xalaya-dayıya olan mehr-məhəbbətini muncuq kimi sözə düzüb. Düzü birnəfəsə oxumaq olmur, 200 səhifəlik dərddən naxışlanmış essedir: yaralı, bayatı düzümlü. Mərsiyyənin nəzmlə yazıldığını bilirdim, amma onun nəsrlə yazıldığını ilk dəfə Rəna xanımın bu nakam taleyə həsr etdiyi yazısında - kitabında gördüm. Esse də demək olar, amma yox, ağıdır, mərsiyyədir. Müəllifin - "Bu dərd yatdım, durdum, ağacdan başıma alma düşdü və qeybdən ağlıma fikir gəldi kimi bir şey deyil. Yazdığım hekayəni yaşadım, sonra yazmaq qərarına gəldim" - bu cümləsinə ağlımın, ürəyimin harasındasa yer etmək istədim, tapa bilmədim: Rəna xanım, sizin böyük qəlbiniz, qoymağa yer tapmadığınız ürəyiniz məni heyrət içində qoyub. Nə ağır karvana sarbanlığı boynunuza çəkmisiniz. Bir ömür boyu sizi tərk etməyəcək bir sızıltının, odun-alovun içinə atmısınız özünüzü. Dərdə bu qədər şəriklik çox ağırdır, 32 ildir mən də belə bir yükün altındayam. O dərd yükünün səndən qopmağına da qıymırsan.

Rəna xanım ailələrinin Ceyhun ağrısını ona görə anasının dili ilə yazıb ki, ana bəlkə bir hovur sakitləşə, Ceyhun dərdinin daha dərd yox, tarix olduğuna toxtaqlana, əgər mümkünsə, bəlkə, zaman hər şeyə məlhəmdir.

Əziz Ceyhun, Ana torpağın qoynunda rahat uyu, sən bu xalqın, türk qövmünün qəlbində, ruhunda əbədi yaşayacaqsan, sən ölməzlərdənsən, And yerimizsən. 

Ülvilər sırasındakı ruhun mübarək, ölməz Ceyhun!

Almaz ÜLVİ 
Filologiya elmləri doktoru

 

 





29.06.2022    çap et  çap et